“Yeddi bacı”dan “ortancıl”ını 1 avroya satdılar
Bizi izləyin

İdman

“Yeddi bacı”dan “ortancıl”ını 1 avroya satdılar

İtaliya A seriyası vaxtilə Avropanın ən güclü çempionatı sayılıb. 21-ci əsrin ilk onilliyində baş verənlər Apennin futboluna elə bir zərbə vurub ki, hələ də əvvəlki səviyyəni bərpa etmək olmur. Klublar da maliyyə burulğanında çabalamaqda davam edir.

Bir vaxtlar İtaliyada “7 bacı” ifadəsi vardı. “Yuventus”, “Milan”, “İnter”, “Roma”, “Latsio”, “Fiorentina” və “Parma” daim A seriyasında yüksək hədəflər uğrunda oynadığı üçün yerli futbol ictimaiyyəti tərəfindən qəbul olunmuşdu. Amma indi hərəsi bir dərədədir. Milan nəhəngləri qəzaya uğrayan vertolyot kimi canıyla əlləşir. “Latsio” və “Fiorentina” çempionluq mübarizəsinin necə olduğunu unudub artıq. “Parma”dan isə danışmağa dəyməz. Ya da ki, bir az danışaq. Son vaxtlar maliyyə sıxıntısı keçirən "Parma" satılıb. Bilirsiz neçəyə?

Publika.az xəbər verir ki, klubun sahibləri - Tomasso Cirardi və alban biznesmen Rezart Taçi "Parma"nı 1 avroya Sloveniyanın "Mapi Grup" şirkətinə satıblar.

Klub sahiblərinin komandanı havayı təslim etmələrinə səbəb burada borcun ən yüksək səviyyəyə çatmasıdır. Bir müddət öncə İtaliya Futbol Federasiyası borclarını vaxtında ödəmədiyindən A seriyasında parmalıların 1 xalını çıxmışdı. Komandanın ən tanınmış üzvlərindən Antonio Kassano da bir neçə gün öncə klubdakı maddi sıxıntılara görə komandadan ayrılmışdı.

Kluba yeni prezident təyin olunmuş Campyetro Manenti "Parma"nı çoxdan almaq istədiklərini, klubun maddi vəziyyətini tezliklə qaydasına salmağa çalışacaqlarını deyib.

"Parma" 90-cı illərdəki uğurlarıyla tanınmışdı. Klub həmin illərdə bir dəfə Kuboklar Kubokunu, iki dəfə UEFA kubokunu, üç dəfə isə İtaliya kubokunu qazanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm