• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dünya və Avropa çempionumuz: “Həmişə qardaşıma görə dalaşmışam”

  • İdman
  • 6 May 2015 18:33
  • 1 436 Baxış
Dünya və Avropa çempionumuz: “Həmişə qardaşıma görə dalaşmışam”

Gənclər arasında 2014-cü ilin ən yaxşı idmançısı, qadınlar arasında dünya və Avropa çempionu Səbirə Əliyeva ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarının iştirakçısı olmaq arzusundadır. Hələ gənc olmasına baxmayaraq, tatami üzərində möhkəm dayanmağı bacaran xanım güləşçimizdən "Bakı 2015"-lə bağlı fikirlərini almışdıq. Çox səmimi, gülərüz və bir az da utancaq olan Səbirə xanımı "Taym-aut" rubrikasında qonaq etmək qərarına gəldik. Sonda seçimdə yanılmadığımıza əmin olduq.

Publika.az Səbirə Əliyevayla müsahibəni təqdim edir:

- Yəqin ki, başqa sahələrdə çalışan, başqa sahələrə marağı olan rəfiqələriniz var? Maraqlıdır, onlarla necə ünsiyyət qurursunuz?

- Sözsüz ki, var. Tamamilə fərqli həyat tərzi yaşayırıq. Onların düşüncələri başqadır, mənimki başqa. Lakin bəzən bizi birləşdirən ortaq nöqtə olur.

- Daha çox nədə anlaşa bilmirsiz?

- Geyimdə ola bilər. Mən, məsələn, idman üslubunda geyimlərə daha çox üstünlük verirəm.

- Bəs don, ətək – belə geyimlər?

- Geyinəndə çətinlik çəkirəm (gülür). Amma ayda-ildə bir dəfə geyinirəm, bəzi tədbirlərə geyinmək məcburiyyətindəyəm. Alanda da çox seçim edirəm. Gündəlik həyatda idman geyimlərində daha rahat oluram. Lakin bu o demək deyil ki, klassik geyimlərdən tamam uzağam. Hətta düşünürəm ki, klassik paltarlar da idmançı xanımlara çox yaraşır.

- Ailənizdə geyiminə qarışanlar olur?

- Olur, ən çox da atam. O, çox ciddi bir insandır. Anam isə bu barədə heç nə demir.

- Onda atanız yəqin idmanınıza da qarışar...

- Atam ümumiyyətlə hər işimə qarışır (gülür).

- Ailədə neçə uşaqsız? Onların idmanla arası necədir?

- Ailədə 5 uşağıq – 3 bacı, 2 qardaş. Kiçik qardaşım boksla məşğul olur.

- Deyirsiz ki, atam hər işimə qarışır. Güləşlə məşğul olmağınıza nə deyir?

- Sizə deyim ki, əslində idmana özümün yox, sırf atamın istəyi ilə gəlmişəm. Uşaq vaxtı aktrisa olmağı arzulayırdım. Çünki özümü incəsənətdə görürdüm.

- Bəs aktrisalığı kimdə görüb sevmisiz? Bu sənətdə ideal saydığınız biri var?

- Əslində aktrisalığı konkret kimdəsə görüb sevməmişəm. Sadəcə həmişə bibim deyirdi ki, incəsənətə get, səndə alınar. Elə mən də belə düşünürdüm.

- İndi peşmansınız?

- Əsla yox. İdmanda olmağıma görə heç vaxt peşman olmamışam. Dediyim kimi, idmana atam qoyub. İnanıram ki, mən daha böyük uğurlara nail olacam.

- O zaman atanız güləşməyinizə qarışmır?

- Atam məşqlərimə qarışır. O, mənə bu yolda daim məsləhət verən bir insandır. Nəyisə düz etməsəm, sərt reaksiya da verir (gülür). Amma daha ciddi, güclü çalışmağıma kömək edir.

- Qardaşınız boksçudur. Yəqin ki, sizə baxıb ilham alır?

- Sözsüz ki. İdmançıya dəstək, ilham lazımdır.

- Ananız idman fəaliyyətinizə heç qarışmır?

- Belə deyim, atam idmanda sərtdir. Anam başqadır. Bildirim ki, anam milliyyətcə rusdur. O, mənə həmişə deyir ki, nə istəyirsən et, təki sağ-salamat evə qayıt. Atam isə həmişə qələbəylə qayıt deyir (gülür).

- Evinizdə danışdığınız ortaq dil hansıdır?

- Azərbaycan dili. Anam özü də çoxdandır ki, müsəlmanlığı qəbul edib. 20 ildir buradadır, sanki əsl azərbaycanlıdır. Hətta geyimlərimə belə bəzən qadağalar qoyur.

- Hansı məşhur idmançılarla münasibətin var?

- Əlbəttə, tanıdığım məşhur idmançılar var, amma ünsiyyətdə olduğum o qədər də yoxdur.

- Ünsiyyətcilsən?

- Tez ünsiyyət qura bilən biriyəm. Belə demək mümkünsə, səmimiyəm.

- Milli komandaya dəvət olunmuş legionerlərlə ünsiyyətiniz necə alınır?

- Çox yaxşı. Mənim anam rusdur deyə, onlarla tez dil tapıram.

- Ananızın vətəninə getmisiz?

- Moskvada olmuşam. Anam Sankt-Peterburqdandır, orada olmamışam.

- Evdə hansı mətbəxin yeməkləri bişir? Rusiya, ya Azərbaycan?

- Etiraf edim ki, anam Azərbaycan yeməklərini bir o qədər dadlı bişirmir. Bu danılmaz faktdır (gülür). Amma bacım yaxşı bişirir. O da bibimdən öyrənib. Anam da elə yeməklərdə bacımdan məsləhət alır. Anam şorba və borşu çox yaxşı bişirir.

- Həyatda necə birisiz, intizamlısız?

- Çox. Planla yaşamağı çox sevirəm. Mən bilirəm ki, sabah saat 10:00-da məşqim var, daha sonra müalicəm var, istirahət edəcəm, yatacam, axşam yenə məşq...

- Heç olub ki deyəsiz, "yorğunam, 10-15 dəqiqə yatım, sonra gedərəm"?

- Sözsüz, olur. Lakin çalışıram hər işimi vaxtında görüm.

- İdmançısan və istər-istəməz kişi həmkarlarınla ünsiyyətin olur. Maraqlıdır, atanızın buna reaksiyası necə olur?

- Əlbəttə, söhbət edirəm, amma atam qoymur (gülür). Atam çox sərtdir. O, ümumiyyətlə deyir ki, hələ tezdir, sən oğlanlar barədə fikirləşmə, ancaq məşqini düşün. Məncə də, məntiqlə düz deyir (gülür).

- Atanın qərarları ilə razılaşmadığın anlar olubmu?

- Əlbəttə, çox.

- Atan, deyəsən, övladları arasında səninlə daha yaxındır.

- Məncə, ailədə o ən çox məni istəyir, özü də bunu deyir. Amma atam elə bir insandır ki, mən ona hər şeyi deyə bilmərəm. Məncə, qızın ən yaxın rəfiqəsi onun anasıdır.

- Azərbaycan adət-ənənələrini yaxşı bilirsən?

- Təbii ki, mən burada anadan olub, böyümüşəm. Vətənimi də çox sevirəm. Adət-ənənələrimizə də riayət etməyə çalışıram.

- Sosial şəbəkələrdə nə yaxşı yoxsunuz?

- Marağım bir o qədər yoxdur.

- Kitab oxumaqla aranız necədir?

- Kitab oxumağı çox xoşlayıram, əsas da dramatik əsərləri. Sonuncu dəfə Elif Şəfəqin "Eşq" romanını oxumuşam.

- Orta məktəbi Azərbaycan şöbəsində oxumusunuz, ya rus?

- Azərbaycan. Anam istəyirdi ki, rus şöbəsində oxuyum. Amma atam razı olmayıb.

- Məktəbdə davakar olmusunuz, yoxsa dalaşanları ayıran?

- Uşaq vaxtı çox davakar idim. Həmişə qardaşımın üstündə dalaşmışam. Qardaşım məndən 2 yaş kiçikdir. Bir dəfə daşla oğlanlardan birinin burnunu sındırmışdım. Biri də qardaşıma "ilişmişdi", dənizdə ona təpik vurdum, suya yıxıldı (gülür).

- Qardaşınıza "ilişəni" cəzalandırandan sonra nə etdi?

- Daha yaxın durmadı, qorxdu (gülür).

- Atanız müsahibə verməyinizə etiraz etmir ki?

- Atam bu barədə problem yaratmır. Hətta deyir bunu belə deyərsən, onu elə (gülür). Atam mən udanda hamıya deyir çempion olduğumu. Amma mən hansısa qələbə qazananda istəmirəm çox adam bilsin.

- Qələbə qazanarkən ailə üzvlərindən necə, hədiyyə alırsınız?

- Yadımdadır, qardaşım hava limanına mənim üçün "mişka" gətirmişdi. Bu da mənim çox xoşuma gəlmişdi.

- Hədiyyə almağı xoşlayırsınız?

- Başqalarına hədiyyə çox alanam, amma mənə çox hədiyyə vermirlər (gülür).

- Gizli bir heyranın olsa, sənə hər qələbədən sonra hədiyyələr, gül göndərsə, onu axtarıb tapmağa çalışarsan, ya "gizli qalsa yaxşıdır" deyərsən?

- Yəqin ki, axtarıb tapmağa çalışaram. Amma gizli qalsa da, pis olmaz.

- Həyatda ən çox qorxduğunuz nədir?

- Yaxınımı itirmək.

- Fobiyanız var?

- Yox. Amma mənə elə gəlir ki, həyatda ən qorxulu varlıq elə insandır. İnsanlar fərqlidir, onların nə düşündüklərini, nə vaxt nə edəcəklərini bilmirsən.

- Sizə ətrafındakıların təsiri olur?

- Çox olur. Mənə elə gəlir ki, idmançıya birinci psixoloji dəstək çox lazımdır. Mənə elə söz deyilər ki, həmin vaxt meydanda məğlub da ola bilərəm, qalib də... Məncə, bu cəhətdən mənim psixologiyam bir az zəifdir.

- Belə desək, təsir altına tez düşürsüz...

- Düz deyirsiz.

- Psixoloqa baş vurmusuz?

- Bəli, bu il psixoloqa müraciət etmişəm. Mənə çox gülməli gəlir (gülməyə başlayır). Psixoloq mənə elə sözlər deyirdi ki, bunları özüm haqqında bilirdim. Ancaq ikinci psixoloq daha maraqlı idi. Psixoloqa ona görə getmişdim ki, yarışlarda məğlub olanda həddindən çox depressiyada oluram. Mənə çox pis təsir edir.

- Ailə qurmaq haqda fikirləşirsiniz? İdmançıyla ailə qurardınız, ya başqa sənət adamıyla?

- Düşünürəm ki, başqa sənətdən olan biriylə. İkimiz də idmançı alınmaz. Ola bilsin, idmançı idmançını daha yaxşı anlayar. Yenə də bilmirəm. Amma mən dəyişkən fikirliyəm, ola bilər idman sahəsində olan biri ilə də ailə qurum, bilmək olmaz (gülür). Amma atam ərə getməyim barədə 30 yaşdan sonra düşünməyimi məsləhət görür.

- Yəni sizi olimpiya çempionu etdikdən sonra?

- Hə, elədir, olimpiya çempionu etdikdən sonra (gülür).

- Böyük idman nə vaxtsa bitir. İdmanı bitirdikdən sonra özünüzü necə görürsünüz?

- Düzdür, hər bir şeyin sonu olur. Amma bu barədə heç fikirləşmək istəmirəm. Çünki pis oluram ki, idman qurtarır, bəs sonra... Amma özümü gələcəkdə bir iş xanımı kimi görürəm. Elə bu barədə də düşünürəm. Həmçinin düşünürəm ki, mən idmanı bitirsəm, qarderobum da dəyişər, tam klassik geyimlərə üstünlük verərəm.

- Son olaraq belə sual verim. Sonuncu dəfə nə vaxt döşəkdən kənarda kimisə döymüsünüz?

- İnanın ki, mən çox sakit insanam. Bu xasiyyət də mənə anamdan gəlir. Dalaşmağa çox üstünlük vermirəm. Məncə, insan qolunun gücünə arxalanmamalıdır. Amma xatırlayıram, atam mən uşaq olanda həmişə dostunun oğlunu mənimlə döyüşdürürdü (gülür).

Aygün İlqarqızı, Pərviz Hikmət

FOTO: Elçin Murad

Əvvəlki müsahibələr:

Ruslan Abışov

Eduard Məmmədov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR