Kremlin Minsk Qrupu ssenarisi: Ankara Bakını müharibəni dayandırmağa çağıracaq
Bizi izləyin

Dünya

Kremlin Minsk Qrupu ssenarisi: Ankara Bakını müharibəni dayandırmağa çağıracaq

Fransanın Ermənistandakı səfiri Reno Anri bu günlərdə Yerevanda verdiyi açıqlamasında Rusiyanın Azərbaycana silah satışına etirazını bildirmişdi. Onun sözlərinə görə, vasitəçi tərəfin münaqişə tərəflərdən birinə silah satmaması Fransa üçün prinsipial əhəmiyyət daşıyır. Beləliklə, faktiki olaraq bu bəyanatda Rusiyanın vasitəçiliyinin Fransanın prinsiplərinə zidd olması barədə işarə var.

Qeyd edək ki, Fransa və ABŞ Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik edən Minsk Qrupunun həmsədr formatını təşkil edir. Fransız səfirinin bu bəyanatı isə onu göstərir ki, Minsk Qrupunda onun ölkəsi ilə Rusiya arasında prinsipial fikir ayrılıqları var.

ABŞ Konqresi də qəbul etdiyi 907-ci düzəlişlə münaqişə nizama salınana kimi Azərbaycana silah satmağı qadağan edib. Beləliklə, deyə bilərik ki, ABŞ üçün də bu prinsipdir və ABŞ-la Rusiya prinsipial olaraq əks vasitəçilərdir. Təsadüfi deyil ki, son günlər erməni mediasında Minsk Qrupunun gələcək taleyi ilə bağlı polemika açılıb. Erməni ekspertlərin iddialarına görə, Rusiya ABŞ və Fransanı vasitəçi qurumdan uzaqlaşdırmaqla münaqişənin tamamilə inhisara almaq niyyətindədir. İddialara görə, Moskva tənzimlənmə prosesinə Ankarını da daxil etmək üçün cəhd göstərir. Bildirilir ki, Moskva Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı təşəbbüsünün reallaşmaması üçün var gücü ilə çalışır.

Erməni ekspert Aram Amatuni qeyd edir ki, hazırda Minsk Qrupunda maraqların kifayət qədər ciddi toqquşması müşahidə edilir. “Son zamanlar Paris və Vaşinqton münaqişənin nizama salınması üçün bir-biri ilə harmonik şəkildə işləməyə başlayıb. Motivasiya isə göz qabağındadır: Rusiya Minsk Qrupunun formatını neytrallaşdırmaq və yeni formata Türkiyəni də daxil olmaq istəyir. Bu formatda isə Ankara ciddi rol oynayacaq. Fransa və ABŞ isə Moskvanın bu planına qarşı çıxır və Minsk qrupunun saxlanılması üçün mümkün olan hər şeyi edir”, - o, bildirir.

Onun sözlərinə görə, Rusiya Minsk Qrupu formatının ləğv edilməsi üçün Türkiyə ilə birlikdə Azərbaycanı hərbi yola provokasiya edir: “Sərhədlərdə gərginlik artırılır. Məqsəd isə odur ki, hazırkı vasitəçilik formatının problemləri daha həll edə bilmədiyi və daha geniş formatın yaradılmasına ehtiyacın olduğu barədə təəssürat yaransın. Yeni vasitəçi isə Ankara ola bilər. Hətta istisna edilmir ki, bütün bunların ciddi şəkildə əsaslandırılması üçün sərhəddə gərginlik pik həddə çatdırılacaq. Daha sonra Ankara nümayişkaranə şəkildə hadisələrə qarışacaq və Bakını dayandırmağa çağıracaq. Və bundan sonra dünyaya göstərəcək ki, yalnız Türkiyə Azərbaycana təsir etmək və sabitliyi təmin etmək gücündədir. Beləliklə, vasitəçilərin Türkiyəsiz ola bilməyəcəyi nümayiş etdiriləcək”.

Erməni ekspertinin sözlərinə görə, Ermənistan üçün bu hadisələr, sadəcə, dağıdıcı olmaya bilər. Amma o qeyd edir ki, xoşbəxtlikdən, bu cür ssenari ABŞ və Fransanın maraqlarına cavab vermir. “Fransanın Ermənistandakı səfirin bəyanatları da faktiki olaraq, məhz bunu göstərir”, - A.Amatuni qeyd edir.

A.Amatuninin sözlərinə görə, fransız səfirin bəyanatı Rusiyaya həm də xəbərdarlıq xarakteri daşıyır: “Səfir demək istəyir ki, Vaşinqton və Paris Minsk Qrupunu nəinki saxlamağa çalışacaq, eyni zamanda, Moskvanın vasitəçiliyinin məqsədəuyğunluğunu müzakirəyə çıxara bilərlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm