Kim qazanacaq, yaxud Ərdoğan Demirtaş üçün nəyi arzulayacaq? – Təhlil
Bizi izləyin

Dünya

Kim qazanacaq, yaxud Ərdoğan Demirtaş üçün nəyi arzulayacaq? – Təhlil

Türkiyə 10 avqust tarixində 12-ci prezidentini seçəcək. Bu seçkilərin özəlliyi isə odur ki, Türkiyə tarixində prezident ilk dəfə xalq səsverməsi ilə bəlli olacaq. Avqustun 28-də səlahiyyət müddəti bitən Abdullah Gülün kreslosuna isə üç şəxs – hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan, İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmeleddin İhsanoğlu və Xalqların Demokratik Partiyasının həmsədri Səlahəddin Demirtaş namizəddir.

Publika.az-ın verdiyi xəbərə görə, Türkiyə Beynəlxalq Siyasət Akademiyası Türkiyə prezidentliyə namizədləri mənfi və müsbət istiqamətləri ilə verməyə çalışıb. Həmin yazını təqdim edirik.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə siyasətinə İstanbul Böyükşəhər Bələdiyyə başçısı seçildiyi 1994-cü ildən damğasını vurmağa başlayan Ərdoğan 2003-cü ildən sonra gücünü getdikcə artırdı. 1954-cü il təvəllüdlü təcrübəli siyasətçi son dövrlər Avropadakı Sarkozi və Berluskoni kimi sağçı liderlərə qarşı irəli sürülən “sui-istifadə” ittihamlarının bənzəri ilə qarşılaşmasına baxmayaraq, seçkilərə mütləq favorit olaraq gedir. Zaman-zaman islamçı ideologiyanın qarşısına keçən, aqresiv üslubu və son illərdə avtoritarlığa meyil edən siyasi xətti ilə Türkiyədə islamçı sağ təbəqənin çox sevdiyi və sanki “qəhrəman” mərtəbəsinə qaldırılan Ərdoğan özünə və ailəsinə yönəlik ciddi “sui-istifadə” ittihamlarına baxmayaraq, mart ayında keçirilən bələdiyyə seçkilərində 45 faiz səs qazandı. O, bununla da gücünü bir dəfə daha göstərmiş oldu. Son illərdə Türkiyə siyasətini sanki təkbaşına dizayn edən Ərdoğan Türkiyədəki xronik hal alan bəzi problemləri həll etdiyi və həll etmə yolunda addımlar atdığı üçün dəstəklənməkdə davam edir. Türkiyədə vətəndaş-ordu əlaqələrini Türkiyə Silahlı Qüvvələrini etibarsızlaşdırmaq hesabına demokratik səviyyəyə qaldırmağı bacaran Ərdoğan islamçı sağ təbəqədə böyük hörmət qazanıb. Ərdoğan siyasi strategiya qurmaq və natiqlik mövzusunda da qabiliyyəti ilə tanınır. Ancaq Ərdoğanın istifadə etdiyi sərt üslub onu daim arxasında olan təbəqədən kənarda sevilməyən və ölkəni qütbləşdirən bir lider kimi tanınmasına səbəb olub. Ərdoğanın güclü olduğu bir başqa ictimai qrup isə kürdlərdir. Xüsusilə mühafizəkar kürdlər güclü dini bağları olan Ərdoğan PKK lideri Abdullah Öcalanla Milli İstihbarat Təşkilatının sülh danışıqlarına dəstək verərək kürdlər arasında da dəstək qazanmağı bacarıb. Baş nazir köməkçisi Hüseyn Çelikin Şimali İraq regional rəhbərliyinin müstəqil dövlət qurmasına dəstək xarakterli son şərhləri də Ərdoğanın seçkilərdə kürd milliyyətçilərdən dəstək qazanmasına hədəflənib. Buna görə də Ərdoğanın seçkiləri ilk, ya da ikinci turda qazanması ən yaxın ehtimal olaraq dayanır. Ərdoğanın ilk turda 45-55 faiz arasında bir səs qazanacağı gözlənilə bilər. Ancaq Ərdoğanın, xüsusilə seçkilərin 2-ci tura qalacağı halda çətin bir rəqibi var…

Ekmeleddin İhsanoğlu

Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Demokrat Partiya (DP), Demokratik Sol Partiya (DSP) və Müstəqil Türkiyə Partiyasının (BTP) vahid namizəd olaraq göstərdikləri Ekmeleddin İhsanoğlu Ərdoğanı çətinliyə sala bilər. İhsanoğlu bu 5 partiya və Ərdoğanla son vaxtlar münasibətləri pisləşən Gülən camaatının səslərini qazana bilsə, ilk turda səslərin 40 faizini asanlıqla əldə edərək seçkiləri 2-ci tura keçirə bilər. İhsanoğlunun aqresiv olmayan, islami dəyərlərə istinad edən çıxışları yaxşı bir seçki kampaniyasının aparıldığından xəbər verir. Ancaq İhsanoğlunun seçki kampaniyası üçün seçdiyi “Çörək üçün Ekmeleddin” şüarının səhv olduğu vurğulanmalıdır. Ərdoğan ilk turda seçilə bilməsə, İhsanoğlunun ikinci dövrdə qələbə şansı olduqca yüksək olacaq. İhsanoğlunun ən əhəmiyyətli dezavantajı isə siyasətə kənardan gələn, xalq tərəfindən hələ kifayət qədər tanınmayan şəxs olmasıdır. İhsanoğlunun ilk turda 40-45 faiz səs qazanacağı təxmin edilir. Ancaq bunun üçün ona şübhə ilə yanaşan CXP seçicisinin seçki qutusuna getməsi üçün motivasiya edilməsi vacib şərtdir.

Səlahəddin Demirtaş

Seçkilərdə kürd siyasi hərəkatını təmsil edəcək Səlahəddin Demirtaş seçkiləri qazanacaq namizəd hesab edilməsə də, qalibin müəyyənləşməsində əhəmiyyətli rol oynamağa çalışacaq. Demirtaşın ilk turda alacağı səslər seçkilərin ikinci tura qalıb-qalmayacağını müəyyənləşdirmək baxımından son dərəcə əhəmiyyətli olacaq. Çünki Demirtaş 7-8 faizdən çox səs qazanarsa, seçkilər böyük ehtimalla ikinci tura qalacaq. Ancaq Demirtaş 6 və daha aşağı səs qazanarsa, seçkilər ilk turda Ərdoğanın qələbəsi ilə nəticələnəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm