Hakimin şərəfsiz qərarı
Bizi izləyin

İdman

Hakimin şərəfsiz qərarı

Keçən həftə hamımız xeyli üzüldük. Elə indinin özündə də bu sindromu yaşayırıq. Söhbətin nədən getdiyini, yəqin, təxmin etdiniz.

“Qarabağ” futbol komandası Avroliqanın qrup mərhələsində son oynunu keçirdi. Matçdan əvvəl sosial şəbəkələrdə, saytlarda, portallarda “Qarabağ”a dəstək şüarları, statusları yazılırdı. Hamını oyuna çağırırdılar. Rəqib İtaliyanın qocaman klublarından olan “İnter” (Milan) idi. Rəqibimiz qrupda taleyini həll etmişdi. Bu oyun onlar üçün prestij xarakter daşıyırdı. “İnter”in bir neçə aparıcı oyunçusu da Bakıya gətirilməmişdi. Cəmiyyət “Qarabağ”ın qələbəsinə köklənmişdi. Hamımız eyni şeyi düşünürdü: Qələbə!

Oyun günü günorta saatlarında şəhərin mərkəzi küçələrində gəzirdim. Şəhərdə insanların tünlüyü hiss olunurdu. Sahil bağına gəldim. Bir qrup fanat toplaşmışdı. Hamsının geyimi qara rəngdə idi. Boyunlarında “Qarabağ” klubunun şərfləri vardı. Sloqanlar səsləndirərək adamların diqqətini çəkirdilər. Getdikcə onların sayı çoxalmağa başlayırdı. Sloqanları mahnılar əvəz edirdi. “Torqovı” tərəflərdə də eyni fanat qrupları səs-küy salaraq küçələri gəzirdilər. Hiss edilirdi ki, “Qarabağ” qələbə qazanacaq...

Vaxt itirmədən evə yollanıram. “Gənclik” metrostansiyasının yaxınlığından keçirik. İnsanların çoxluğu məni vahiməyə salır. Adamlar Tofiq Bəhramov adına stadiona üz tuturlar...

Nəhayət, fit səsi eşidildi, oyun başladı. Bir qulağımız da Kiyevdə keçirilən “Dnepr”-“Sent Entyen” oyununda idi. Axı bu matçdan da çox şey asılı idi. Nə isə, keçək, bizim matça. Stadionda boş yer görmək çox çətin idi. Elə bil bütün Azərbaycan xalqı bu stadionda idi. Möhtəşəm atmosfer bizə qələbə əzmi verirdi. Bir sözlə, futbol üçün lazım olan hər şey öz qaydasında gedirdi. Oyunu qısa şərh etsək, “Qarabağ” öz oyun stlini qoruyurdu. Eyni sistem mövcud idi. Qurban müəllim kənardan həyəcanlı görünürdü. Ən böyük itkimiz isə Reynaldonun meydanda olmamağı idi. Ümidimiz Vüqar Nadirova qalmışdı. Fransızların qapısına şedevr qol vuran Vüqara. Oyun gərgin keçir, ancaq gözlədiyimiz qol gəlmirdi ki, gəlmirdi. Rəqib “İnter” elə də ciddi oynamırdı. Bu, bizə sərf edirdi. Onlar da yaxşı bilirdilər ki, bu oyun bizə lazımdır. Beləliklə, son dəqiqələr oynanılırdı. Həyəcanımız birə on artırdı. Hamımız ayaq üstəydik. Və ani bir epizod yarandı. Almeyda topu qapıdan keçirdi. “Qool!” deyərək hayqırdıq.

Elə qışqırırdım ki, səsim batdı. Bacım səsimə dik atılırdı. Atılıb-düşürdüm. Sevincimizin həddi-hüdudu yox idi. Amma sən saydığını say, gör fələk nə sayır. Saniyələr sonra hakim sevincimizi kədərə, məyusluğa qərq etdi. Qol hesaba alınmadı. “Ofsayt!”. “Ofsayt!”. “Qarabağ”ın taleyini çex hakim sonlandırdı. Qərar dəyişmədi. Komandamız üçün hər şey sona çatdı...

Sosial şəbəkələr təxminən 1 saat ancaq “Qarabağ”dan yazdılar. Hər kəs hakimi söyür, lənətləyirdi. Elə mən də onlardan geri qalmırdım. Şərəfsiz hakimin qərarı Azərbaycanı aqressiv bir hala gətirib çıxardı. Uşaqdan-böyüyə hamı hakimi təhqir edir, ən ağır söyüşlər söyür, bununla da bir növ təsəlli tapırdılar. Oyundan sonra “Qarabağ” rəhbərliyi ədalətsiz qərardan UEFA-ya şikayət ərizəsi göndərir, bəyanatlər yazırdı. Amma ədalət olmayan dünyada ədalət axtarmağın da mənası yoxdur...

Diqqətimi bir foto çəkdi. “Facebook”-da Bəhram Bağırzadənin ağlayan anda bir şəkli peyda olmuşdu. Stadionun azarkeşlər olan bölməsində Bəhram bəy kədərli halı ilə fotoyaddaşa həkk olunur. Maraqlısı budur ki, onun ətrafında olan adamlar gülümsünür. Yəqin, qoldan sonrakı qısa sevincin göz yaşlarıdır. Nəysə, zatən “Qarabağ” deyəndə bizim millət məsələyə duyğusal yanaşır...

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm