• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

2016-cı ilin büdcəsi günün reallıqlarını əks etdirməlidir – AÇIQLAMA

2016-cı ilin büdcəsi günün reallıqlarını əks etdirməlidir – AÇIQLAMA

“Dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsi fonunda növbəti ilin büdcə göstəricilərinin proqnozlaşdırılması bu məsələyə daha həsas yanaşmağı zəruri edir”.

Bu barədə Publika.az-a açıqlama verən Fikrət Yusifov baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı il üzrə dövlət büdcəsinə həsr olunmuş toplantısını şərh edərkən bildirib.

Onun fikrincə, neftin qiymətlərinin iki dəfədən çox aşağı düşdüyü, baş verən proseslərin kökündə təkcə iqtisadi amillərin deyil, həmçinin ciddi siyasi motivlərin dayandığı bir zamanda qarşıdakı 2016-cı il üçün proqnozlar vermək o qədər də asan məsələ deyil. Lakin aktuallıq kəsb edən bir sıra suallar var ki, onların ətrafında müəyyən gəzişmələr aparılmalıdır.

“Hazırda dünya iqtisadi məkanında nələr baş verir? Az qala bütün dünyanı öz nüfuz dairəsində saxlamağa meyllənmiş, dünya iqtisadiyyatının 1/4-nə sahiblənmiş, dövlət borcu isə Ümumi Daxili Məhsulundan çox olan Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatını və maliyyə sistemini 2016-cı ildə nələr gözləyir? Çinin son dövrdə yuanın məzənnəsinin yumşaldılması istiqamətində atdığı addımların kökündə təkcə ixracı stimullaşdırmaqmı dayanır? Əgər Çin ABŞ-in 1,3 triliyon dolar dəyərində olan xəzinə öhdəliklərinin bir qismini “zərurət” üzündən bazara çıxararsa və ya Rusiyanın ABŞ dollarından imtina etmək təklifinə müsbət yanaşarsa, onda bütövlükdə dünya maliyyə sistemində nələr baş verə bilər? Bu sıraya başda Yunanıstan olmaqla Avropada defolt həddinə çatmış ölkələrin taleyini və bu qəbildən olan bir çox digər məsələləri də əlavə etmək olar”.

F.Yudifov deyir ki, dünya iqtisadi məkanında və maliyyə sistemində baş verən bunca təlatümlər fonunda növbəti ilə proqnozlar verərkən hər şeyin “zərgər dəqiqliyi ilə” ölçülməsi qeyri-mümkündür: “Lakin bununla belə, dünya iqtisadiyyatına verdiyi payın həcmindən asılı olmayaraq bu iqtisadi məkanının bir parçası olan Azərbaycanın növbəti il üçün Dövlət büdcəsinin proqnozu sadaladığımız məqamlar ciddi şəkildə təhlil edilərək tərtib olunmalıdır. Fikrimizcə növbəti ilin büdcə layihəsindən iri investitsiya layihələrinin maliyyələşdirilməsi çıxarılmalı və onların birbaşa Neft Fondundan maliyyələşdirilməsi həyata keçirilməlidir. Təbi ki, ölkə iqtisadiyyatı üçün əhəmiyyəti baxımından bu layihələr bir neçə qurupa bölünə bilərlər və onların maliyyələşdirilməsi Neft Fonduna daxil olacaq vəsaitlərin həcminə müvafiq həyata keçirilə bilər. Bu halda 2016-cı ilin büdcəsi xərclərinin qurluşu etibarilə daha da sosialyönümlü hesab olunacaqdır. Dövlət büdcəsinin cari ilin 6 ayı ərzində icrası nəticələri onu deməyə əsas verir ki, əsasən investisiya xərclərinə tətbiq edilən qənaət rejimi nəticəsində Maliyyə Nazirliyi qanunla müəyyən edilmiş kəsir həddinin keçilməsinə yol verməmişdir. Yaranmış vəziyyət üçün bu, çox yaxşı haldır. Güman edirik ki, bu ilin yekunları üzrə də büdcədə qanunla müəyyən edilmiş 1,6 milyard manat kəsr həddi gözləniləcəkdir. Ümumiyyətlə, hesablamalarımıza görə, növbəti 2016-cı ilin büdcəsinin neftin bir barrel üçün qiymətini təqribən 45-50 ABŞ dolları həddində götürməklə, gəlirlər üzrə 14 – 14,5 milyard manat, xərclər üzrə 15,5 – 16,0 milyard manat səviyyəsində müəyyən olunması ən optimal variantdır və gözləntilərimiz də elə bu həddin üzərində dayanıb”.

İqtisadçı bildirir ki, gələn ilin büdcəsinin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların kifayət qədər artırılacağı şübhə doğurmur: “Ən böyük həqiqət budur ki, Azərbaycan hökuməti son 11 ilə yaxın müddətdə ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi istiqamətində çox böyük işlər görüb. Son 5 il ərzində Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisinin 20%-ə qədər artaraq onun 70%-ə yaxın bir həddə çatması və yaxın perspektivdə bu rəqəmin 80%-ə çatdırılması hədəflərinin xüsusi Dövlət Proqramı ilə müəyyən edilməsi Azərbaycan hökumətinin bu istiqamətdə müəyyən etdiyi kursun nə qədər ciddi olduğunu göstərir. Kimin necə anlamasından, kimin necə izah etməsindən asılı olmayaraq ən böyük həqiqət bundan ibarətdir ki, bu illər ərzində hökumət böyük neft pulları hesabına ölkədə qeyri-neft sektorunun inkişafı üçün elə bir zəmin formalaşdıra bildi ki, bunu lokomotivin qaldırılaraq relslərin üzərinə qoyulması ilə müqaisə etmək olar. Yaxın 5 il ərzində isə ölkədə qeyri-neft sektorunun inkişafı xüsusunda daha ciddi nəticələr əldə olunacaq. Bu isə büdcənin neftdən asılılığını tədricən tamamilə aradan qaldıracaqdır”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR