21 qat dünya çempionumuz ən güclülərlə döyüşəcək - FOTO
Bizi izləyin

İdman

21 qat dünya çempionumuz ən güclülərlə döyüşəcək - FOTO

İtaliyanın Rimini vilayətində iyunun 5-dən 7-nə qədər kikboksinqin WAKO versiyası üzrə Dünya Kuboku keçiriləcək.

3 gün davam edəcək dünya kubokunda 21 qat dünya çempionu, əməkdar idman ustası, əməkdar məşqçi Eduard Məmmədov (60 kq) lou-kik kontaktda, Fuad Zeynalov (89 kq) layt-kontaktda, Aydın Vəliyev (67 kq) lou-kikdə Azərbaycanı təmsil edəcəklər.

Bir çox yüksək səviyyəli yarışlarda ölkəmizi təmsil etmiş, “Neftçi” klubunun idmançısı, 21 qat dünya çempionu Eduard Məmmədov yarış və rəqibləri ilə bağlı məlumat verdi. Publika.az-a danışan “Ağ canavar” ləqəbli döyüşçü bu yarışda ən güclü idmançıların yarışacağını bildirdi:

“Bilirsiz ki, WAKO kikboksinq döyüş növünün ən çətin versiyasıdır. Amma həmişə demişəm ki, mənim üçün fərqi yoxdur, yarış yarışdır. Çıxıb döyüşmək lazımdırsa döyüşəcəm.

Bu yarışda da zəif idmançı yoxdur. Adından da görüldüyü kimi (Best Fighter - ən yaxşı döyüşçülər) burada WAKO-nun ən güclü idmançıları döyüşəcək.

Bilirsiz ki, WAKO dünya çempionatı 2 ildən bir keçirilir. Bu turnir də WAKO dünya çempionatı öncəsi keçirilən ən böyük yarışdır.

Yarışlarda hər bir versiyada güclü rəqiblər çıxır. Zəif rəqib yoxdur. Sadəcə versiyalar üzrə ola bilər ki, reytinq söhbəti var. Amma zəif rəqib belə yarışlara gəlmir. Özünə inanan idmançılar çıxacaq. Onlar bilir ki, mən də bu yarışa hazırlaşmışam, gəlirəm. Mən də hamısını rəqib görürəm. Yəqin ki, onlar da məni rəqib görürlər. Amma yenə həmişə olduğu kimi çalışacağıq ki, vətənə uğurla qayıdaq, bayrağımızı yüksəldək”.

Qeyd edək ki, idmançılarımızın yarışda iştirakı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin icazəsi ilə baş tutur. Bu turnirin adı “Best Fighter”, yəni “Ən yaxşı döyüşçülər” adlanır. 3 gün davam edəcək yarışda iştirak etmək üçün idmançılarımız iyunun 3-də yola düşəcəklər, ayın 8-də isə vətənə qayıdacaqlar. İdmançılarımızı yarışa yığma komandanın rəisi Sadıq Bağırov aparacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm