12 il öncə hamıya qan udduran “kabus”un izi ilə - Onlar indi haradadır?
Bizi izləyin

İdman

12 il öncə hamıya qan udduran “kabus”un izi ilə - Onlar indi haradadır?

Madrid "Real"ı İspaniya La Liqasının cari mövsümünün əvvəlində San-Sebastyanda ortabablardan sayılan "Real Sosyedad"a 2:4 hesabıyla məğlub oldu. Bu məğlubiyyət "Kral klubu" üçün çempionluq uğrunda mübarizədə nə qədər ciddi itki olsa da, qələbə "Real Sosyedad"ın mövqeyinə elə də təsir etmədi. Bu hesab bir neçə il öncə də, daha doğrusu, 2003-cü ildə də qeydə alınmışdı. O zamankı 3 xal san-sebastyanlılara çempionluq üçün ümid vermişdi. Həmin oyunda madridlilərin heyətində kimlər yox idi? Luiş Fiqu, Zinəddin Zidan, Raul Qonzales, Ronaldo və s.

"Göy-ağlar"ın heyətində isə həmin dövrlərdə Avropanın ortabab oyunçuları toplaşmışdı. Ancaq san-sebastyanlıların o zamankı çalışdırıcısı Reynald Denua ortabablardan ibarət iddialı komanda yaratmağı bacarmışdı. Azərbaycanlı futbolsevərlərin "Real Sosyedad"ın hücum xəttinin lideri Nihat Kahveçiyə görə bu komandaya xüsusi simpatiyası var idi. Bu klub San-Sebastyan əhalisi üçün əfsanəyə çevrilmişdi. Bu heyət 1982-ci ildə çempionluq sevinci yaşamış komandanın qəhrəmanlığını təkrarlaya bilməsə də, yerli azarkeşlərin könlündə əbədi taxt qurdu.

Bəs "Real Sosyedad"ın "qalaktikos"a qan udduran həmin heyəti indi hardadır, nə işlə məşğuldur? Publika.az “Onlar indi hardadır” rubrikası çərçivəsində “kabus komanda”nın üzvlərinin izinə düşüb. Gəlin həmin dövrdə "Kral klubu"yla oyunda start heyətində çıxmış futbolçuların və baş məşqçinin sonrakı taleyinə nəzər salaq.

Sander Vesterveld

2001-2005-ci illərdə bu klubun şərəfini qoruyan qolkiper "Real Sosyedad"a "Liverpul"dan gəlmişdi. San-Sebastyan klubundan sonra "Malyorka", "Portsmut", "Sparta" (Rotterdam), "Everton", "Almeriya" və "Montsa" klublarının şərəfini qoruyub. Qolkiper karyerasını CAR-ın "Ayaks" (Keyptaun) klubunda bitirib. Sonra Afrika klubunda qapıçılarla işləyən hollandiyalı 2012/13 mövsümünün sonunda bu klubla müqaviləsinə xitam verərək oradan ayrılır. O vaxtdan sabiq qolkiperin harada çalışdığı məlum deyil.

Byörn Kvarme

Byörn Kvarme də Vesterveld kimi karyerasını bitirdikdən sonra qeybə çəkilənlərdəndir. 2004-cü ildə San-Sebastyan klubundan ayrılandan sonra bir mövsüm "Bastiya"nın şərəfini qoruyan Kvarme 2005-ci ildə vətəni Norveçə yollanır. O, karyerasını 2008-ci ildə - futbolun sirlərinə yiyələndiyi "Rusenborq"da bitirir.

Aqustin Aransabal

"Real Sosyedad"ın yetirməsi olan Aransabal 2004-cü ilə kimi bu klubun şərəfini qoruyur. O, yetirməsi olduğu klubu tərk etdikdən sonra "Saraqosa" və yarımhəvəskar "Vera"da çıxış edir. Aransabal futbolçu karyerasını doğma San-Sebastyandan çox uzaqlarda - Honqkonqda bitirir. O, uzaq Asiya ölkəsinin "Kitçe" klubunda butslarını mismardan asır. Karyerasını bitirdikdən sonra onun da hansı işlə məşğul olduğu məlum deyil.

İqor Xaureqi İrola

1998-ci ildən san-sebastyanlıların şərəfini qoruyan ispan futbolçu karyerasını 2007-ci ildə məhz burada bitirir. Onun karyerasını bitirməsinə səbəb səhhətində yaranmış problemlər olur. Bakterial xəstəliyə tutulmuş futbolçu xəstəlikdən müvəffəqiyyətlə müalicə olunur. O da hazırda futbol sferasında çalışmır.

Aytor Lopes Rekarte

2007-ci ildə "Real Sosyedad"dan ayrılan Aytor "Almeriya"ya üz tutur. Bundan sonra "Eybar"da da bir mövsüm keçirən ispan futbolçu butslarını mismardan asır.

Xabi Alonso

Həmin vaxtı "Real Sosyedad"ın heyətindəki ən gənc oyunçulardan olan Xabi komanda yoldaşlarıyla müqayisədə ən parlaq karyera quran oyunçudur desək, yəqin ki, yanılmarıq. Belə ki, 2004-cü ildə "Real Sosyedad"dan ayrılan Alonso Premyer Liqa klubu "Liverpul"la anlaşır. Düz 5 il "Qırmızılar"ın heyətində uğurlu legioner həyatı yaşayan Xabi, 2009-cu ildə ölkəsinə qayıdır. Özü də "Kral klubu" "Real"a. Burda da Liverpuldakı kimi 5 il keçirən Alonso, keçən ilin yayında Almaniya nəhəngi "Bavariya"ya qoşulur. Yarımmüdafiəçi almanların heyətində də əvvəlki klublarında olduğu kimi əsas heyətin üzvlərindən hesab olunur. Alonsonun 2004-cü ildə "Real Sosyedad"dan ayrıldıqdan sonra qazanmadığı titul qalmayıb. Bu titulların içərisində "Liverpul" və "Real"la qazandığı Çempionlar Liqası, İspaniya millisiylə dünya və iki dəfə Avropa çempionluğu kimi titullar var.

Xavyer De Pedro

"Real Sosyedad"ın yetirməsi olan De Pedro bir çox komanda yoldaşı kimi 2004-cü ildə San-Sebastyanı tərk edir. Bundan sonra "Blekbern", "Peruca", "Höteborq", "Erqotelis", "Burqos" klublarında çıxış edən De Pedro karyerasının son ilini yarımhəvəskar "Vera"da keçirir. Maraqlıdır ki, o, bu klubda "Real Sosyedad"dakı komanda yoldaşı Aransaballa birgə top qovur. Xavyer karyerasını bitirdikdən sonra məşqçilik lisenziyası alıb.

Mikel Aranburu

De Pedro kimi "Real Sosyedad"ın yetirməsi olan Aranburu komanda yoldaşlarının hamısından daha sadiq çıxıb. Belə ki, o, hamıdan gec - 2012-ci ildə "Real Sosyedad"ı tərk edir. O, karyerasını məhz San-Sebastyan klubunda bitirir. Aranburu karyerası ərzində bu klubdan başqa heç bir komandanın şərəfini qorumayıb.

Valeri Karpin

1994-1996-cı illərdə San-Sebastyan klubunun şərəfini qormuş Karpin 2001-ci ildə yenidən bura qayıdır. 2002/03 mövsümündə bu klubun liderlərindən birinə çevrilən rusiyalı yarımmüdafiəçi, 2005-ci ildə məhz burada karyerasını bitirir. Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyətinə başlayan Karpin 2009-cu ildə "Spartak"ın "sükanı arxasına" keçir. O, 2014-cü ildə Moskva klubundan ayrıldıqdan sonra təkrar İspaniyaya qayıdır. Bu dəfə Sequndada mübarizə aparan "Malyorka"ya. Özü də baş məşqçi kimi. Ancaq Karpinin İspaniyaya qayıdışı uğursuz olur. Belə ki, burda üst-üstə ardcıl uğursuz oyunlardan bezən rəhbərlik Valerini istefaya göndərir. Sabiq yarımmüdafiəçi hazırda işsizdi.

Darko Kovaçeviç

Karpin kimi Kovaçeviç də "Real Sosyedad"a ikinci dəfə qayıtmışdı. 1996-99-cu illərdə San-Sebastyan klubunun şərəfini qorumuş Kovaçeviçin "Yuventus" və "Latsio" macərası o qədər də yaxşı alınmamışdı. O, 2007-ci ilədək bu klubun şərəfini qorudu. Serb hücumçu "Ağ-göylər"dən ayrıldıqdan sonra Yunanıstan "Olimpiakos"una yollanır. İki il bu klubun uğurları üçün çalışan Kovaçeviç ürəyində yaranan problemə görə karyerasını bitirir. Yunanıstanı çox sevən Darko burada qalmağa qərar verir. O, köşə yazarı kimi fəaliyyətini davam etdirir. 2010-cu ildə "Olimpiakos"un rəhbər vəzifələrindən birində işləyən Kovaçeviç, 2013-cü ildə tutduğu postdan istefa verir.

Nihat Kahveçi

"Real Sosyedad"ı azərbaycanlı azarkeşlərə sevdirən türkiyəli hücumçu 2006-cı ildə San-Sebastyan klubunu tərk edir. Daha üç il digər İspaniya təmsilçisi "Vilyarreal"ın şərəfini qoruyan Nihat karyerasını 2011-ci ildə doğma klubu "Beşiktaş"da bitirir. Bundan sonra İspaniyaya qayıdan Nihat hazırda "Vilyarreal"ın aşağı yaş qruplarından ibarət komandalarında məşqçi kimi çalışır.

Reynald Denua

Futbolçu karyerası ərzində ancaq yetirməsi olduğu "Nant"da oynamış Denua məşqçilik karyerasına da məhz burda başlayıb. 1997-2001-ci illər aralığında "Nant"ın əsas komandasına rəhbərlik edən Denua, bir il sonra "Real Sosyedad"a yollanır. Burdakı ilk mövsümündə heç kimin gözləmədiyi halda ortabablardan qurulmuş heyətlə "Real"ın ulduzlarına cəhənnəm yaşadan komanda quran Reynald, iki mövsüm bu klubun "sükanı arxasında" qalır. Ancaq ikinci mövsüm məşqçinin işləri qaydasında getmir. La Liqada ikinci yeri tutmuş komandanın heyəti imkanlı klubların "hücumlar"ından qorunsa da, klub əvvəlki oyununu sərgiləyə bilmir. 2003/04 mövsümündə La Liqada 15-ci olan "Real Sosyedad" bir il əvvəlki klubun zəif kölgəsi təsiri bağışlayırdı. Yaratdığı "Real Sosyedad" nağılının bitdiyini görən Reynald getmək vaxtı çatdığını anlayır. O, elə 2004-cü ildə də San-Sebastyanı tərk edir. Maraqlıdır ki, fransız çalışdırıcının ardınca komandanın əsas heyətinin bir çoxu elə həmin ildə San-Sebastyanı tərk edir. Denua "Real Sosyedad"dan sonra heç bir klubu çalışdırmır. Yetərincə təkliflər gəlməsinə baxmayaraq, fransız mütəxəssis ölkəsinin "Canal+Sport" kanalında işləməyi üstün tutur. O, burada La Liqa oyunlarını şərh edir və bu çempionat barədə proqramlarda çalışmağa başlayır. Deyilənə görə 66 yaşlı mütəxəssisin xidmətində hələ də maraqlı olan yetərincə klub olmasına baxmayaraq o, telekanaldakı işindən əl çəkmək istəmir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm