Kreml üçün “bumeranq” vəziyyət: ABŞ, Avropa və Çin Rusiyanı bölüşdürəcək
Bizi izləyin

Dünya

Kreml üçün “bumeranq” vəziyyət: ABŞ, Avropa və Çin Rusiyanı bölüşdürəcək

Kreml üçün “bumeranq” vəziyyət: ABŞ, Avropa və Çin Rusiyanı bölüşdürəcək

Bu gün Moskva və Pekin Rusiya təbii qazının Çinə çatdırılması ilə bağlı 30 illik müqavilə imzaladı. Müqavilə illik 38 milyard kubmetr qazın Çinə çatdırılmasını nəzərdə tutur. Rusiya Federasiyası prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin “başqa dövlətlərin daxili işlərinə müdaxiləyə” mane olmaq həmrəyliyini ifadə etdilər. Bütün bunlar Pekin-Moskva ittifaqından xəbər verirmi?

Publika.az – ın verdiyi xəbərə görə, Ukraynanın məşhur gordonua.com saytı Pekin-Moskva əməkdaşlığı barədə ekspertlərin fikirlərini öyrənib və onlara belə bir sual ünvanlayıb: Ukrayna ilə Qərbə qarşı Çinlə Rusiya birləşəcəkmi və Putinin-Si Cinpin razılaşması ruslar və ukraynalılar üçün hansı nəticələr verəcək?

Vitali Portnikov - ukraynalı jurnalist və publisist. Onun sözlərinə görə, Rusiyanın Çinlə antiqərb ittifaqı qurmaq istiqamətində indiyə kimi göstərdiyi bütün cəhdlər uğursuzluğa düçar olub. Ukraynalı publisist hesab edir ki, Çin Rusiyanın zəifləməsində maraqlıdır:

“Düşünmürəm ki, Putin Çinə səfər edərək qarşısına Qərbə və Ukraynaya qarşı hər hansı bir koalisiyanın yaradılmasını qoyub. Rusiyanın siyasi rəhbərliyi Çin və Qərbin, Çin və ABŞ-ın qarşılıqlı iqtisadi asılılığını anlamamış deyil. Çin iqtisadiyyatı istehlak mallarının istehsalından asılıdır. Bu məhsulların alıcıları isə Qərbdədir. Müasir dünyada Çin ABŞ və Qərbin kiçik partnyorudur. Çin üçün qarşıdurma sadəcə olaraq əlverişsizdir.

Əlbəttə, Çin elə bir dövlət deyil ki, kiməsə qarşı ərazi iddiaları ilə çıxış etsin. Amma bu dövlət təsir sahəsinin genişləndirilməsində maraqlıdır. Pekinin təsir sahəsi isə yalnız Rusiyanın zəifləməsi halında yaranacaq. Və bu baxımdan Pekin Rusiyanın zəifləməsində ABŞ və Avropa Birliyindən daha çox maraqlıdır”.

Taras Çornovil - Regionlar Partiyasından sabiq deputatı. Sabiq ukraynalı deputat hesab edir ki, Amerikaya qarşı Çinlə birləşmək sadəcə dəlilikdir:

“Çinlilər onillikləri gözləyəcək ki, Rusiya dağılmağa başlasın və bütün Sibiri ələ keçirsin. Putinin Avropadakı partnyorları itirdikdən sonra Çin Rusiyaya yuxarıdan aşağıya baxa və güc mövqeyindən çıxış edə bilər. Putin göstərməyə çalışır ki, Rusiya Avropasız da ayaq üstündə dayanacaq. Amma Çin dünya səhnəsində Rusiyadan daha ciddi və strateji oyunçudur. Çinlilər Rusiyaya qarşı nümayişkaranə şəkildə oynadılar və göstərdilər ki, Asiya yalnız bir dövlət var və bu dövlət Rusiya deyil.

Amerikaya qarşı Rusiyanın Çinlə birləşməsi imkanlarını axtarmaq sadəcə dəlilikdir. Amerika ilə Çin elə qarşılıqlı əlaqələr qurub ki, bu dövlətə qarşı oynamaq mümkün deyil. Çin artıq bu gün ABŞ iqtisadiyyatının faktiki sponsorudur, bu kapital bazarında trilyonlarla Amerika dolları dövr edir”.

Aleksandr Suşko - Avroatlantik Əməkdaşlıq İnstitutunun elmi direktoru. Onun sözlərinə görə, keçmişdə Çin həmişə Rusiyanın fikrinə qulaq asmasına baxmayaraq, artıq indi Çin-Rusiya əməkdaşlığının sərhədləri kifayət qədər aydın cızılıb: “Çin özünü beynəlxalq hüququn pozulmasından narahat olan tərəf kimi göstərir. Amma Rusiya dünyanı hadisələrin məhz bu cür inkişafına itələyir. Buna görə də Çin Rusiya ilə həmrəy deyil, amma eyni zamanda ABŞ-la da həmrəy deyil. Bunun nəticəsidir ki, Pekin Ukraynaya birmənalı dəstək vermək istəmir”.

Boris Nemtsov - Rusiya müxalifəti Koordinasiya Şurasının üzvü, 1997-1998-ci ilər Rusiya baş nazirinin müavini. B.Nemtsov bildirir ki, Çin Ukraynada Putini dəstəkləməyəcək, həm də həmişəki kimi açıq şəkildə ona qarşı çıxmayacaq:

“Çində antiukrayna razılaşması olmadı. Hərçənd Putin Çinin dəstəyini almağa çalışırdı. Putin çinliləri Moskva metrosunun tikintisinə, kömürün yataqlarının işlədilməsinə və Kerç körpüsünün inşasına cəlb etməyə çalışır. Ancaq düşünürəm ki, Çin şirkətləri xüsusilə son təklifə çox ehtiyatlı yanaşacaqlar. Çünki, sanksiyalardan qorxacaqlar. Düşünürəm ki, Putin dəstək almaq istəsə də alınmadı.

Putin Çinlə apardığı danışıqlarda əsas mövzu qaz idi. Bütün digər sözlər qarşılıqlı nəzakət naminə deyilən aforizmlərdir. Ukrayna və Qərb indiki halda heç nə itirmədi”.

Erik Nayman - “Capital Times” investor kampaniyasının partnyoru, iqtisadçı. “Çin Ukraynaya görə ABŞ və Avropa Birliyi ilə qarşı-qarşıya gəlməyəcək. Çünki, Çin məhsullarının satışı bu bazarlardan çox asılıdır. Əksinə, çox ehtimal ki, ABŞ və Avropa Rusiyanın bölüşdürülməsi haqqında Çinlə razılaşacaq”, - iqtisadçı deyir.

E.Nayman deyir ki, Putin ümidsiz şəkildə özünə müttəfiqlər axtarır:

“BMT-dəki səsvermə zamanı Çinin neytral mövqe nümayiş etdirməsi də göstərdi ki, Çin razılaşma üçün pəncərəni açıq saxlayır. Ancaq Rusiya Çin üçün gələcəkdə yalnız xammal əlavəsi və hansısa bir geosiyasi təsirin yayılması arealı olacaq. Bu cür razılaşmalar Putinə daha lazımdır, nəinki Çinə”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm