Kakao yağının dəriyə faydaları
Bizi izləyin

Gözəllik

Kakao yağının dəriyə faydaları

Kakao deyəndə çoxumuzun ağlına şokolad gəlir. Ləziz tərkibi, özünə xas iştahaçıcı qoxusu və heyranedici rəngi sayəsində kakao depressiya və stress kimi halları aradan qaldırır, yüksək əhval-ruhiyyə yaradır. Kakao sağlamlıq və gözəllik məqsədilə istifadə edilən olduqca faydalı yağdır.

Kakao yağı kakao ağacının meyvəsindən əldə edilən və keyfiyyətini uzun müddət itirməyən yağdır. Şokolad başda olmaqla, qida sektorunda bir çox məhsulun hazırlanmasında istifadə edilən kakao yağı antioksidant xüsusiyyətinə görə, dəriyə qulluq və bir çox kosmetik məhsulların da tərkibində istifadə edilir. Kakao nəmləndirici xüsusiyyəti ilə dəri yaralarını yaxşılaşdırır və dəriyə hamar görünüş hədiyyə edir.

Kakao yağı necə istifadə edilir?

Olduqca qatı olduğu üçün kakao yağının istifadəsi də xeyli çətindir. Ancaq saf yağ olduğu üçün dəriyə təsirləri son dərəcə yaxşıdır. Maye halda şüşələrdə satılan kakao yağları təmiz kakao yağı deyil. Ona görə satışda maye halda kakao yağı görəndə aldanmayın. Əsl kakao yağı bərk halda olur. Lakin qatı kakao yağı əridilərək də istifadə edə bilər. Kakaodan hazırlanan məhsullar paraben və neft-kimya komponentləri ehtiva edən kosmetik məhsullarla müqayisədə son dərəcə etibarlıdır. Təsadüfi deyil ki, kremlərin, losyonların, bədən kremlərinin tərkibində də saf kakao yağı istifadə edilir.

Saf kakao yağı dəriyə çəkildikdə onun nəmliyini itirməsinin qarşısını alır. Dərinin nəmli, yumşaq və parlaq olmasını təmin edir. Kakao yağı yalnız dəridə nəmin buxarlanıb uçmasını mane olmaqla qalmır, o cümlədən dərinin ehtiyacı olduğu E vitamini ilə təmin edir. Tərkibində dərini qıcıqlandıran hər hansı bir sintetik qoruyucu olmadığı üçün əks təsirləri yoxdur. Quru dərini yumşaldır, günəş yanıqlarından sonra quruyan, gərginləşən və ağrıyan dərini müalicə etmək üçün son dərəcə təsirlidir.

Kakao yağıyla qaralmaq

Mütəxəssislər bronzlaşdırıcı və nəmləndirici xüsusiyyətlərindən dolayı yay aylarında çimərliyə gedərkən kakao yağından istifadə etmək tövsiyə edirlər. Yay mövsümündə asanlıqla qaralmaq istəyənlər də kakao yağından istifadə edə bilər. Qatı kakao yağı dərini qaraltmaq üçün çox təsirlidir. Kakao yağı dərini günəşin zərərli şüalarından qoruyaraq, onun tez qocalmasını ləngidir, qırış və dəri ləkələrini azaldır.

Yaralara qarşı kakao yağı

Qabıq verən, quru dərini və yaraları müalicə etmək üçün kosmetoloqlar kakao yağını tövsiyə edirlər. Hətta cərrahi əməliyyatdan sonra yaranan yaralarda və kəsiklərdə də istifadə edilə bilər. Yaraların sağalma mərhələsində qaşıntını və yara bölgələrindəki ağrıları yüngülləşdirir.

Çatlara qarşı kakao yağı

Xüsusilə qadınların hamiləlik dövründə yaranan dəri çatlarını aradan qaldırmaq üçün istifadə edilən bir məhsuldur. Kakao yağı mövcud çatları aradan qaldırır, həm də yaranmasını əngəlləyir. Buna görə də kakao yağını çatlar əmələ gəlmə ehtimalı olan bölgələrə əvvəlcədən çəkmək daha məqsədəuyğun olardı.

Çatlayan dodaqlar üçün kakao yağı

Küləkli havalar, ayaz, soyuq, isti hava, qızdırma, keyfiyyətsiz kosmetik məhsullar dodaqların qurumasına və çatlamasına səbəb olur. Bu çatları sağaltmaq üçün gün ərzində bir neçə dəfə dodaqlara kakao yağı sürtün. Bu proseduranı dodaqlarınız quruduqca, nəmli olana qədər təkrar edin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm