Uğursuzluğu unutdurdular
Bizi izləyin

İdman

Uğursuzluğu unutdurdular

Azərbaycan futbolunda müəyyən canlanma olduğunu iki klubumuz Avroliqanın qrupuna düşəndə hamı daha yaxından hiss etdi. Bu canlanmanın milliyə necə təsir edəcəyi və bu təsirin məhz Xorvatiyayla oyunda hiss olunacağını da gözləyirdik. AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən dünənki oyundan sonra hər bir azərbaycanlı futbolsevərin qəlbində gələcəyə ümid tumurcuğu cücərdi. Avropanın adlı-sanlı milli komandasından hansı yolla olur-olsun, xal almaq əlamətdar hadisədir. Bu həm də baş məşqçi Robert Prosineçkinin həm meydanda, həm də meydandan kənarda gördüyü işin bəhrəsidir.

Dünənki oyundan, daha dəqiqi əldə edilən nəticədən sonra futbolçularımızın, ümumiyyətlə milli komandamızın bütün üzvlərinin sevincini görmək üçün çox yox, iki göz lazım idi. Hətta AFFA-nın rəhbəri Rövnəq Abdullayev də sevincini jurnalistlərlə bölüşməyə imkan tapdı:

“Futbolçular yaxşı oynadılar, çalışdılar. Zarafat deyil, Xorvatiya Avropanın ikinci güclü komandasıdır. Mən deyərdim ki, Avropanın ən güclü futbolçuları oynayırdı və rəqiblə eyni gücdə, eyni səviyyədə mübarizə aparmaq yaxşı nəticədir. Onlarla görüşdüm, təriflədim. Belə davam etsinlər!”

Oyunla bağlı millimizin bir neçə üzvü də həvəslə danışıb.

Ruslan Qurbanov: “Xorvatiya millisi çox güclüydü. Ancaq biz rəqib komandaya istədiyi oyunu nümayiş etdirməyə imkan vermədik. Milli komandamızın bütün oyunçuları baş məşqçi Robert Prosineçkinin tapşırıqlarını yerinə yetirdi və bu səbəbdən də nəticə qaneedici oldu”.

Qara Qarayev: “Bu oyunda xal qazanmaq bizim üçün çox vacib idi. Bunu da bacardıq. Bu gün isə nisbətən çox sayda tamaşaçı gördük. Buna görə onlara xüsusi minnətdarlığımı bildirirəm. Növbəti oyunlarda bizə daha çox dəstək olacaqlarını gözləyirəm. Son dəqiqələlərdə Prosineçki daha çox arxaya diqqət etməli olduğumuza dair göstəriş verdi. Əlbəttə, bu da başadüşülən idi. 90-cı dəqiqədə heç kim oyunu əldən vermək istəməz. Biz də bu səbəbdən, çox da hücum etmək istəmirdik. Düşünürəm ki, düz etmişik”.

Rəşad Sadıqov: “Məğlubiyyətin əvəzini çıxa bilməzdik, amma əzmkar oyun sərgiləmək istəyirdik. Böyükhesablı məğlubiyyətdən sonra bütün idman ictimaiyyəti və azarkeşlərin bizdən incidiyini bilirdik. Biz də səfərdəki uğursuzluğu unutdurmağa çalışdıq. Bəzi çatışmazlıqlar oldu ki, bu da təbiidir. Çünki qarşımızda ustalıq səviyyəsi yüksək olan bir komanda var idi. Əsas odur ki, məğlub olmadıq. Belə oyunlarda bir xal da bizim üçün uğurdur”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm