• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“QIZIL TOP”: Yaşıl meydanların “nəqqaş”ı - VİDEO+FOTOLAR

  • İdman
  • 9 Yanvar 2015 20:05
  • 5 664 Baxış
“QIZIL TOP”: Yaşıl meydanların “nəqqaş”ı - VİDEO+FOTOLAR

Yeni ili də qarşıladıq. Indi hamının qulağı səsdədi. Nə üçün? Əlbəttə, “Qızıl top”un yeni sahibinin kimliyini öyrənmək üçün.

Ötən ilin sonlarında üç namizəddən biri - Manuel Noyerdən yazmışdıq. Bu qapıçının 2014-cü ildə sərgilədiyi futbolun mükafata layiq olduğunu bildirmişdik. İndi növbə Kriştiano Ronaldonundur.

«Qızıl top»un kimə çatacağı sualı hələ də aktuallığını itirməyib. Səsvermə ilin sonunda başa çatır. Bəlkə də artıq qalibin adı sorğunu təşkil edənlərə məlumdur. Amma biz bilmirik. Bütün dünya 2014-cü ilin ən yaxşı futbolçusunun adını yanvarın 12-də öyrənəcək.

Publika.az isə Ronaldonun ötən il keçdiyi yola nəzər salacaq və portuqaliyalı futbolçunun istedadından danışacaq.

Bu gün bütün dünyada azarkeşləri iki hissəyə bölmək olar: Ronaldosevərlər və Messisevərlər.

Hər iki tərəf öz pərəstişkarını dünyanın ən yaxşısı sayır. Hərəsinin də özünə görə səbəbləri var. amma biz bu mübahisənin iştirakçısı olmaq niyyətində deyilik. Ronaldonun necə futbolçu olduğunu bir daha gözdən keçirəcəyik.

“Qol maşını”

Ronaldodan söhbət düşəndə ilk ağıla gələn əzmkar, sürətli, özünəbaxan, qələbə üçün alışıb-yanan, meydana yalnız və yalnız qələbə üçün çıxan bir futbolçu gəlir. Hər dəfə onu hesabdan silmək istəsələr də, Ronaldo bir sıçrayış edir və dünyanın ən yaxşısı olduğunu sübut etməyə çalışır. 2013-cü ildə fenomenal futbol sərgiləyən portuqaliyalı “sehrbaz” 2014-də bir az da “artırdı”. Cari mövsümə də fantastik start verən Ronni sadəcə “qol maşını”nı xatırladır. Onun qabağını kəsmək mümkünsüz görünür. Adam qabağına çıxana qol vurur. Gəlin 2014-cü ildə onun statistikasına ümumi nəzər salaq. Ötən mövsüm “Real”da və Portuqaliya millisində 62 qol vuran Kris cari mövsümdə də La Liqada 26 dəfə fərqlənib. Bu mövsüm Ronaldo La Liqada cəmi iki, Çempiuonlar Liqasında isə bir oyunda meydanı qolsuz tərk edib. Heç bilirsiz bu nə deməkdir? Hətta Messinin də ondan geri qaldığını görmək üçün bombardirlər siyahısına baxmaq kifayət edir. 2014-cü ilin ən yaxşı oyunçusu olmağa real namizəd məhz Kriştiano Ronaldodur. Amma...

Bir əmma var ki, Portuqaliya millisinin dünya çempionatında uğursuz çıxış etməsi onun qələbəsinə mane ola biləcək yeganə səbəbdir. Başqa heç bir şey onun qarşısını kəsə bilməz.

Səbəb 1. Vurduğu qollar

O, sadəcə qol maşınıdır. Ümumiyyətlə, hansı yolla olur-olsun, rəqibin qapısına yol tapırsa, başqa arqument axtarmağa dəyərmi? Qol futbolun bəzəyidir deyirlər. Belə çıxır ki, Ronaldo da mahir nəqqaşdır. Qol vurmadan titul qazanmaq olarmı? Hətta müdafiəyönlü komandalar belə bir qol vurmasa, qələbə qazana bilməz. O isə təkbaşına hər oyunda qol vurur. Hətta elə komandalar var ki ümumilikdə onun qədər qol vura bilmir.

Səbəb 2. Qazandığı titullar

Titul baxımından problem yoxdur. “Real” ötən ilin ən yaxşı komandasıdır. Çünki 6 mümkün tituldan dördünü qazanıb. İlk növbədə qitənin ən nüfuzlu klub turnirinin qalibi, eyni zamanda 17 qolla bombardiri olub.

Bundan başqa, İspaniya kubokunu, Avropa superkubokunu qazanıb. İlin sonunda isə “Kral klubu” klublararası dünya çempionatının da qalibi oldu. Düzdür, ilin son turnirində Ronaldo qol vura bilmədi. Amma bunu faciəyə çevirmək lazım deyil. Əsas odur ki, o da kuboku başı üzərinə qaldıranlardan biri olub.

Səbəb 3. Favoritdir

Gələk indiki namizədlər arasındakı rəqabətə. Noyer haqda geniş məlumat vermişdik (http://publika.az/p/58694). Belə baxanda budəfəki səsvermədə Ronaldo əsasən Meesidən yox, alman qapıçıdan çəkinməlidir. Sözsüz ki, Leo da bu günün ən yaxşılarından biridir. Bilirsiz, vəziyyət elədir ki, Ronaldo və Messini bir-birindən ayırmaq çox çətin məsələdir. Hər ikisi fantastik oyunçudur, hər ikisi dahidir, hər ikisi başqa planetdən gəlmiş futbolçuya bənzəyir. Amma nə qədər fərdi keyfiyyətlər ön planda olsa da, il ərzində qazanəlan uğurların seçimə təsiri şübhəsizdir. Odur ki, Ronaldo bu mənada Messidən arxayın ola bilər. Birinci olmasa da, ikincilik Kriştianonun olacaq. ən pis halda.

Sağlığında ona heykəl qoyuldu

Ronaldo üçün ötən il daha bir əlamətdar hadisəylə yadda qaldı. Portuqaliyada, doğulduğu Madeyrada ulduz futbolçunun şərəfinə bürüncdən heykəl qoyuldu. Hündürlüyü 3,4 metr olan abidə braziliyalı heykəltəraş Rikardo Velosa tərəfindən hazırlanıb. Ronaldonun özü də heykəlin açılış mərasimində iştirak etmişdi.

Ağlasığmaz motivasiya

Ronaldonun bir özəlliyi də var. Heç vaxt “bəsdir” demir. Fiziki cəhətdən çoxlarına meydan oxumağı bacaran Ronni açıqlamalarında daha yaxşı olmaq üçün məşqlərdə həvəslə çalışdığını deyir: “Düzdür, ola bilər mən indi yaxşı oynayıram. Amma ildə-ilə daha yaxşı olmaq istəyirəm. Vaxt gələcək, yaxşı oynaya bilməyəcəm, onda əla statistikam olacaq. Elə indi də qol və ötürmə baxımından pis deyiləm. Bu səviyyəni qorumağa çalışıram. Hədəfim bütün fərdi və komanda titullarını qazanmaqdır. Heç vaxt futboldan yorulmuram”. Belə motivasiyalı açıqlamanı başqa hansı futbolçu verə bilər?

Bir rəqibi var

Müasir futbolda Ronaldoyla müqayisə oluna biləcək bir futbolçu var: Lionel Messi. Ötən il portuqaliyalı "Barselona"nın hücumçusunu La Liqada və Çempionlar Liqasında qol sayına görə geridə qoydu. Cari mövsümdə də argentinalı futbolçu Ronaldodan 10 top geri qalır. 2014-cü ildə də Ronaldo qol sayinda Messini qabaqladı. Leo bu fərqi DÇ-2014-dəki qələbəylə sığortalaya bilərdi ki, almanlar buna imkan vermədi.

Ölkə başçısının təbriki

“Mən Kriştianonu təbrik edirəm və Portuqaliya xalqına göstərdiyi xidmətlərinə görə təşəkkür etmək istəyirəm. Bütün karyerası ərzində Ronaldo peşəkar futbolçu kimi inanılmaz əzmkarlıq göstərib. Onun istedadı sərhəd tanımır”.

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR