Vətəndaş müharibəsi kabusu bu dəfə Ukrayna üzərində
Bizi izləyin

Dünya

Vətəndaş müharibəsi kabusu bu dəfə Ukrayna üzərində

Ukrayna böhranının həllində vasitəçi roluna iddia edən Qərb və Rusiya vəziyyəti müxtəlif qiymətləndirirlər.

Ukrayna prezidenti Viktor Yanukoviçin komandası Ukraynanın gələcəyi ilə bağlı üçtərəfli danışıqlarda Rusiyanı iştirak etməyə çağırıb. Müxalifət isə böhranın nizama salınması üçün mümkün vasitəçilər olaraq yalnız Avropa İttifaqı (Aİ) və ABŞ-ı tanıyır. Vəziyyət ona görə çətindir ki, ölkə hazırda ikiyə bölünmüş vəziyyətdədir. Ölkənin demək olar ki, yarısı Maydanı Ukraynanın gələcəyi üçün simvol olaraq görür, islaharların aparılmasını və hakimiyyət dəyişikliyini tələb edir. Onlar yalnız avrointeqrasiyanın nailiyyət olacağını bildirirlər. Ölkənin digər yarısı – şərq və cənub sakinləri Ukraynanın gələcəyini Avrasiya İttifaqında görürlər.

Ukraynadakı vəziyyət istirahət günləri keçirilən 50-ci Münhen Təhlükəsizlik Konfransında da müxtəlif çərçivəsində müzakirə edildi.

Aİ və ABŞ-ın nümayəndələri Ukrayna hakimiyyətindən xalqın səsinə qulaq asmağı tələb edərək birgə mövqe sərgilədilər. Qərb liderlərinin bu mövqeyi Ukraynanın avrointeqrasiyasını qarşısına məqsəd qoyan etiraz hərəkatına əsaslanır. Avropa Şurasının sədri Herman van Rompey Münhendə bildirib ki, qurumun təklifi əvvəlki kimi aktualdır: “Ukraynanın gələcəyi – Avropa İttifaqındadır”.

Beynəlxalq konfransda iştirak etmiş Ukrayna müxalifətinin liderləri - UDAR Partiyasının rəhbəri Vitali Kliçko və Ali Radanın “Batkivşina” fraksiyasının rəhbəri Arseniy Yasenyuk böhranın həll edilməsi üçün Qərbi vasitəçilik etməyə çağırdılar. “Yüksək səviyyəli beynəlxalq təşkilatların Ukraynadakı siyasi böhranın həllində vasitəçiliyi effektiv olacaq. Hansı ki, onlar Ukrayna hakimiyyəti ilə əldə olunan razılaşmaların qarantı kimi çıxış edərdilər”, - V.Kliçko BMT baş katibi Oan Ki Mun ilə görüşdə bildirib.

A.Yasenyuk da Aİ rəhbərləri və ABŞ dövlət katibi Con Kerri ilə görüşündə vasitəçilik çağırışlarını dilə gətirib. O, görüşlərdə böhranın həlli planını elan edib:

“Birinci məsələ Ukraynada zorakılığın dayandırılmasıdır, ikincisi isə nümayişlərdə həbs olunanların azad olunmasıdır. Üçüncü, insan oğurluğu, işgəncələr və nümayişçilərin ölüm faktları araşdırılmalıdır. Dördüncüsü, Konstitusiya islahatı keçirilməli və ölkə parlament-prezident idarə üsuluna qayıtmalıdır”.

A.Yasenyukun sözlərinə görə, bütün bunlardan sonra şəffaf parlament və prezident seçkilərini keçirmək lazımdır. Amma Kiyevdə hesab edirlər ki, bu plan Ukraynanın şərq və cənub bölgələrində yaşayan vətəndaşların fikirlərini nəzərə almır. Regionlar Partiyasının Xarkov vilayətinin yerli təşkilatı dünən fövqəladə toplantısında “Ukrayna Cəbhəsi” ümumukrayna ictimai ittifaqının yaradılması barədə qərar qəbul edib. Toplantı iştirakçıları “Ukrayna Cəbhəsi”nin Maydanda yaradılmış “Ukrayna Milli Qvardiyası” və “Qərb kukla teatrı”nın artistlərinə qarşı mübarizə aparacağını bildiriblər.

Ekspertlər qeyd edirlər ki, ölkənin şərq hissəsi Rusiya ilə yaxınlaşmanı dəstəkləyir və buna görə də noyabr ayında Aİ ilə assosiasiya haqqında danışıqları dayandıraraq xarici siyasət kursunu dəyişən prezident Yanukoviçi dəstəkləyirlər. Maydandakıların tələb etdiyi islahatlar da ölkənin bu ərazisində süngü ilə qarşılanır.

“Vahid Dünya” Beynəlxaql Fondun rəhbəri Eduard Prutnik hesab edir ki, yaranmış vəziyyətdə Ukrayna siyasətçiləri və xarici güclər ölkənin hər iki hissəsinin fikirini nəzərə almalıdır. Eyni təkliflə Münhen təhlükəsizlik konfransında Ukrayna xarici işlər naziri Leonid Kojara da çıxış edib. Ukrayna xarici siyasət idarəsinin başçısı Aİ ilə danışıqlar stolunda Rusiyanın da olmasını istədiklərini bildirib. O, Rusiyanın iştirakı olmadan bir sıra suallara cavab tapmağın mümkün olmadığını qeyd edib. Rusiya xarici işlər naziri Sergey Lavrov da üçtərəfli konsultasiyalarla bağlı Ukrayna rəhbərliyinin təklifini dəstəklədiyini deyib. Rusiya xarici işlər naziri Qərbi “ya bizimlə, ya da bizə qarşı” prinsipindən əl çəkməyə çağırıb.

Xatırladaq ki, rəsmi kiyev Rusiya-Aİ-Ukrayna üçtərəfli danışıqların keçirilməsi təklifini hələ noyabr ayında səsləndirmişdi. Həmin vaxt Aİ üçtərəfli danışıqlardan imtina etmiş, Rusiya ilə danışmağa hazır olduğunu bildirərək Ukrayna ilə danışmağa heç nəyin olmadığını bildirmişdi. Hazırda isə Aİ-nin bu formata müsbət baxdığı bildirilir. Aİ-nin xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Eşton bu həftə Kiyevə növbəti dəfə gələcək. Onun səfərinin gündəmi yeni hökumətin formalaşdırılması ilə bağlıdır.

V.Yanukoviç bu günlərdə bildirib ki, o, bütün öhdəliklərin hakimiyyət tərəfindən yerinə yetirildiyini hesab edir. O, 16 Yanvar tarixində qəbul olunan qanunların ləğv olunduğunu və nümayişlərdə həbs olunan yüzlərlə insanın azad olunması ilə bağlı amnistiya aktının qəbul olunduğunu qeyd edib. Yanukoviç müxalifətə təklif olunan baş nazir və baş nazir köməkçisi vəzifələrini də mühüm güzəşt hesab edir. Müxalifət isə bildirir ki, baş nazir vəzifəsi hakimiyyət sistemində heç nəyi dəyişdirmir. “Biz baş nazir vəzifəsi üçün sövdələşmələrdə iştirakı qəbul etmirik. Müxalifəti vəzifə ilə almağa çalışmaq lazım deyil”,- A.Yasenyuk deyib.

Diqqət çəkən məqam odur ki, Ukrayna böhranının həllində vasitəçi roluna iddia edən Qərb və Rusiya vəziyyəti müxtəlif qiymətləndirirlər. S.Lavrov Münhendə yenidən xatırlatdı ki, etiraz aksiyalarının iştirakçıları qanunları pozurlar. Rusiya xarici işlər naziri öz ölkələrində kütləvi etiraz aksiyalarının qarşısını anındaca alan Qərbin Ukraynadakı nümayişlərin təşkilatçılarına dəstək verməsinə təəccüb etdiyini dilə gətirib. Qərb nümayişçilərin tərəfindədir və güc metodlarından istifadə edəcəyi halda Yanukoviçi sanksiyalarla hədələyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm