Türkiyədə döyülən jurnalistlərə həmkarlarından dəstək
Bizi izləyin

İdman

Türkiyədə döyülən jurnalistlərə həmkarlarından dəstək

Xəbər vermişdik ki, “Avro-2016”nın seçmə mərhələsində Qazaxıstanla oyunu öncəsi isinmə hərəkətləri edən Türkiyə millisinin əsas qapıçısı Volkan Dəmirəl bir qrup azarkeş tərəfindən təhqirə məruz qaldığı üçün stadionu tərk edərək oyuna çıxmaqdan imtina etmişdi.

Bu zaman təhlükəsizlik əməkdaşları Volkan Dəmirəlin TT Arenadan çıxdığı anın şəkillərini çəkmək istəyən fotomüxbirlərə mane olmağa çalışıblar. Daha sonra stadionun təhlükəsizlik işçiləri fotomüxbirləri döyüb, onların fotoaparatlarını sındırmışdılar.

Bu cür hadisələr ölkəmizdə də az baş verməyib. Bizim jurnalistlər də belə hallarla üzləşir, istər polislər, istərsə də klub üzvləri tərəfindən təzyiqə məruz qalıblar. Bəs görəsən, analoji vəziyyətlə üzləşən həmkarlarımızın bu məsələyə reaksiyası necədir?

Azərbaycanda belə hücumlara, təzyiqlərə məruz qalan jurnalistlərin aqibəti necə olur?

Rəşad Ergün - Komanda.az saytının rəhbəri:

Əslində, Azərbaycanda da Türkiyədə olduğu kimi, tənqidə dözüm yoxdur. Futbolçu cameəsində ümumiyyətlə tənqidə dözüm olmur. Bunu mən də başa düşürəm. Çünki futbolçular və klubda işləyənlərin intellektual səviyyəsi aşağıdır. Onlar da tənqidə dözümsüz olurlar.

Bunu dəfələrlə yazmışıq. Azərbaycan futbolçularını ən böyük problemi odur ki, kitab oxumurlar. Kitab oxumadıqlarına, dünyadan xəbərləri olmadıqlarına görə, onlar tənqid və təhqiri ayırd edə bilmirlər. Buna görə də problem yaradırlar.

16 ildir mətbuatdayam, bəlkə, bu illər ərzində 160 dəfə belə problemlə üzləşmişik. Adi bir tənqidə görə zəng edib söyürlər.

Hətta onu deyim ki, bizim futbol azarkeşlərimizin də səviyyəsi çox aşağıdır. İstənilən bir yazıya görə, istər sosial şəbəkələrdə, istərsə də emailə yazıb söyüş söyürlər, təhqir edirlər.

Yenə deyirəm, bunun da əsas səbəbi intellektual səviyyənin aşağı olmasıdır ki, tənqidlə təhqiri seçə bilmirlər”.

“Futbolinfo.az” saytının əməkdaşı Emin Səfərov:

“Jurnalistin vəzifə borcu və hüququdur ki, hadisə yerindən istədiyi məlumatı dəqiqləşdirsin, yazsın. Buna heç kimin mane olmağa ixtiyarı yoxdur. Bu məsələyə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də yer ayırılıb. Belə ki, 163.1 maddədə qeyd olunur ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Təəssüflər olsun ki, bəzən qanunlardan xəbərsiz qoluzorlularla qarşılaşırıq. Bu da bizim hadisə yerində operativ işləməyimizə mane olur. İş orasındadır ki, stadionlarda bəzən asayiş keşikçiləri tərəfindən qaba münasibət görürük. Bu da təzyiqin bir formasıdır. Buna qədər mən də klub tərəfindən təzyiqə məruz qalmışam. Hadisəni yerində çəkiliş aparılanda klub rəsmiləri mənə qarşı çox ciddi təzyiqlər göstərmişdi. İnadkarlığımdan sonra məndən üzr istədilər, məsələ qapadıldı. Bunu onların emosionallığına bağışlamışdım. Mənə elə gəlir ki, Azərbaycanda fəaliyyət göstərən futbol klublarında çalışanlar artıq bu məsələnin ciddiyyətini başa düşüblər. Belə hallar onlar tərəfindən bir də baş versə, bu, onlara baha başa gələcək. Jurnalist öz işini görür. Buna da kimsə mane olmamalıdır. Təklif edirəm ki, vaxt ayırıb bir az qanunları oxusunlar”.

Rekord.az saytının rəhbəri Kənan Məstəliyev:

Düzünü deyim, kim həmin jurnalisti sevmirsə və ya yazdığı adamın tanışıdırsa, əks tərəfin mövqeyini müdafiə edəcək. Amma əksəriyyət - yəni istər jurnalistlər, istərsə də digər insanlar bu cür halları qınayırlar.

Hər nə olur olsun, heç bir futbolçu və ya digər ictimai adam məsələni yumruqla, fiziki güclə həll etməməlidir. Əgər nəsə etirazı varsa, bunu məhkəmə və ya danışıq yolu ilə, bir sözlə sivil qaydada həll edə bilər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm