Bakıda çaxıra görə ÖLÜM-DİRİM SAVAŞI: içkini nisyə vermədiyi üçün başına gəlməyən qalmadı
Bizi izləyin

Hadisə

Bakıda çaxıra görə ÖLÜM-DİRİM SAVAŞI: içkini nisyə vermədiyi üçün başına gəlməyən qalmadı

Bakıda mağaza sahibini bıçaqlmaqda təqsirli bilinən Azər Alxazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Bu ilin fevral ayının 21-də Biləcəri qəsəbəsində mağaza sahibi, 29 yaşlı Emin Məmmədov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Vaxtiında tibbi yardım göstərildiyi üçün Emin Məmmədovun həyatını xilas etmək mümkün olub.

Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Azər Alxazov saxlanılıb.

Məlum olub ki, Azər Alxazov əvvəllər dəfələrlə məhkum olunub. Azər Alxasov hadisəni pul borcu üstündə törədib.

Azər Alxazov pulu olmadığından məhəllədə mağaza işlədən Emindən pul istəyib. Ancaq Emin ona çoxlu borcu olduğundan pul verə bilməyəcəyini deyib. Bununla razılaşmayan Azər Alxazov Eminə bir neçə bıçaq zərbəsi vurub.

Azər Alxazov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilir.

Məhkəmədə ifadə verən Azər Alxazov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O qeyd edib ki, hadisəni pul borcu üstündə törətməyib: “Hadisədən bir gün əvvəl Eminin işlətdiyi mağazaya gəldim. Həmin vaxt içkili olmuşam. Pulum olmadığı üçün Emindən nisyə çaxır istədim. O, da mənə çaxır vermədi. Daha sonra mağazadan getdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, səhəri gün Emin Məmmədovla rastlaşıb: “Mənə nisyə çaxır vermədiyi üçün onunla mübahisə etdim. Sonra biz ayrıldıq. Bir qədər sonra Emin məni Biləcəri qəsəbəsində olan daş karxansı deyilən əraziyə çağırdı. Mən də həmin əraziyə getdim. Emin ora tək gəlməmişdi. Onun yanında qardaşı və iki tanışı vardı. Biz orada mübahisə etdik. Onların məni döyəcəklərindən ehtiyat etdim. Əvvəlcədən özümü qorumaq üçün götürdüyüm bıçaqla Emini vurdum. Onu vurmaq yox, qorxutmaq məqsədim olub. Eminlə əvvəllər salam-sağolumuz vardı, aramızda ədavət, düşmənçilik yox idi”.

Azər Alxazov ifadəsində qeyd edib ki, zərərçəkmiş şəxslə barışıq əldə edib: “Törətdiyim əməldən peşman olmuşam, Emin də məni bağışlayıb”.

Zərərçəkmiş Emin Məmmədov da ifadəsində hadisənin nisyə mal vermədiyi üçün baş verdiyini deyib. O qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb və ondan şikayəti yoxdur.

Məhkəmə şahid ifadələrini dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Azər Alxazov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm