Ukraynanın sabiq prezidentləri Rusiyanın “təhlükəli reseptlər”inə etiraz etdi
Bizi izləyin

Dünya

Ukraynanın sabiq prezidentləri Rusiyanın “təhlükəli reseptlər”inə etiraz etdi

Ukraynanın üç sabiq prezidenti - Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko Rusiyanın Krımın siyasi həyatına müdaxiləsinə etiraz olaraq birgə bəyanat qəbul ediblər.

Publika.Az –ın “İnterfaks-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda Rusiyanın “təhlükəli reseptlər” təklif etdiyi bildirilir.

“Rusiyanın özü həmişə Ukraynadakı vəziyyəti siyasi yolla nizamlamaq istəyən beynəlxalq partnyorlarımızın cəhdini Ukraynanın daxili işlərinə “müdaxilə” adlandırıb. İndi isə Moskva Krımın siyasi həyatına birbaşa müdaxilə edir”, - bəyanatda deyilir.Sabiq prezidentlərin fikrincə, separatizm təzahürlərinə qarşı Ukrayna Baş Prokurorluğu reaksiyası verməlidir:

“Seperatizmin gücləndirilməsinə yönəldilən istənilən təbliğat kampaniyası Ukrayna qanunvericiliyinə uyğun olaraq hüquq-mühafizə orqanları tərəfindən qiymətləndirilməlidir. Rusdilli əhalinin hüquqların pozulması haqqında bəyanatlar, ölkənin regionları arasında düşmənçiliyin alışdırılmasına xidmət edən hərəkətlər lazımı şəkildə araşdırılmalıdır”.

Bəyanat müəllifləri əminliyini ifadə ediblər ki, Rusiya Böyük Britaniya və ABŞ-la birlikdə beynəlxalq razılaşmalara uyğun olaraq Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün qarantıdır.

Qeyd edək ki, Krım səfərindən qayıdan Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski Dövlət Dumasında Ukraynanın daxili işlərinə müdaxilə xarakteri daşıyan çıxış edib.“Biz bu gün qalib gəlməliyik, biz bu sivilizasiya, geosiyasi döyüşdə uduzmaq haqqına malik deyilik. Biz qardaş Ukrayna xalqı ilə olmalıyıq. Kiyevdən yayılan infeksiyaya qarşı dura bilmək üçün ardıcıl və emosiyalarsız qərarlar qəbul etmək lazımdır”, - o. bildirib.

Rusiya Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski isə ölkə rəhbərliyini Ukraynada yaşayan ruslara Rusiya pasportunu paylamağa çağırıb. O, Rusiya pasportunu arzulayan ukraynalılara da onun verilməsinin vacib olduğunu deyib.

Xatırladaq ki, liberal-demokratlar Ukraynadakı səfirlikdə və Xarkov konsulluğunda ruslara Rusiya pasportlarının verilməsi çağırışı ilə dəfələrlə çıxış edib. İki gün əvvəl isə Dövlət Dumasının MDB işləri üzrə komitəsinin üzvü, Liberal-Demokrat Partiyasının üzvü İlya Drozdov Ukaynada yaşayan ruslar və onların ailə üzvlərinin Rusiya vətəndaşlığını alınmasını sadələşdirməyi nəzərdə tutan qanun layihəsini təqdim edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm