• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dünyanın yenidən bölüşdürülməsində "Soçi nizamı” - Soçidən hansı mesajlar verilir?

  • Dünya
  • 12 Fevral 2014 13:12
  • 1 102 Baxış
Dünyanın yenidən bölüşdürülməsində "Soçi nizamı”  - Soçidən hansı mesajlar verilir?

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının artıq beşinci günüdür. İlk baxışdan bu tədbir bir beynəlxalq idman yarışıdır, amma hamı bu cür düşünmür.

Publika.Az –ın verdiyi xəbərə görə, Türkiyənin “Milli gazete” nəşrində dərc olunan bir yazıda Soçi Olimpiya Oyunlarının tarixdə idmandan daha çox siyasətin damğa vuracağı və yeni beynəlxalq nizamla bağlı əhəmiyyətli mesajların verildiyi idman yarışı kimi keçəcəyi bildirilib. Yazının müəllifi Türkiyənin Qazi Universitetinin professoru Mehmet Seyfettin Eroldur.

“Yeni Çar”ın şousu, yoxsa güc nümayişi?

Müəllif yazır ki, Soçi Olimpiya Oyunları istər Rusiyanın xarici siyasəti, istərsə də beynəlxalq sistemin gələcəyi baxımından “oyun içində bir oyun” olaraq da qəbul edilə bilər. Rusiya başda olmaqla bir sıra geossiyasi oyunçular neçə müddətdir ki, Soçi üzərindən fərqli “üsul” və “vasitələrlə” mesaj vermək üçün yarışa başlayıb. Məsələn, Volqoqrad şəhərində 2013-cü ilin oktyabr və dekabr aylarında həyata keçirilən terror hücumları, dünya liderlərinin idman yarışını boykot etməsi.

Soçi Olimpiadasının Rusiya üçün xüsusi əhəmiyyətə malik olduğunu yazan professorun fikrincə, bu əhəmiyyət Yeni Rusiyanın beynəlxalq siyasətə çıxışının bir güc nümayişi olduğu qədər, “Yeni çar” adlandırılan dövlət başçısı Vladimir Putinin şousu kimi də xarakterizə edilə bilər. Erol qeyd edir ki, Putin idman yarışının təşkili üçün bahalı xərclərdən qaçmaması da bunun ən tipik göstəricisidir.

Nə üçün Soçi?

Yazıda qeyd olunur ki, Soçi Olimpiadasının siyasi mahiyyəti açıq görünür:“Rusiya kimi böyük bir coğrafiyada “nə üçün Soçi” sualı bu baxımdan əhəmiyyətlidir. Bu il həm də tarixə böyük faciələrdan biri olaraq keçən və “çərkəz sürgünü” də adlandırılan "Qafqaz köçü”nün 150-inci ilidir. Buna görə də Rusiyanın Soçi üzərindən bu mesajları verməyə çalışdığı açıq şəkildə görünür:

1.Soçi “Yeni Rusiya”nın “Yeni Böyük Oyun”da “mən də varam” dediyi və bunu bütün dünyaya elan etdiyi bir “oyun”dur.

2. Soçi yalnız Qafqaz deyil, eyni zamanda Baltik-Qara dəniz-Xəzər xətti, bir sözlə, “Böyük Rusiya” deməkdir.

3. “Qafqaz sindromu” artıq bitib.

4. “Cənuba doğru” siyasəti sürətlənəcək.

5. “Yaxın ətraf siyasəti”ndə yeni bir mərhələyə qədəm qoyulub.

Qərb və postsovet məkanın bəzi ölkələrinin boykot siyasəti məhz yuxarıda toxunduğumuz “Yeni Rusiya”ya reaksiyanın əhəmiyyətli bir göstəricisidir. Məsələn, Polşa, Litva və Gürcüstan liderlərinin reaksiyalarının kökündə “SSRİ qorxusu” yatır”.

Qazi Universitetinin professoru hesab edir ki, bu qorxuya səbəb olan ən vacib proseslərdən biri Rusiyanın yaxın ətrafında başladığı “antiinqilab” siyasəti və keçmiş SSRİ-nin nüfuz sahələrini, məsələn, Suriyanı qorumaq uğrunda mübarizəsidir. “Gömrük Şurası çərçivəsində Ermənistan və Ukraynada baş verənlər bu qorxunu təsdiqləyir. İddia edilən səbəblər nə qədər fərqli olsa da, ABŞ, İngiltərə və Fransa kimi ölkələrin boykotları da bu çərçivədən qiymətləndirilə bilər.

Qərb baxımından təməl məsələ bu ölkədəki “demokratikləşmə”, "insan haqları", “ifadə azadlığı” deyil. Hətta ABŞ-ın Edvard Snouden hadisəsi belə təsirli bir faktor deyil. Əsas məsələ Rusiyanın yerli, regional və qlobal müstəvidə icra etdiyi və nəticə əldə etməyə başladığı yeni siyasətidir. Soçi Rusiya ilə Qərb arasındakı qayçının qarşıdakı dövrdə daha da açılacağının bariz göstəricisidir.

Ukrayna bunun ən son ünvanıdır. Ukraynada Qərb-Rusiya, həmçinin Rusiya-Almaniya arasında bir “Meydan mübarizəsi” baş verir. Mərkəzində Bosniyanın yerləşdiyi Balkanlar da bu prosesə daxil edilə bilər. İkitərəfli əlaqələrdəki bu “örtülü böhran” özünü Soçidə ifşa etdi. Alman lideri dəvət edilməsinə baxmayaraq, Soçiyə gəlmədi”.

Ərdoğan komandadan niyə ayrılmışdı?

Qərb liderlərinin Soçi Olimpiadasını boykot etməsinə baxmayaraq, Türkiyə eyni cür davranmadı. Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan Soçiyə getdi və Putinlə görüşdü. Ekspert hesab edir ki, bu, aşağıdakı kimi şərh oluna bilər:

“1. Türkiyə-Rusiya əlaqələri “Qərb himayəsinin” xaricindədir.

2. Türkiyə və Rusiya “Avrasiya Əməkdaşlıq Hərəkat Planı”nı həyata keçirməkdə israrlıdır.

3. Türkiyənin xarici siyasəti müstəqildir.

4. “Yeni Yalta” müddətində yeni bir Türkiyə müzakirə mövzusudur və “1944 sindromu”ndan xilas olmaq üçün mübarizə ararır.

5. Rusiya bunun fərqindədir və Stalinin etdiyi səhvə yol vermək istəmir”.

Yazı müəllifi həmçinin Türkiyə - Rusiya əlaqələrindəki həssaslığın da qaldığını bildirir. Bu həssalığın isə Rusiyanın Suriya, Aralıq dənizi, Qara dəniz və Qafqazdakı addımları ilə bağlı olduğu bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR