Vitse-prezident: “Adil Əliyevdən icazə almalıdırlar”
Bizi izləyin

İdman

Vitse-prezident: “Adil Əliyevdən icazə almalıdırlar”

Vitse-prezident: “Adil Əliyevdən icazə almalıdırlar”

Son zamanlar idman aləmində müzakirə olunan mövzulardan biri də “K-1” təşkilatının yaranmasıdır.

Azərbaycan Kikboksinq Federasiyası bu təşkilatın Azərbaycanda yaradılmasına qarşı olduğunu dəfələrlə bildirib.

Publika.az-a müsahibə verən Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarovla müsahibədə də bu məsələyə toxunduq:

Azərbaycanda “K-1” təşkilatının yaradılmasına niyə lüzum görmürsünüz?

– “K-1” təşkilatının yaradılmasına heç bir gərək yoxdur. Çünki “K-1” elə kikboksinqə daxildir. Necə ki, “loukik” (lowkick), “fullkontakt”, “laytkontakt” kimi növləri var, “K-1”də bir növüdür. Ayrı bir təşkilat yaratmağa gərək yoxdur. “K-1” kikboksinqin ayrılmaz hissəsidir. Bildiyiniz kimi, “K-1” peşəkar olduğu üçün daha məşhurdur. Buna görə də idmançılar bu növdə döyüşmək istəyərkən bizdən icazə alıb gedirlər. Elə idmançılarımız da var ki, başqa ölkələrdə yaradılmış təşkilatlar adına döyüşürlər. Amma bunların heç biri nə bizdə, nə də Gənclər və İdman Nazirliyində qeydə alınmır.

Gedən idmançılar geri qayıtdıqda federasiya yenidən onları qəbul edirmi?

– Əgər xarici ölkələrdə döyüşməyə icazə alıb gedirlərsə, federasiya onu təsdiqləyir və idman nazirliyinə bu haqda məlumat verir. Yox, hansısa br qurumun və ya təşkilatın rəhbərliyi ilə gedirsə, bundan da bizim xəbərimiz olmursa, biz də, idman nazirliyi də bunu qeydə almır. Biz özümüz hər il həm “K-1”, həm də kikboksinq üzrə yarışlar keçiririk.

Axı idmançılarımız var ki, başqa ölkələrdə “K-1” üzrə bir çox döyüşlərdə iştirak edirlər.

– Bu gün özlərindən bir qurum yaradırlar, saxta dünya çempionatları keçirirlər. Bunda da əsas məqsədləri sırf pul qazanmaqdır.

Biri adını qoyur “k-1”, “bir sanda” və ya digər növlərin adları ilə təşkilatlar yaradırlar. Bundan sonra da saxta medallarla vətənə qayıdırlar. Bildiyimə görə, belə saxta yollarla medal qazananlar idman nazirliyinə də yaxınlaşırlar. Bu cür halların qarşısı alınmalıdır. Bunlar qeydə alınmayan dünya və Avropa çempionatlarıdır. Azərbaycan kikboksu sonuncu dəfə 3 dünya çempionu veribEduard Məmmədov, Ehram Məcidov və Pərviz Abdullayev. Bunlardan başqa yoxdur. “K-1” növü üzrə dünya çempionumuz yoxdur. Çünki kikboksinqin bu növü çox çətindir. Amma buna çalışırıq.

“K-1” təşkilatının üzvləri sizin federasiyaya “müştərək işləyək” təklifi ilə müraciət etsələr, dəstək verərsinizmi?

– Federasiyamız “K-1” döyüşləri keçirmək üçün yalnız təşkilatçılığa icazə verər. Hər yarış keçirdikcə onun mütləq əsasnaməsi olmalıdır. Bu əsasnamə nazirliyə və federasiyaya təqdim edilməlidir. Çünki bu, ağır idman növüdür. Allah göstərməsin, ölümlə də nəticələnə bilər.

“K-1” federasiyası deyilən bir anlayış yoxdur. Təşkilat yaratmaq üçün isə mütləq bizim federasiyanın prezidentdi Adil Əliyevə yaxınlaşmalıdırlar. Yenə deyirəm, bir döyüş, yarış keçirilirsə Azərbaycan Kikboksinq Federasiyasına yaxınlaşmalıdırlar, yarışın icazəsini almalıdırlar. Bundan sonra keçirə bilərlər.

Qışda “K-1” üzrə yarış təşkil olundu. Bunu da federasiya qəbul etmədi…

– Elədir, yarış keçirildi, federasiyamız da qəbul etmədi. Kəskin etirazımızı bildirdik, qeyri-qanuni olduğunu dedik. Geniş müzakirələrdən sonra bu yarışın qarşısı alındı, bir daha təkrar olunmaması üçün xəbərdarlıq edildi.

Axı həmin yarışı təşkil edənlər yenidən Azərbaycanda belə bir döyüşün olacağını deyiblər.

– Hər hansı bir özbaşınalıq olmazsa, icazə verilə bilər. Bu cür yarışların keçirilməsinə sırf Azərbaycan Kikboksinq Federasiyası cavabdehdir. Kimsə keçirsə belə, biz onun qarşısını zorla, qol gücünə alası deyilik.

Amma təkrar edirəm ki, kikboksinq döyüşləri sırf Adil Əliyevə həvalə edilib, onun razılığı və dəstəyi ilə olmalıdır. “K-1” döyüşləri keçirmək istəyənlər, ilk növbədə Adil Əliyevdən icazə almalıdırlar. Bizim kimi onlar da Azərbaycan idmanı üçün çalışırlarsa, qapımız hər zaman açıqdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm