Sabiqlər rəqiblərimizi dəyərləndirdi
Bizi izləyin

İdman

Sabiqlər rəqiblərimizi dəyərləndirdi

Sabiqlər rəqiblərimizi dəyərləndirdi

Fevralın-23-də Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələsi çərçivəsində rəqibləri müəyyənləşdi. Müxtəlif vaxtlarda Azərbaycan millisində çalışmış mütəxəssislər Publika.az-a verdikləri açıqlamalarda qrupdakı rəqiblərimizi, Azərbaycan millisinin şanslarını dəyərləndirdilər.

Qeyd edək ki, püşkün nəticəsinə görə, millimiz İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta ilə eyni qrupa düşüb.

Ağasəlim Mircavadov: “Gərək Maltadan 6 xal alaq”

“Bu bizim üçün ağır qrup oldu. Rəqiblərimizidən biri də İtaliyadır. İtaliya sonuncu seçmə mərhələdə Bolqarıstanla bir qrupda olub və onlara xal verməyib. Bundan əlavə, Xorvatiya, Norveç və Bolqaristan kimi rəqiblərimiz var.

Düşünürəm ki, onlarla oyunlarımız ağır olacaq. Xal ala biləcəyimiz komandalar Norveç və Bolqaristan ola bilər. Son 3-4 ilin müşahidələrinə əsasən belə qənaətə gəlmək olur ki, Norveç hələ komanda kimi tam formalaşmayıb.

İtaliya və Xorvatiyanı çıxmaq şərtilə, Norveç, Bolqarıstan, Malta bizə görə münasib rəqibdir. Gərək Maltadan 6 xal alaq”.

Şahin Diniyev: “Heç olmasa müqavimət göstərə bilərlər”

“Millimiz gözlənilən qruplardan birinə düşüb. Qrupdakı yığmalardan yalnız bir komanda- Malta bizdən zəifdir. Qalan 5 komanda isə həm səviyyə, həm də oyun baxımından bizdən üstündür. Azərbaycan üçün vacib olan əsas məqam odur ki, öz oyununu tapa bilsin.

Bu zaman komandalarla başa-baş mübarizə apara bilməsələr də, heç olmasa müqavimət göstərə bilərlər. Hər bir oyunda millimiz çalışmalıdır ki, ləyaqətli şəkildə rəqiblərə qarşı oynaya bilsin. Düzdür, Malta da asan rəqib deyil, amma bizim dişimizə görə komanda kimi təkcə onu görə bilirəm. Digər 4 görüş daha çətin olacaq, millimiz üçün asan nə isə gözləməməliyik”.

Nazim Süleymanov: “Lüksemburqa qalib gələcəyimizə əmin idik”

“Əlbəttə ki, bu qrupun favoriti İtaliyadır. Xorvatiya da çox güclü komandadır. Qrupda gücümüz 3-cü yer uğurunda Norveç, Bolqarıstan kimi millilərlə mübarizə aparmağa çatar. Amma bu mübarizədə də rəqiblərimiz zəif deyil.

Amma bu, futboldur, futbolda hər şey ola bilər. Düşünürəm ki, 3-cü yer uğurunda layiqli mübarizə aparmalıyıq. Yenə deyirəm, bizim üçün çətin olacaq, amma məqsədimizə çatmalıyıq.

Keçən mərhələdə Lüksemburqa hər iki qarşılaşmada qalib gələcəyimizə əmin idik. Amma onlarla 2 dəfə heç-heçə etdərək, 6 xal əvəzinə 2 xal qazandıq. Buna görə də hər oyuna məsuliyyətlə yanaşmaq lazımdır. Meydanda əzmkarlıq göstərməliyik, xalları toplamalıyıq”.

Vaqif Sadıqov: “Portuqaliya, Rusiya, İsrail indiki rəqiblərimizdən güclüdürlər”

“Deyərdim ki, yaxşı komandalarla düşmüşük. Yəni öz gücümüzü sınaya bilərik. Bizim hədəfimiz çox böyükdür. Bu rəqiblərlə qarşılaşmalarda iddialarımızın nə qədər ciddi olduğu üzə çıxacaq.

Çətin və ya asan qrupa düşdüyümüzü qabartmaq düzgün olmaz. Hesab edirəm ki, öz millimizi düzgün formalaşdırmalıyıq. Biz bundan öncəki seçmə mərhələdə rəqiblərimizlə başa-baş mübarizə apardıq.

Keçən il qarşılaşdığımız Portuqaliya, Rusiya, İsrail kimi komandalar indiki rəqiblərimizdən zəif deyildilər, əksinə güclüdürlər. Bu komandaların əksəriyyəti ilə istər rəsmi, istərsə yoldaşlıq oyunlarında qarşılaşmışıq. İtaliya, Norveçin oyununa demək olar ki, bələdik. Həmçinin Bolqaristan və Maltaya da.

Bizim üçün yeni komanda Xorvatiyadır. Bir sözlə, göstərməliyik ki, hər bir komanda ilə mübarizə aparmaq olar. Hazırda bu qrupda açıq-aşkar kimisə favorit göstərmək düzgün olmaz. Həmçinin autsayder kimi də sırf Maltanı görmək düzgün deyil. Çünki Malta futbolu hazırda inkişafdadır. Onlar da ciddi hazırlaşıblar”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm