• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Barselona”da üsyan: Puyol da getdi, azarkeşlər prezidentin istefasını tələb edir

  • İdman
  • 6 Yanvar 2015 11:26
  • 2 350 Baxış
“Barselona”da üsyan: Puyol da getdi, azarkeşlər prezidentin istefasını tələb edir

“Barselona”da vəziyyət getdikcə gərginləşir. Son oyunlarda qeydə alınan uğursuz nəticələr isə ehtimalları bir daha doğruldur. Kataloniya klubu ardıcıl iki səfər oyununda rəqib qapısına yol tapa bilməməklə 8 illik seriyaya son qoydu. Bütün bunlar təsadüfdürmü? Oxşamır...

Publika.az xəbər verir ki, “Barselona” düşərgəsində müəyyən gərginlik var. Bunu son günlərdə yayılan xəbərlərdən də hiss etmək mümkündür.

Dünən klubun idman direktoru Andoni Subisarreta vəzifəsindən qovulub. İstefa ərizəsini qəbul edən prezident Xosep Mariya Bartomeu Subisarretaya xidmətlərinə görə təşəkkür bildirib:

“Klubumuz adından Subisarretaya gördüyü işlərə, peşəkarlığına və sadiqliyinə görə minnətdarlıq edirəm. Son 4 ildə komandanın inkişafında onun da danılmaz xidmətləri olub”. Bununla məsələ qapanırmı? Xeyr...

Hər şey göründüyü qədər sadə deyil. Subisarretanın ardından onun köməkçisi Karles Puyolun da fəaliyyətini dayandırması artıq prinsip məsələsidi. Puyol ötən ilin yayında karyerasını bitirdikdən sonra idman direktorunun assistenti kimi işləməyə başlamışdı. Uzun illər Kataloniya klubunun kapitanı olan, 1999-2014-cü illərdə 6 dəfə İspaniya çempionu, iki dəfə İspaniya kubokunun, 5 dəfə ölkə superkubokunun sahibi olan, üç dəfə də Çempionlar Liqası kubokunu başı üzərinə qaldıran əfsanə həm də istəkli idi, çox istəkli idi. Birdən-birə niyə işdən soyusun? Nə səbəbə? Bütün yollar prezidentə istiqamətlənir.

Məsələ burasındadır ki, bir müddət əvvəl Subisarreta “Barselona”ya prezident seçkilərində iştirak etmək istədiyini bildirmişdi. Onun 1986-1994-cü illərdə bu komandanın şərəfini qoruduğunu nəzərə alsaq, azarkeşlər arasında müəyyən nüfuza malik olduğu şübhəsizdir. 2010-cu ildən də klubun idman direktoru vəzifəsində çalışan Andoni idarəetmədə də artıq yetərincə təcrübə qazanmışdı.

Mətbuatdan gizli saxlanılsa da, Subisarretanın qovulmasının başqa səbəbləri də var. İdman direktoru postunda 4 illik fəaliyyəti dövründə Andoninin transferlərə 441 milyon avro xərclədiyi əsas gətirilir. Başqa sözlə, orta hesabla hər il transferlərə 110 milyon avro xərclənməsi Bartomeunu razı salmayıb.

53 yaşlı Subisarreta 4 il ərzində 14 futbolçunun transferinə qol qoyub. Onların adlarını və qiymətlərini təqdim edirik: David Vilya (40 milyon avro), Xavyer Maskerano (22), Adriano (10), İbrahim Afellay (3), Sesk Fabreqas (34), Aleksis Sançes (27), Neymar (115,3, vergidən yayınmaya görə verilən cəriməylə birlikdə), Luis Suares (81), Jeremi Matye (20), İvan Rakitiç (18), Klaudio Bravo (12), Andre Ter Şteqen (12), Tomas Vermalen (10), Duqlas (4,5).

Bir az ədalətli danışsaq, bu transferlərin arasında “Barsa”nın son illərdəki uğurlarında pay sahibi olanlar az deyil. Vilya, Maskerano, Aleksisi misal göstərmək olar.

Hardan baxsan şübhəli məqamlar ortaya çıxır. Bu azmış kimi Subisarreta istefa verəndən sonra bir açıqlamayla vəziyyəti daha da gərginləşdirdi və bir az irəli gedib deyə bilərik ki, istəyinə nail oldu: “Barselona”ya qoyulan transfer qadağasına görə klubun prezidenti Xosep Bartomeu məsuliyyət daşıyır”. Bu açıqlamadan sonra “Barsa” fanatları ayağa qalxıb. Azarkeşlər həm prezidentin, həm də baş məşqçinin işindən narazıdır. İspaniyanın “Marka” nəşri Bartomeunun prezident postundakı fəaliyyətiylə bağlı azarkeşlər arasında sorğu keçirib. Nəticə gözlənilməz olub. Klub prezidentinin işindən narazı olan azarkeşlər Bartomeunun istefa verməsini istəyib.

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR