Sosial
Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
Türkiyədə tütün məhsullarına qarşı sərt məhdudiyyətlərin tətbiqi ilə bağlı geniş müzakirələr başlayıb. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən hazırlanmış yeni qanun layihəsi ölkədə tütün istifadəsinin mərhələli şəkildə aradan qaldırılmasını, 2040-cı ilə qədər isə tam imtinanı nəzərdə tutur.
Türkiyə mətbuatının, o cümlədən “Hürriyet” qəzetinin məlumatına görə, hazırlanan layihə çərçivəsində tütün məmulatlarının yalnız istifadəsi deyil, eyni zamanda istehsalı, satışı və idxalı da tam şəkildə qadağan oluna bilər. Bu isə ölkədə siqaret və digər tütün məhsulları bazarında köklü dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir.
Məlumata əsasən, qanun layihəsi birdən-birə qadağa deyil, mərhələli keçid modelini nəzərdə tutur. İlk mərhələdə siqaret çəkməyə qadağaların genişləndirilməsi planlaşdırılır. Məlumata göprə qadağalar yalnız klassik siqaretlərlə məhdudlaşmayacaq. Bura aşağıdakı məhsulların da daxil edilməsi nəzərdə tutulur: elektron siqaretlər (veip cihazları), qəlyanlar, tütün qızdırıcı sistemlər, sintetik nikotin tərkibli məhsullar, eləcə də orqanik nikotin əsaslı alternativlər.
Beləliklə, tütün sənayesinin bütün alternativ formalarının da hüquqi çərçivədə məhdudlaşdırılması planlaşdırılır.
Qanun layihəsində pozuntulara görə sərt maliyyə sanksiyaları da nəzərdə tutulur. Məlumata görə, qaydaları pozanlara 1 milyon lirədən 10 milyon lirəyə qədər (təxminən 20–200 min avro) cərimələr tətbiq edilə bilər. Bundan əlavə, biznes subyektlərinin lisenziyalarının ləğvi, tütün satışı ilə məşğul olan obyektlərin fəaliyyətinin dayandırılması, inzibati məsuliyyət tədbirləri kimi ciddi nəticələr də gündəmdədir.
Həmçinin turistlər və fiziki şəxslər üçün də yeni məhdudiyyətlər nəzərdə tutulur. Tütün məhsullarının saxlanması, alınması və ölkəyə gətirilməsi ilə bağlı inzibati cərimələrin tətbiqi ehtimalı da müzakirə olunur. Qeyd olunur ki, bu layihə hələ yekun şəkildə qəbul edilməyib və müzakirə mərhələsindədir. Lakin ekspertlər hesab edir ki, belə bir təşəbbüs qəbul olunarsa, bu, Türkiyədə ictimai sağlamlıq siyasətində ən radikal dəyişikliklərdən biri ola bilər.
Bəs Azərbaycanda da tütün məhsullarının tam qadağan edilməsi mümkündürmü, olmalıdırmı?
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Musavat.com-a danışıb. Millət vəkili qeyd edib ki, Azərbaycanda da artıq bu istiqamətdə addımlar atılıb:
“Biz çalışmalıyıq ki, bu məsələlərdə Azərbaycan tütün istehsalçılarını zərərə uğratmadan, eyni zamanda cəmiyyətin tütünə bağlı olan hissəsinin davranışının dəyişməsi istiqamətində, daha çox sağlamlıq yönümlü düşüncənin formalaşması üçün ciddi addımlar ataq. Bu çərçivədə müəyyən planlarımız da mövcuddur. Xüsusilə elektron siqaretlərin qadağan olunması ilə bağlı mövqeyimiz dəfələrlə ifadə olunub və eyni zamanda tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması da bu istiqamətin tərkib hissəsidir. İndi Türkiyədə təqdim olunan nümunələri də biz izləməli və araşdırmalıyıq. Amma burada vacib bir məqam var ki, hər bir fenomenin olduğu kimi tətbiq olunması kimi bir yanaşma yoxdur. Yəni hər model olduğu kimi köçürülə bilməz. Ən azından bizim maraqlarımıza uyğun olacaqsa, əhalinin sağlamlığına real fayda verəcəksə, biz həmin təcrübələri dəyərləndirə bilərik. Bu baxımdan yalnız Türkiyənin deyil, digər ölkələrin də təcrübələrindən istifadə etməyə çalışacağıq”.
-
Region20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
-
ABŞ16:08Tramp Pentaqona təcili göstəriş verdi: İrandan sonra hədəf bu ölkədir
-
Sosial16:04Azərbaycan və Rusiya AZAL təyyarə qəzası ilə bağlı razılığa gəldi





































