Rusiyalı politoloq: “Kremldə “müharibə partiyası” güc toplayır”
Bizi izləyin

Dünya

Rusiyalı politoloq: “Kremldə “müharibə partiyası” güc toplayır”

Kremlin Ukrayna ilə məşğul olan bölməsində həyata keçirilən kadr dəyişiklikləri prezident Vladimir Putinin ətrafında “şahinlər”in gücləndiyinin göstəricisi sayıla bilər.

Publika.az-ın “obozrevatel.com” saytına istinadən verdiyi məlumata görə, bu sözləri rusiyalı politoloq Dmitri Oreşkin deyib.

Qeyd edək ki, “Vedomosti” qəzeti dünənki sayında Rusiyanın “Novorossiya” layihəsinin müəlliflərinin Kremldəki postlarından uzaqlaşdırıldığını yazıb. “Novorossiya” layihəsindən çıxarılanlardan biri prezidentin köməkçisi, “boz kardinal” adlandırılan Vladislav Surkovun nəzarət etdiyi MDB, Abxaziya və Cənubi Osetiya ilə ictimai-iqtisadi əməkdaşlıq üzrə idarədə çalışan Boris Rapoportdur. O, idarənin Donetsk və Luqansk “xalq respublikaları” ilə məşğul olan bölməsində çalışırdı. İdarənin “Xalq respublikaları” ilə iqtisadi münasibətlər üzrə bölməsində çalışan Vladimir Avdeyenko da vəzifədən uzaqlaşdırılıb. Rapoport və Avdeyenkodan başqa son vaxtlar idarənin beş-altı adi əməkdaşının da getdiyi bildirilir.

Politoloq D.Oreşkin hesab edir ki, kadr “islahatları” "şahinlər”in V.Surkova hücumu ilə bağlıdır. “Görünür, Surkova qarşı güc bloku mübarizə aparır. Putinin təyin etdiyi Surkovun münaqişədə daha az səmərəli olduğu hesab edilir”, - deyə D.Oreşkin qeyd edib.

Politoloq indiki vəziyyətin hansı istiqamətdə dəyişəcəyini proqnozlaşdırmaqda çətinlik çəkir. Amma o əlavə edib ki, “Novorossiya” layihəsindən uzaqlaşdırılanların yerinə başqa insanlarını təyin edilməsi Kremldə güc blokunun qələbə qazandığı anlamına gələcək. Qreşkin hesab edir ki, proseslərin bu istiqamətdə inkişaf edəcəyi halda, vəziyyətin gərginləşməsini gözləmək olar.

Politoloq Valeri Xomyakov da həmkarı ilə razıdır. O hesab edir ki, Kreml administrasiyasında Ukraynanın şərqi üçün məsuliyyət daşıyan məmurların postlarından uzaqlaşdırılması tamamilə məntiqlidir. Politoloq “kadr islahatları”nın kökündə “xalq respublikaları" siyasətinin iflasının dayandığını vurğulayıb: “Vladimir Putinə bunun üçün ayrı təşəkkür etmək lazımdır. Heç kim, o cümlədən Ukrayna prezidenti Ukrayna xalqını bu cür birləşdirə bilməzdi”.

Bir müddət əvvəl “Donetsk Xalq Respublikası”nın sabiq "müdafiə naziri” İqor Qirkin də etiraf etmişdi ki, separatçılar Kremldən idarə olunur. O, "vəzifə”sindən məhz Putinin köməkçisi V.Surkov tərəfindən kənarlaşdırıldığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm