Dünyanın ən yaşlı futbolçusu – “Kral Kazu” hələ də qol vurur
Bizi izləyin

İdman

Dünyanın ən yaşlı futbolçusu – “Kral Kazu” hələ də qol vurur

Kazuyoşi Miura – Bu ad güman ki, çoxları üçün tanış deyil. Halbuki Uzaq Şərqdə - Yaponiyada adi söhbət əsnasında 'King kazu" (Kral kazu) ifadəsini işlətdiyiniz zaman əfsanədən bəhs etdiyiniz dərhal anlaşılır. Bəs, Kazuyoşi Miuranı bu qədər məşhur edən nədir?! “Kral Kazu” 33 ildir fasiləsiz olaraq meydanlarda top qovur.

Publika.az II taym layihəsi çərçivəsində 48 yaşlı futbolçu Kazuyoşi Miura haqqında məlumat verəcək.

Onun Avropa klublarına transfer səbəblərindən biri də Asiyadakı azarkeşləri daha çox cəlb etmək idi. Yapon oyunçu "Cenoa"da ondan gözlənilən performansı sərgiləməsə də, formaları ölkəsində çox satılırdı. O, həmçinin İtaliyada oynayan ilk yapon futbolçudur. Hazırda 48 yaşının olmasına baxmayaraq, Yaponiyanın "Yokohama" klubunda forma geyinir.

“Gəzəyən” futbolçu

İtaliyadakı ilk yapon futbolçu olaraq tanınan Kazuyoşi Miura 1967-ci il fevralın 26-da Yaponiyanın Şizuoka şəhərində anadan olub. Atası və anası oğullarının futbol sevdasına dəstək verib. Çünki Kazu ölkənin ən önəmli özəl məktəblərindən biri olan Şizuoka Qakuendə həm oxuyur, həm də məktəbin ölkə səviyyəsində məşhur olan futbol komandasında oynayır. Ancaq onun futbola olan sevgisi o qədər böyük idi ki, Kazu ölkə xaricinə çıxmağı qarşısına məqsəd qoymuşdu. O, 1982-ci ildə 15 yaşında olarkən məktəbi yarımçıq buraxaraq, təkbaşına Braziliyaya gedir. Məqsədi futbolu “sambaçılar” kimi oynamaq idi. Buna görə də qısa vaxt ərzində, sınaqlara qatılır və San-Paulunun əsas klubu olan "Atletiko Yuventus"un gənclərdən ibarət komandasına seçilir. Bu komandada 4 il forma geyinir. Sonra peşəkar karyerasını “Santos”da davam etdirmək istəsə də, burada cəmi iki oyunda meydanda göründü. Daha sonra, Braziliya turuna çıxdı, hər mövsümü fərqli komandada keçirdi.

Alekslə onu birləşdirən cəhət

1989-cu ildə "Fənərbaxça"nın əfsanəvi kapitanı Aleksin sonuncu komandası "Koritiba" ilə anlaşır. Bir mövsüm şərəfini qoruduğu “Koritiba”da 21 matça çıxır və 2 qola imza ata bilir.

Paranaense çempionluğunu qazanan "Koritiba"nın heyətində oynamaq, onun üçün böyük üstünlük idi. "Santos" da onun gələcəyinə inamını itirmirdi. Buna görə də ikinci dəfə "Santos"a transfer edilir. Burada ikinci gəlişində çıxdığı 11 matçda üç qol vurur. Ancaq başına gələn zədə problemi üzündən transferə çıxarılır.

Ölkəsində “partlayış” etdi

Kazuyoşi Miura artıq 23 yaşına çatmışdı. Artıq daimi əsas heyətdə oynamaq haqda düşünürdü. Bu şəraiti ona əvvəlki adı "Yomiuri" olan, indiki "Tokio Verdi Kavazaki" klubu yaratdı. Miura sıravi vətəndaş kimi çıxdığı vətəninə ulduz kimi qayıtdı.

Səkkiz il oynadığı "Tokio Verdi"də keçirdiyi 192 matçda 100 qol vurdu (1990-1998). Orta hesabla çıxdığı hər iki oyundan bir mütləq rəqib qapısına yol tapırdı.

Məhz onun qolları sayəsində “Tokio Verdi” dörd il ard-arda çempion oldu, iki dəfə Yaponiya kubokunu qazandı. Komandası kimi Kazunun da nüfuzu gündən-günə artırdı. O, artıq Yaponiya millisinin də əvəzolunmaz oyunçusu idi. 1992-ci ildə Kazu milli komandayla birlikdə Asiya çempionluğunu da qazanır. Yaponiya millisi finalda Səudiyyə Ərəbistanını 1:0 hesabıyla məğlub edərək kuboka sahib çıxır. Kazu da turnirin ən dəyərli oyunçusu seçilir. 1993-cü il də onun üçün uğurlu alındı. "Tokio Verdi" çempion, Kazu ikinci dəfə Yaponiyada ilin futbolçusu oldu. Yaponiya liqasının ən dəyərli futbolçusu seçildiyi dövrdə, idman adına verilən və ən yüksək səviyyəli mükafat olan "Yaponiya Peşəkar İdman Mükafatı"nı da qazandı.

İtaliya torpaqlarındakı ilk “Samuray”

Miuranın bu uğurlarının səsi Avropaya da yayılır. İlk olaraq İtaliya qapılarını onun üzünə açır. Gözü yüksəklərdə olan "Cenoa" qeyri-adi bir həmlə edərək İtaliya torpaqlarına “Samuray” gətirir. İtaliyadakı ilk yapon futbolçu kimi tarixə düşən Kazu 1994-cü ildə bu komanda ilə müqavilə imzalayır. Hər kəs ondan çox şey gözləyirdi. "Cenoa" ilk matçını “San-Siro”da “Milan”a qarşı keçirir. Hər şey yaxşı getdiyi vaxtda o illərdə yaşanan bir tendensiyayla üzləşir: “İtaliyada oynayan hücumçu bir gün mütləq Franko Bareziylə qarşılaşacaq”. Matçın 15-ci dəqiqəsində Bareziylə ikili mübarizədə Kazunun burnu qırılır və matçı yarımçıq tərk edir. Debüt oyununda başına gələn bədbəxtlik mövsüm boyu onu qarabaqara izləyir. Bundan sonra qol duyumunu da itirir.

Düzdür, Kazu İtalyada ondan gözləniləni verə bilməsə də, “Cenoa” azarkeşlərinin yaddaşında iz buraxır. 21-i A seriyasında olmaqla 23 dəfə “Cenoa”nın formasını geyinən Miura yalnız bir qol vurur. Di gəl ki, həmin qolu İtaliya azarkeşlər hələ də xatırlanır.

“Cenoa” üçün özəl qolu

Çıxdığı bəlkə də ən önəmli qarşılaşma Genuya derbisi sayılan "Sampdoriya" matçı olur. Hesab 2:2 olarkən səhnəyə Kazu çıxır. O, son dəqiqələrdə fərqlənməklə derbiyə damğasını vurur. Bununla da "Sampdoriya"nın və İtaliya millisinin qapıçısı Valter Zenqanı sözün əsl mənasında dəli edir. Çünki Zenqa həmin qoldan sonra rəqibə hücum çəkir və qırmızı vərəqəylə meydandan qovulur. Kazunun möcüzə qolu isə "Cenoa"nı bir daha şəhərin imperatoru edir.

2005-ci ildən “Yokohama”nın şərəfini qoruyan 48 yaşlı “qoca” arabir qol vurmağa da imkan tapır. Bir sözlə o hələ də “kral” titulunu qoruyur.

Millinin gözü

“Kral Kazu” milli karyerasını 15 il əvvəl başa vurub. O, 1990-2000-ci illərdə millinin heyətində forma geyinib, 89 oyunda 55 qola imza atıb. Kazu keçən il jurnalistlərdən birinin “nə vaxta kimi oynayacaqsan” sualına belə cavab verib:

“Yaş mənim üçün problem deyil, daha uzun müddət futbol oynamaq istəyirəm. 50 yaşına qədər futbol oynayaraq ingilislərin əfsanəsi Ser Stenli Mattyuzu ötmək istəyirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm