• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Kasıb makedonu əfsanəyə çevirən inanılmaz yol – VİDEO + FOTOLAR

  • İdman
  • 6 İyun 2014 15:23
  • 2 356 Baxış
Kasıb makedonu əfsanəyə çevirən inanılmaz yol – VİDEO + FOTOLAR

Makedoniya tarixində Haci adını, sadəcə, Müqəddəs Dağı ziyarət edənlər daşıyırdı.

Osmanlılardan alınan “Haci” və ya “Haciu” makedonlarda öyünməyə layiq olan adama deyilirdi. Hacinin babalarından biri Müqəddəs Dağı ziyarət etdiyi üçün ailənin ilkin soyadı itirildi və nəsil Haci adıyla çağırılmağa başladı. Publika.az dünya futbolunun əfsanələrindən olan Georgi Hacinin bioqrafiyasını vərəqləyəcək.

Yoxsul uşaq

Georgi Haci 1965-ci il fevralın 5-də Makedoniyaya köçmüş kasıb bir ailədə dünyaya göz açıb. İki dəfə köç etmək məcburiyyətində qalan makedon ailəsinin uşağı kimi Haci yoxsul bir uşaqlıq həyatı keçirib. Onun futbol bioqrafiyası da çox qəribədir: kənddə doğulub, palçığın içində böyüyüb, futbol oynamağa topun arxasınca ayaqyalın qaçmaqla başlayıb.

Ailənin dördüncü uşağı olan Haci futbola çox çətinliklərlə gəlib. O, babasının və doqquz aylıq ikən ölən qardaşının adını daşıyır. Amma ailədə hər kəs ona Georgi yerinə, qısaca ”Gica” deyirdi. Gicanın ilk topunu babası düzəldib: kəsdiyi donuzun sidik kisəsini yuyub təmizləyib, sonra onu şişirdərək qurudub və nəvəsinə hədiyyə edib.

Dörd yaşında isə nənəsi ona parça top düzəldir və yalnız altı yaşında anası ona kənddən həqiqi top gətirir. Bu, həm də Hacinin kədərli uşaqlıq illərində ilk həqiqi sevinci idi.

Tələbə Haci

Haci 1975-ci ildə məşqçi Bükössinin himayəsinə keçir. Yaşı çatmadığından ilk rəsmi turniri üçün bir il gözləməli oldu və 1976-cı ildə Kostansada təşkil edilən uşaq turnirinə qədər gözləməli oldu. 24 mart 1978-ci ildə “Kostansa” klubunun üzvü, yəni 13 yaşında rəsmi olaraq futbolçu oldu.

Haci artıq yüksəlişdə idi. Zaman keçdikcə o, öz səviyyəsini artırırdı. Həm öz klubunda, həm də uşaq milli komandasında möcüzələr yaradırdı. Məktəbdə oxuduğu vaxtlarda futbola davam edir, mükəmməl oyun üslubu ilə diqqəti özünə çəkirdi. Artıq birinci division klubları Haci ilə maraqlanırdı. Hətta onu transfer etmək istəyirdilər.

Haci artıq gənc tələbə idi. O, Rumıniyada Çauşesku ailəsinin hökm sürdüyü diktator dövründə yetişmişdi. Əvvəlcə Krayova universitet komandasıyla müqavilə imzaladı (sonradan o elə həmin universitetin iqtisadiyyat fakültəsinə qəbul olundu). Bu klubda da gözəl oyunları ilə azarkeşlərin rəğbətini qazanan Hacinin “elçiləri” çoxalırdı. Ancaq bu klublar arasında onunla işləməyi daha çox istəyən Rumıniyanın məşhur və nəhəng klubu “Styaua” (Buxarest) komandası idi. Uzun müzakirələrdən sonra Haci rəsmən “Styaua”ya keçdi və təbii ki, burada Hacinin gəlişi də böyük sevincə səbəb oldu.

İlk milli oyun – Luçesku və İstanbul...

1983-cü ilin əvvəllərində milli komandanın məşqçisi Mirça Luçesku onu təlim məşq toplantısına dəvət etdi. Rumıniya milli komandası ilə 29 yanvarda keçiriləcək yoldaşlıq oyunu üçün Haci ilk dəfə İstanbula səfər etdi. İllər sonra da Luçeskuyla İstanbulda görüşəcəyini bilmədən oyunu ehtiyat oyunçular skamyasından seyr etdi.

Nə “Barsa”, nə də “Real”...

“Styau”dan sonra onu bu dəfə dünyanın nəhəng bir klubu transfer etdi. Bu komanda kral klubu “Real” idi. Bir çox Avropa klubları Hacini istəsələr də o, “Real”ı seçdi. Amma Haci bu komandada ondan gözlənilən oyunu sərgiləyə bilmədi və bir neçə aydan sonra digər bir ispan klubuna – “Barselona”ya transfer olundu.

1994-cü ildə “Barselona” ilə müqavilə imzalayan Hacinin işi heç də asan deyildi. Kataloniya klubunda əcnəbi futbolçularla – Stoiçkov, Romarioyla yarışmalı olurdu. “Barselona”nın baş məçqçisi Yohann Krayff tərəfindən bəyənilməyən Haci burada da istədiyini tapa bilmədi və “Barsa”da son oyununu 1996-cı ildə keçirdi.

“Barselona” macərasından sonra bir müddət dincəlmək istəyən Hacinin 31 yaşı tamam olsa da, o, Avropa klublarında oynamaq istəyirdi. Menecerinin Haciyə verdiyi “Meksikada oynamaq istəyərsənmi?” sualı onda ciddi məyusluq yaradır. Daha sonra Haci Türkiyə komandası olan “Qalatasaray”ın təklifini qəbul edir və “Cim-bom”la 3 illik müqavilə imzalayır.

Unudulmaz “Qalatasaray” illəri

Yohan Krayffla ulduzu heç cür barışmayan Haci Fatih Terimin istəyi ilə 1996-cı ildə “Qalatasaray”la müqavilə imzaladı. Bu müqavilədən sonra klub xeyli tənqidlərə məruz qaldı, amma Haci qınaqlara üstün performansla cavab verdi və düz beş mövsüm ”sarı-qırmızılıların” formasını geyindi.

O, karyerası ərzində ən çox elə bu formada meydana çıxdı və elə ikinci dəfə “Qalatasaray”da vurduğu çoxsaylı qollarla yadda qaldı. Hər kəsin məhəbbətini qazana bilmiş Haci 10 nömrəli forma geyinirdi. Bundan əlavə, oyunlarda göstərdiyi inanılmaz texnikası, cərimə zərbələrindən vurduğu gözəl qollarla “Qalatasaray” azarkeşlərinin unudulmaz oyunçuları arasına daxil ola bildi.

Vurduğu qollardan sonra “Qalatasaray” tribunalarından “I Love You Haci” şüarları səslənirdi. “Qalatasaray”la Türkiyə liqasında bir neçə dəfə çempionluq sevinci yaşayan Haci bu komandanın 2000 və 2001-ci illərdə UEFA və UEFA superkubokunu qazanmasında əmək sərf etdi. Bunlar Hacinin həyatının ən unudulmaz anları idi.

Georgi Haci 2000-2001-ci il mövsümünün sonunda 36 yaşda “Qalatasaray”dan ayrıldı və futbolu tərk etdiyini bildirdi. Futbola əlvida dedikdən sonra bir çox mükafatlara layiq görüldü, 2004-cü ildə Pelenin tərtib etdiyi “100 ən yaxşı furbolçu” siyahısına daxil oldu, 2007-ci ildə Rumıniyanın “ən böyük futbol əfsanəsi” elan olundu…

Baş məşqçi kimi uğursuzluq

Meydanlardan uzaq düşdükdən dərhal sonra Ruminiya milli komandasına baş məşqçi gətirilən Georgi Haci burada ondan istəniləni verə bilmədi və bir müddətlik futboldan kənarlaşdı. Daha sonra Türkiyə Super Liqa klublarından “Bursaspor”a baş məşqçilik etdi, ancaq burada da sistem yarada bilməyən Haci mövsümün sonunda istefaya göndərildi və Fatih Terimin istefasından sonra Hacı köhnə komandasına – “Qalatasaray”a baş məşqçi gətirildi.

Heç yerdə uğur qazana bilməyən Haci yenə uğuru “Qalatasaray”da tapdı. Belə ki, Haci “Cim-bom”a Türkiyə kubokunu qazandırdı. “Qalatasaray”dan sonra Rumıniya klublarından “Politexnika” və “Styau” komandalarında baş məşqçilik vəzifəsini icra etdi.

Hacinin unudulmaz sözləri

Komandası məğlub olduqda ağlamayan futbolçu ulduz ola bilməz...

Sərgən Yalçın mənim üçün Türkiyənin ən yaxşı oyunçusudur. Meydanda oyunu görən, oxuyan, Tanrıdan istedad almış mükəmməl bir futbolçudur...

Həyatımı kitaba yazsam, belə gözəl olmazdı...

Başımda düşündüklərimi ayaqlarıma uyğunlaşdıra bildiyim zaman dünyanın ən yaxşı futbolçusu mənəm...

Heç bir komanda “Qalatasaray”dan daha yaxşı ola bilməzdi. Mənim üçün hər şey çox mükəmməl idi. Digər komandalar mənə nə verə bilərdi ki? Bəlkə, daha çox pul...

Dahiliyinin sübutu

Haci “Qalatasaray”la müqavilə bağlayarkən ora əlavə bir bənd salınmasını istəyir. Klub rəsmiləri onun bu tələbini təbəssümlə qarşılayıb, dərhal da razılaşırlar.

Haci müqaviləyə ““Qalatasaray” UEFA kubokunu qazansa, mənə əlavə 250 min dollar ödəyəcəksiniz” bəndinin salınmasını istəmişdi. O vaxtlar Türkiyə klublarının belə uğura imza atacağı klub rəhbərlərinə də nağıl kimi görünürdü. “Qalatasaray” UEFA kubokunu qazanandan sonra Haci müqavilədəki həmin bəndi klub rəhbərliyinin yadına salmalı olub…

Son

Georgi Haci heç bir klubda uğur qazana bilmədi, amma “Qalatasaray”da inanılmaz çempionluqlar yaşadı. Türkiyədə gəlmiş-keçmiş ən yaxşı legioner oyunçu olduğu şübhəsizdir. Çünki məhz “Qalatasaray”da vurduğu zərbələr, dəqiq keçidlər, oyundakı çılğınlıqlar, mükəmməl texnikası ilə dünyanın bütün futbolsevərlərinin yaddaşında özünə yer tapdı.

Oğuz Ayvaz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR