Suriya xalqı niyə Əsədi dəstəklədi?
Bizi izləyin

Dünya

Suriya xalqı niyə Əsədi dəstəklədi?

Suriya xalqı niyə Əsədi dəstəklədi?

ABŞ Dövlət Departamentinin sözçüsü Meri Harf dünən Suriyada keçirilən prezident seçkisini “biabırçılıq” adlandırıb.

Meri Harf bu gün mətbuat konfransı keçirib. Harf konfransda Suriya məsələsinə də toxunub. O, azad cəmiyyətin olmadığı bir ölkədə seçki keçirməyin ağlasığmaz bir hərəkət olduğunu deyib: “Həqiqətlərdən uzaqlaşmış və siyasi inkişafdan uzaq olan Əsəd rejiminin təşkil etdiyi seçki suriyalıların barış və rifah istəklərini yerinə yetirməyən, siyasi fərqlilikləri zorakılıqla əzən sülalənin 40 illik mirasının davamıdır”.

Görəsən, İSİD və digər terrorçu qruplara hərtərəfli dəstək verən ABŞ bilmirmi ki, Əsəd rejimi getsə, Suriyada dəhşətli soyqırım baş verər? Əlbəttə ki, bilir. Sadəcə, Amerika həmişə proseslərə öz mənafeyindən yanaşır, bu yanaşma ədalətli ola da bilər, olmaya da. Əslində, söhbət Əsədin qələbəsi ilə bağlı deyil. Əsədin devriləcəyi halda nə ola bilər? Maraqlı olan bax budur.

Fransız kəşfiyyatçısının analizi

Suriya üzrə fransız kəşfiyyatının əsas mütəxəssislərindən biri Alen Şuenin açıqlamalarına görə, Əsəd rejiminin devrilməsi ölkədə əsl fəlakət yarada bilər. Əvvəla, Əsəd rejimi avtoritar olsa da, burada hakimiyyət Tunisdə, Misirdə, Liviyada, İraqda olduğu kimi, bir adamın, yaxud bir ailənin əlində cəmləşməyib. Mürəkkəb Əsəd hökuməti aysberqin görünən hissəsidir. Onun gedişi ölkədəki qüvvələr balansını dəyişməyəcək. Nəzərə almaq lazımdır ki, Əsədin arxasına hakimiyyətə tam dəstək verən, onu əldən verməmək üçün ölüm-dirim savaşına hazır olan 2 milyonluq ələvi icması var. Onların savaşa hazır olmasının da ciddi səbəbləri mövcuddur. Ümumiyyətlə, gəlin ələvilərin kim olduqlarına baxaq.

Ələvi faktoru

Ələvilikdə dəstəmaz, namaz, oruc kimi ibadətlər var. Amma onlar bildiyimiz İslam rituallarından bir qədər fərqlidir.

Qeyd edək ki, son dövrlərdə çoxları ələvilik təriqətini İslamın şiə-cəfəri məzhəbi ilə qarışdırır. Bir İslam təriqəti olan ələvilik sufi-təsəvvüf görüşü üzərində qurulub. Bu gün ayrı-ayrı cərəyanlar kimi təqdim olunan bəktaşilik də ələviliyin bir qoludur. Artıq müasir ələvilər son bir neçə yüz ildə Türkiyədə iki cərəyana bölünən ələvi-bəktaşi görüşlərini birləşdirir. Qızılbaşlığın özü də ələviliyin orta əsrlərdə geniş yayılmış qolu olub bu gün ələviliklə birləşir. Bu təriqət Türkiyə ilə yanaşı, bir sıra ərəb ölkələrində də geniş yayılıb. Suriyanın hazırkı prezidenti Bəşər Əsədin ailəsi ələvi təriqətinə mənsubdur. Ümumiyyətlə, Suriya dövlət başçısının ata-baba yurdu olan Laziqiyyə, Tartus və Hələb şəhərlərində ələvilik geniş yayılıb.

Ələvilikdə iki növ dəstəmaz var və “zahiri dəstəmaz” deyilən yuyunma Quran ayələri əsasında həyata keçirilir. Ələvilərin ibadəti namaz, niyaz və duadan ibarətdir. Namaz gündə üç dəfə – gün çıxanda, günorta və günəş batanda qılınır. Bu ayin İslamda buyurulan namazdan tamamilə fərqlənir. Ələvi “niyaz”ı isə Quranda qeyd olunan səcdəyə dayanan ibadətdir. Ələvilər məsciddə deyil, “cəm evləri”ndə toplaşaraq toplu halında “niyaz” edirlər. Ələvilikdə qiblə insanın camalıdır. Cəm halda toplanan ələvilər musiqi alətlərinin (xüsusən sazın) müşayiəti ilə “həlqə namazı” deyilən və əyilib-durmalarla müşayiət olunan namaz qılırlar. Bu zaman ələvilər “Allah, Allah!” deyə hayqırırlar.



İbn Teymiyyənin fətvası



Səmavi dinlərdə mürtədlik cinayət hesab olunur. Sünni məzhəbinin daşıyıcıları isə ələviləri müxtəlif cərəyanlar arasında ən mürtədi adlandırırlar. Hələ XV əsrdə vəhhabi cərəyanının əsasını qoyan ələvilərin ucdantutma məhv edilməsi barədə fətva olub. Söhbət ondan gedir ki, İbn Teymiyyənin fətvası indiki zamanda da sələfilər, vəhhabilər, “Müsəlman qardaşlar” tərəfindən şübhə altına alınmır. Misirdə olduğu kimi, Suriyada da sələfilərin hakimiyyətə yiyələnməsinin hansı nəticələr doğuracağını təxmin etmək çətin deyil.

Digər tərəfdən, 1966-ci ilədək Suriya sünnilər tərəfindən idarə olunub. Həmin vaxtlarda sünni burjuaziyası ələvilərin gənc qız və oğlanlarını qul kimi alıb satırdılar. Ələvilər ancaq qara işlərlə məşğul olurdular. İş o yerə çatmışdı ki, sünni ərəblər uşaqlarını orduya göndərməyi özlərinə sığışdırmırdılar. Orduya əsasən ələvilər, ismaililər, xristianlar, druzlar çağırılırdı.


Kasıb və incidilən zümrənin əlinə silah verirsənsə, o, bundan mütləq istifadə edəcək. Belə də oldu. Ən kasıb ələvi ailəsində çıxan Hafiz Əsəd ötən əsrin 70-ci illərində əvvəlcə Hərbi Hava Qüvvələrinin komandanı, daha sonra müdafiə naziri oldu. Sonra digər milli azlıqlar – xristianlar və druzlarla ittifaq quraraq hakimiyyətə yiyələnib, ələvilərin revanşını aldı və tədricən ölkədəki siyasi və iqtisadi rıçaqları azlıqlara verdi.


Amma sələfilər də borclu qalmırdı. 1980-ci ildə “Müsəlman qardaşları”nın üzvləri hərbi məktəblərdən birinə daxil olaraq sünniləri ələvilərdən ayırdılar. İbn Teymiyyənin fətvasını yerinə yetirən terrorçular 80 ələvi kadeti güllələdilər. Bunun cavabında indiki prezident Bəşər Əsədin əmisi 1982-ci ildə Həma şəhərində sələfilərin düşərgəsini məhv etdi. Minlərlə insan həlak oldu. O vaxtdan indiyədək ölkədə zaman-zaman dini zəmində toqquşmalar olur. Odur ki, həm 2 milyonluq ələvi icması, həm də digər azlıqlar həmişə Suriyada sələfi reformatorun hakimiyyətə gəlməsinə qarşı çıxacaqlar. Ölüm-dirim savaşı bahasına da olsa…


İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm