• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Bu il çox əhəmiyyətli olacaq”

  • İdman
  • 12 Yanvar 2015 14:18
  • 376 Baxış
“Bu il çox əhəmiyyətli olacaq”

Tarixdə ilk dəfə olaraq bir neçə idman növünü özündə birləşdirən Avropa Oyunları 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək. Oyunlarda təqdim olunacaq idman növlərindən biri də kişi idman gimnastikasıdır.

Azərbaycanda idman gimnastikası ötən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başlayıb. İlk respublika çempionatı 1939-cu ildə Bakıda keçirilib, Valeriy Belenkiy isə ölkənin ən tanınmış gimnastı adını qazanıb.

Hazırda Azərbaycan Gimnastika Federasiyası bu idman növünün inkişafını davam etdirir və ən balaca idmançılar arasında müxtəlif yarışların keçirilməsi, həmçinin ölkə daxilində yeni idman bölmələrinin açılması gələcəkdə ölkədə yetəri qədər güclü gimnastların olacağına ümid etməyə əsas verir.

Avropa Oyunları ərəfəsində federasiyanın mətbuat xidməti dünya kubokunun bürünc mükafatçısı və Azərbaycanın hazırki çempionu Oleq Stepko ilə həmsöhbət olub. Məhz o, bu irimiqyaslı idman tədbirində ölkəmizi təmsil edəcək namizədlərdən biridir.

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?

- Əslində əvvəllər mən eyni vaxtda iki idman növü ilə məşğul olurdum - gimnastika və üzgüçülüklə. Daha sonra seçim etmək məcburiyyətində qaldım və gimnastikanı seçdim. Bəlkə də, bu idman növü üçün xüsüsi keyfiyyətlərim vardı, əlavə olaraq məşqçilərim müəyyən nəticələr əldə edə biləcəyimi bildirmişdilər.

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?

- Fikirləşirəm ki, yox. Təəsüf ki, cəhd etməyə də boş vaxtım yoxdur.

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?

- Hər yarışda müxtəlif hisslər keçirirəm və onların hər biri fərqli qəbul olunur. Müxtəlif yarışlarda eyni emosiyaları yaşamaq mümkün deyil. Bəzən elə olur ki, emosiyalar olmur. Sadəcə öz proqramımı yerinə yetirib, meydançanı tərk edirəm.

- Fikrincə, gimnastikada vacib olan nədir?

- Mənə elə gəlir ki, gimnastikada ən vacib şey istəkdir. Hətta ən istedadsız insandan idmançı etmək mümkündür, sadəcə istək olsun. Fiziki bacarıq isə digər məsələdir.

- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?

- Hər idman növünün özünəməxsus riski var, lakin mən yenə də hesab edirəm ki, gimnastika ən travmatik növdür. Bizə uşaqlıqdan kiçik zədələrdən necə qaçmağı öyrədirlər və hətta kənardan gələn adamlara da məşqçi verdiyi nəsihətləri öyrədirik.

- İdmanda kumirin varmı?

- Kumir – bir az geniş anlamdır, sadəcə öz nailiyyətləri ilə dünyada tanınmış və böyük uğurlar qazanmış insanlar var. Məhz həmin insanlar mənə nəticələr əldə etməyə stimul verir. Misal üçün, boksçu Vasiliy Lomaçenko və digər bir neçə idmançı. Onlar artıq peşəkardırlar və tədricən yaxşı nəticələr göstərməyə başlayıblar.

- Yaxın gələcək üçün idman planlarından danış bir az.

- Öncədən nəsə düşünüb, danışmaq istəmirəm. Bu il əhəmiyyətlidir, bir çox əsas yarışlar, həmçinin mart ayında Açıq Birgə Azərbaycan Çempionatı, daha sonra Avropa Çempionatı, Avropa Oyunları, Dünya Çempionatı və Dünya Kubokları keçiriləcək. Belə ki, bu il çətin olacaq. Ona görə də hər hansı bir nəticə planlaşdırmaq istəmirəm. Belə olmasın ki, bir nəticə dedim, amma başqa nəticə əldə etdim.

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?

- Avropa Oyunları mənim üçün Avropa Çempionatı kimi bir yarışdır, sadəcə olaraq, özündə bir neçə idman növünü birləşdirdiyinə görə, daha irimiqyaslı və möhtəşəmdir. Oyunlara hazırlaşmağa daha sonra başlayacağam, beləki qarşıda 4 ay və bununla yanaşı digər yarışlar da var.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?

- Heç bilmirəm, idmandan başqa tək istəyim sadəcə doyunca yatmaqdır. Məşqlər bütün vaxtımı və gücümü aldığına görə başqa bir işlə məşğul olmaq arzum yoxdur. Gələcək planlara gəldikdə isə.. hələlik düşünməmişəm, çünki mənim üçün idman birinci yerdədir.

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?

- Çətindir, amma bəzən bu mümkündür.

- Sevdiyin şəxs varmı?

- Şəxsi həyat üçün vaxtım yoxdur və hesab edirəm ki, peşəkar karyera ilə məşğul olduğun zaman, şəxsi həyatı başqa vaxta keçirmək lazımdır. Daima məşq edən və yanında olmayan birinə hər kəs dözə bilməz. Yəqin ki, elə həmin sahədən olan insanı axtarmaq lazımdır.

- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?

- Hələ ki, azarkeşlərim yoxdur. Mən hesab edirəm ki, azarkeşlər idmançıya yox, ölkəyə azarkeşlik edirlər.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR