Federasiyada yenə ara qarışdı - Mütəxəssislər bir-birinin “ətini yeyir”
Bizi izləyin

İdman

Federasiyada yenə ara qarışdı - Mütəxəssislər bir-birinin “ətini yeyir”

Ağır Atletika Federasiyasında problemlərin olması barədə məlumat vermişdik.

Publika.az-ın əldə etdiyi məlumata görə, bir müddət sakitliyin hökm sürdüyü qurumda yenidən hər kəs bir-birinə “dəyib”. Bəzi məşqçilər və mütəxəssislər arasında problem yaranıb. Belə ki, qurumda çalışanlar bir-birinin keçmiş uğurunu və postunu qısqanmağa başlayıb. Artıq idmançılar bir kənara qalıb, müzakirə mövzusu mütəxəssislər olub.

Federasiyada köhnə-təzə söhbəti

Aldığımız digər məlumat isə yığmanın keçmiş baş məşqçisi Zlatan Vanaevlə bağlıdır. Postundan uzaqlaşdırılsa da, hamıda təəccüb yaradan onun millidə bəzi işlərə hələ də qarışmasıdır. Düzdür, əvvəlki xidmətlərini nəzərə alaraq, onun ölkəmizdə qalıb klubların birində işləməsi üçün şərait yaradılmışdı. Lakin maraqlıdır ki, Vanaevi deyəsən bu iş qane etməyib. Çünki o, hələ də federasiyanın işlərinə yersiz müdaxilələr edir. Elə bəzi idmançıları da narahat edən budur - yeni baş məşqçi Tamas Feherdirsə, Zlatan Vanaev kimdir?

Deyəsən qurumun özü də bu suala hələ cavab tapmayıb ki, Feherin səlahiyyətləini məhdudlaşdırıb. Millidən kənarda qalmış güclü idmançılardan yararlanmaq istəməyən federasiyanın “başı çox qarışıb”.

Həm milliyə kənardan güclü idmançılar cəlb etmək istəmir, həm yeni baş məşqçinin səlahiyyətlərinə limit qoyur, həm də əlində olan yerli mütəxəssislərdən istifadə etmir. Görəsən federasiya nə düşünür?

Suallarımızı quruma ünvanlamağı çox istərdik. Amma bildirək ki, AAAF-nın nə mətbuat katibi var, nə də suallara cavab verəcək şəxsi...

Sadəcə qurumun baş katibi vəzifəsində çalışan, özü yüngül atlet olmuş Yavər Hacıyev var. Yavər müəllimlə də əlaqə saxlayıb suallara cavab tapmaq müşkül məsələdir. Çünki Yavər müəllimin bir cavabı var: “Suallarınızı emaillə göndərin, baxılıb cavab veriləcək”.

Təbii ki, verəcəyimiz sualların sayından asılı olmayaraq, emailə göndərməyimiz “əmr” edilir. Sualı təkrar edib soruşduqda isə əsəbi halda şablon cavabı təkrarlanır – “suallarınızı emaillə göndərin, baxılıb cavab veriləcək”.

Elektron ünvana göndərilən sualların isə neçə günə cavablanacağını Allah bilir.

Hazırlıqsız federasiya yarışa “hazırlaşır”

Məlumat üçün bildirək ki, federasiyanın təqvim planına əsasən millilərimizi bu il 6 turnir gözləyir. Ən yaxın yarış isə martın 10-18-də Türkiyənin Antalya şəhərində keçiriləcək İslam Həmrəylik Oyunlarıdır. Yığmamız həmin yarışa 15 idmançı ilə qatılmalıdır.

Dopinqdə cəzalanan olimpiya mükafatçımız məşqlərdə...

Federasiya üçün sevindirici məlumatlardan biri də dopinqdə adı hallanan, 2 il müddətinə cəzalandırılan olimpiya mükafatçımız Valentin Xristovun məşqlərini davam etdirməsidir. Artıq bir neçə aydır ki, məşqlərə start verən V.Xristov əvvəlki formasına qayıtmaq üçün əlləşir. Bu müddət bitdikdən sonra idmançının yarışlarda iştirakına heç bir əngəl qalmır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm