Əsl qarabağlı "Qarabağ"dan ayrıldı!
Bizi izləyin

İdman

Əsl qarabağlı "Qarabağ"dan ayrıldı!

“Qarabağ”ın yetirməsi olan Vüqar Nadirov klubdan ayrılıb. Ağdam klubu Nadirova yeni müqavilə təklif etsə də, o, şərtlərlə razılaşmayıb.

Publika.az xəbər verir ki, "Qarabağ"ın yetirməsi olan futbolçu qol.az-a açıqlamasında artıq azad agent statusu aldığını da bildirib. Hazırda milli komandamızla Avstriyada təlim-məşq toplanışında olan təcrübəli hücumçu ayrılığın səbəbi haqda çox danışmaq istəməyib:

"Hələ ki, bu haqda danışmaq istəmirəm. Təklif olunan şərtlər məni qane etmədi. Deməli, qismət belə imiş, getməliydim".

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Vüqar Nadirovun komandadan ayrılmasına belə münasibət bildirib:

"Biz bir neçə oyunçuya yeni müqavilə təklif etdik və onların qərarını gözləyirik. Həmin futbolçular sırasında Leroy Corc, Muarem Muarem və Vüqar Nadirov da var idi. Onlardan bəziləri yeni şərtlərlə razılaşmadı. Vüqar Nadirovdan cavab gözləyirdik, ancaq o, heç nə demədi. Bu gün eşitdim ki, Nadirov artıq komandadan getmək qərarı verib".

Qeyd edək ki, futbolçu karyerasına "Qarabağ"da başlayan Nadirov 2005-2007-ci illərdə "Xəzər Lənkəran", 2008-ci ildə "Masallı", 2008/2009 mövsümündə isə "Karvan"da çıxış edib. 2009-cu ildə yenidən "Qarabağ"a qayıdan V.Nadirov ümumilikdə 10 il Ağdam klubunun şərəfini qoruyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm