Avropa macərası adadan başlayır
Bizi izləyin

İdman

Avropa macərası adadan başlayır

Avropa macərası adadan başlayır

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start veriləcək.

Publika.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində ölkə çempionu "Qarabağ" təmsil edəcək.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayır. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıdı. "Qarabağ"ın rəqibi Maltanın paytaxtı Valletta şəhərini təmsil edir. Malta Super Liqasında çıxış edən bu klub 1904-cü ildə yaradılıb. Adalılar oyunlarını 17800 azarkeş tutumu olan "Ta Qali" stadionunda keçirir. Ağdamlıların rəqibi 22 dəfə ölkə çempionu olmaqla yanaşı, 13 dəfə də Malta kubokunu başı üzərinə qaldırıb.

"Valletta" Maltanın avrokuboklarda ən böyük təcrübəyə malik klubu sayıla bilər. Bu komanda 78 avrokubok matçına çıxıb. Onların yalnız 10-da qələbəyə sevinən maltalılar, 12 görüşdə də heç-heçə ediblər və qalan görüşlərdə məğlubiyyətlə üzləşiblər. UEFA Kuboku (indiki Avroliqa) və İntertoto Kubokunda heç vaxt qələbə sevinci yaşamayan "Valletta"nın ÇL-dəki çıxışını daha uğurlu saymaq olar. Bu turnirdə keçirdiyi 34 matçın 7-də qalib gələn komanda 2 dəfə heç-heçə edib, 25 dəfə məğlub olub.

Malta klubları heç vaxt Azərbaycan klubları ilə avrokuboklarda qarşılaşmayıb. "Valleta" son mövsümdə 51 xalla ölkə çempionu olub. Çempion qızıl medalları ikinci yerdə qərarlaşmış "Birkirkara" komandasını 1 xal qabaqlamaqla qazanıb. "Valetta" son mövsümdə 32 oyunda 24 qələbə qazanıb, 5 oyunda isə heç-heçə edib. Ağdam klubunun rəqibi cəmi 3 oyunda məğlub olub. 32 oyunda rəqib qapılarına 74 dəfə yol tapan valettalılar öz qapısından 21 qol buraxıb.

Komandanı 40 yaşlı yerli mütəxəssis Gilbert Aqius çalışdırır. Futbolçu karyerası zamanı da uzum müddət bu komandada çıxış etmiş gənc mütəxəssis 2012-ci ildən "Valletta"nın məşqçisi kimi çalışır. Bu ilin yayından isə o, komandaya baş məşqçi təyin olunub.

"Qarabağ" bu yay heyətdə elə də ciddi dəyişikliklərə əl atmayıb. Elvin Yaqublu ilə Təmkin Xəlilzadəni AZAL-a icarəyə verən Ağdam təmsilçisi Jaba Dvali, Ulrix Kapolonqo və Nikolas Gelaşvili ilə vidalaşdı. Əvəzində Portuqaliyanın "Maritimo" klubundan Danilo Dias, "Neftçi"dən Tərlan Quliyev və AZAL-dan Cavid Tağıyev ağdamlıların düşərgəsinə gəlib.

Avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 9.375 reytinq xalı var. Bunun 0.500 xalı cari mövsümdə qazanılıb ki, bu da "İnter"in Avropa Liqasının ilk təsnifat mərhələsinin hər iki oyununda Moldova "Tiraspol"u üzərindəki qələbəsi sayəsində gerçəkləşib. "Qarabağ" 6.875 xalla klub sıralamasında Avropanın 199-cu komandasıdı. "Valletta" isə 4.841 reytinq xalı ilə 254-cüdür.

Çempionlar Liqası

İkinci təsnifat mərhələsi (ilk oyun)

15 iyul

21:30. Valletta - Qarabağ

Ta Qali. "Ta Qali Milli Stadionu".

Hakimlər: Adrien Jakkotte, Yohannes Vogel, Stefane De Almeyda, Sandro Şarer (hamısı İsveçrə).

Hakim-inspektor: Alan Hamer (Lüksemburq).

UEFA nümayəndəsi: Serxio Di Sezare (İtaliya).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm