Balayevin "Ayntraxt"a transferi nisyə söhbətə oxşayır
Bizi izləyin

İdman

Balayevin "Ayntraxt"a transferi nisyə söhbətə oxşayır

2014-cü ili Azərbaycan futbolu üçün uğurlu saymaq olarmı? Uğurlu olub-olmadığına ümumi qiymət vermək çətindi, amma 100 faiz yaddaqalan olacaq. Xüsusilə də ilin sonu. «Qarabağ»ın futbol həvəskarlarına yaşatdığı həyəcan səngiməmiş, daha bir xəbər eşitdik...

«Neftçi»nin gənc qapıçısı Emil Balayevin Frankfurt «Ayntraxt»ına baxışa yollanması xəbərini, yəqin ki, heç kim ciddiyə almadı. Axı bizdə futbolçuların baxışa gedib, əli ətəyindən uzun qayıtması ənənə halını alıb. Gözlədik. Vəd olunan bir həftə də geridə qaldı. Emil Bakıya qayıtdı...

Bəli, Emil qayıtdı, amma xəbər gözləmək üçün yox, vidalaşmaq üçün. Məsələ həqiqətən də ciddi imiş. Alman saytlarını da ələk-vələk etdik. Məşhur «Kikker» nəşrindən tutmuş, Frankfurt saytlarına kimi hamısında Emillə bağlı xəbərə rast gəldik. Artıq hər kəs inana bilər ki, Emil Bundesliqada top qovacaq ilk azərbaycanlı futbolçu olacaq. Bunun rəsmiləşməsi üçün sadəcə sənədləri imzalamaq qalıb. Hələ ki, müqavilənin detalları haqda tam məlumat verilmir.

Emilin «Ayntraxt»la müqavilə bağlayacağı artıq zaman məsələsidi. Deməli, onun gedəcəyi yeri araşdırmaq vaxtıdı. «Ayntraxt» necə klubdu? Emil orada möhkəmlənə biləcəkmi? Frankfurt klubunda həmyerlimizi nə, kimlərlə rəqabət gözləyir?

«Ayntraxt» bizə tanış komandadı. Ötən mövsüm «Qarabağ»ın Avroliqanın qrup mərhələsinə gedən yolunu kəsmişdi. Hər iki oyunda səviyyə fərqini hiss etmişdik. Bundesliqanı təmsil edən «Ayntraxt» «Qarabağ»ı Bakıda da, Frankfurtda da məğlub etmişdi. Hərçənd ötən mövsümü frankfurtlular 13-cü pillədə tamamlamışdı. Bununla belə, «Qarabağ» üzərində qələbəylə başlayan avrokubok mövsümü onlar üçün uğurlu alınmışdı. Qrup mərhələsini lider kimi başa vuran «qartallar» 1/16 finalda «Portu»ya dramatik şəkildə (2:2, 3:3) məğlub olmuşdu.

Cari mövsümdə də bu komandada inkişaf hiss olunur. Yayda heyətə əl gəzdirən rəhbərlik rəqabətədavamlı komanda formalaşdıra bildi. Baş məşqçi postuna ötən mövsümün sonunda gətirilən təcrübəli Tomas Şaaf da artıq futbolçuları daha yaxşı tanıyır və onların potensialına bələddi.

Bundesliqada yeni mövsüm başladı. İlk turda «Frayburq» üzərində qələbədən sonra komandada eniş müşahidə olundu. Amma son bir ayda ardıcıl üç qələbə qazanan «Ayntraxt» turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdırdı. Bundesliqanın son turunda «Hoffenhaym»a dramatik şəkildə məğlub olmasına (2:3) baxmayaraq, Tomas Şaaf komandada əhval-ruhiyyəni yüksəldə bilib. Bəs necə oldu ki, frankfurtlular Emili gözaltı etdi? Yəni almanlar hər deyəndə Azərbaycanda qapıçı axtarışına çıxmır.

Əvvəla qapıdan söz düşmüşkən, deyək ki, almanların ən əsas diqqət yetirdiyi mövqedi. Almaniya futbolu heç vaxt qapıçı sarıdan korluq çəkməyib. Elə indi də Bundesliqada forma geyinənlər arasında 5-6 yüksəksəviyyəli qolkiper var. Balayevi almanlara Azərbaycan millisinin məşqçisi olmuş, hazırda «Ayntraxt»da işləyən Volfqanq Rolf və millimizdə onunla birlikdə çalışan klubun sabiq qapıçısı Uli Ştayn məsləhət görüb. Onların vasitəçiliyi ilə həmyerlimiz Frankfurta baxışa yollanıb və bəyənilib.

«Ayntraxt»ın əsas qapıçısı Kevin Trapp da istedadına görə öndə gələnlərdəndi. Amma mövsümün əvvəlində onun zədələnməsi müəyyən problemlərə yol açdı. Düzdü, onu ikinci qapıçı Feliks Vidvald əvəzləsə də, rəhbərlik təcili olaraq veteran Timo Hildebrandla müqavilə bağladı. Amma indi onun yanvarda Frankfurtdan ayrılmaq ehtimalı var. Bu yaşda ehtiyatda oturmaq istəməyən Timo cari mövsümdə ilk oyununa iki-üç gün əvvəl «Hoffenhaym»la matçda çıxdı. Almaniya mətbuatı məhz o, klubdan ayrıldığı üçün «Ayntraxt»ın Emil Balayevlə maraqlandığını yazır. Baxmayaraq ki, Frankfurt klubunun baş məşqçisi Tomas Şaaf açıqlamalarında Emili tərifləyib və onun istedadlı qapıçı olduğunu bildirib. Amma hələ konkret müqavilə məsələlərindən söhbət getmir. Getmirsə, deməli, hələ 100 faiz əminliklə danışmaq tezdi. Emil dünən keçirdiyi mətbuat konfransında da müqavilə barədə danışmadı. Məsuliyyəti də almanların üstünə atdı ki, onlar bu barədə məlumat verəcək. Olsun. «Transfer pəncərəsi»nin açılmasına 10-15 gün qalıb.

Hərdən adamın inanmağı gəlmir. Doğrudanmı Bundesliqada azərbaycanlı futbolçu oynayacaq? İnanmaq çətindi. Almaniya mətbuatına inansaq, Emilin «Ayntraxt»a keçidi 35 yaşlı Hildebrandın kefindən asılıdı. Frankfurt klubuyla mövsümün sonuna kimi müqaviləsi olan veteran qolkiper yanvarda ABŞ-a yollanmağa qərar versə, Balayevin yolu açılacaq. Getməsə...

Emil cari mövsümdə «Neftçi»nin heyətində 8 oyunda meydana çıxıb. 646 dəqiqə meydanda olan 20 yaşlı istedadlı qolkiper 6 top buraxıb. 4 oyunda qapısını toxunulmaz saxlayan Balayevin «Neftçi»ylə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm