• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Kralın yeznəsi, medianın kralı, sui-qəsdin qurbanı olan ərəb milyarderi…

Kralın yeznəsi, medianın kralı, sui-qəsdin qurbanı olan ərəb milyarderi…

O, Beyrutun qurucusu sayılır. Adi bir fermer oğlu olsa da, əvvəlcə miyardlar qazanıb kral ailəsi ilə qohum olur, daha sonra isə Yaxın Şərqin İsveçrəsi, Aralıq dənizinin "incisi" adlandırılan Livanın baş naziri vəzifəsinə yüksəlir.

Söhbət 2005-ci ildə sui-qəsd qurbanı olan Rafiq Həriridən gedir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində dünyanın ən varlı ərəblərindən biri olmuş bu şəxsin həyatını təqdim edir.

Rafiq Həriri 1944-cü il noyabrın 1-də Livanın Sidon şəhərində dünyaya gəlib. Ailəsi kənd təsərrüfatı ilə məşğul imiş. İlk, orta və lisey təhsilini Sayda şəhərində alıb. Beyrut Ərəb Universitetinin ticarət bölümündə oxumağa başlayıb. Universitetdə təhsil alarkən qəzetlərdə redaktor kimi işləyib. 1965-ci ildə universiteti yarımçıq buraxaraq Səudiyyə Ərəbistanına gedib. Orada bir müddət müəllim kimi işləyib. Sonra tikinti sənayesinə keçib. 1978-ci ildə Səudiyyə Ərəbistanı vətəndaşlığını əldə edib.

İş həyatı

İş həyatına kiçik işlərlə başlayan R.Həriri 1969-cu ildə “Ciconest” adlı subpodratçı şirkət yaradıb. Sonra Fransa inşaat şirkətini satın alaraq, iri tenderlərdə iştirak etməyə başlayıb. “Taif” Oteli və bəzi kral saraylarının inşaat layihələrini boynuna götürüb.

Diqqətləri üzərinə çəkən Rafiq Həriri Səudiyyə Ərəbistanının kralı Fahdın bacısı ilə evlənib.

Kral ailəsi ilə qohumluq biznesini genişləndirməsi üçün ona geniş imkanlar açıb. 1970-ci illərin ortalarında böyük neft şirkətləri ilə razılaşmalar imzalayıb. Ticarət və sənaye sahəsindəki fəaliyyətini təkcə Səudiyyə Ərəbistanında deyil, Körfəz ölkələrində də aparıb.

Təkcə bir sektordan 2 milyard dollar

R.Həriri əlinin çatdığı bütün sahələrə, o cümlədən də bank sektoruna investisiya edib.

Livan və Səudiyyə Ərəbistanında bəzi bankları satın alıb. Çox qısa müddətdə böyük bir sərvətə sahiblənib. Onun biznesinin ilk illərində təkcə tikinti sektorundna 2 milyard dollar qazandığı iddia olunur.

Mediadan siyasətə

R.Həririnin növbəti investisiya hədəfi media olur. O, əvvəlcə “əl-Mustakbel” televiziyasını, daha sonra Parisdə yayımlanan “eş-Şark” radiosunu satın alır. Yenə eyni dövrdə ərəb dünyasının ən məşhur həftəlik nəşr orqanlarından sayılan “Savtu'l-Urube” və“əl-Mustakbel” jurnalını öz media imperiyasına qatır. “En-Neharın” qəzetinin hissələrinə ortaq olur. Daha sonra Səudiyyə Ərəbistanındakı üç jurnalı satın almağa cəhd edir. 100 milyon dollar sərmayə ilə media sahəsindəki fəaliyyətini böyüdür və holdinq yaradır. Siyasət aləmində, eləcə də iqtisadi rəqibləri arasında "media kralı" kimi tanınmağa başlanır. Media dünyasındakı təsirindən istifadə edərək ətrafına geniş kütlə toplamağı bacarır. Bu yolla siyasi güc də əldə etmiş olur.

1982-ci ildə dörd il əvvəl baş vermiş Cənubi Livan münaqişəsinin qurbanlarına 12 milyon dollar bağışlayır. Eləcə də şirkətinin maliyyə vəsaiti ilə Beyrutda yenidənqurma işləri aparır. Şəhəri yenidən inşa edən şəxs kimi tanınmağa başlayır. Bir müddət Səudiyyə Ərəbistanı kral ailəsinin Livandakı nümayəndəsi rolunda çıxış edir. 1988-ci ildə maliyyələşdirdiyi Taif razılaşmasından sonra Livanda vətəndaş müharibəsinə son qoyulur. Bu müharibələr ölkəyə 25 milyard dollar ziyan vurmuş, ölkənin borcu isə 20 milyard dollara yüksəlmişdi. Livan yeni dövrə qədəm qoyur. Bütün silahlı qruplar tərksilah edilir, atışma səsləri kəsilir. R.Həriri isə məqsədinə çatır.1992-ci ildə o, Livanın baş naziri olur. 1995-ci ilə qədər bu vəzifədə qalır. Baş nazir olduğu dövrdə Livana öz şəxsi büdcəsindən də pul xərclədiyini iddia etsə də, maraqlıdır ki, R.Həririnin sərvəti 2 milyard dollar artır. Bu da ona qarşı korrupsiya ittihamlarının irəli sürülməsinə gətirib çıxarır.

İkinci dəfə nazir olur

Bacarıqlı ərəb 1996-cı ildə nazir seçilir, 2000-ci ildə Livan xalqının dəstəyilə ikinci dəfə baş nazir olur. 2004-cü ilin oktyabrınadək bu vəzifəni davam etdirir. Həmin ildəcə baş nazirlikdən istefa verir. İstefasına əsas kimi Suriyanın Livandakı əsgərlərini tamamilə geri çəkilməsini tələb etməsi göstərilsə də, bu, əsl səbəb deyildi. Gerçəkdə iş adamı ölkə prezidenti Emil Lahudi ilə yola getmirdi. Prezidentlə baş nazir arasında illərdir “soyuq müharibə” hökm sürürdü. Bu R.Həririyə işləməyə mane olurdu.

Varidatı

R. Həriri 2002-ci ildə dünyanın ən zəngin dördüncü adamı adını qazanır. 2012-ci ildə ən varlı ərəblərin siyahısında Hariri ailəsi üçüncü sırada yer alır. Ailənin varidatı 17.8 milyard dollar civarında dəyərləndirilir.

“Forbes”jurnalı 2005-ci ildə R.Haririnin oğlu Saad Haririnin adını dünya zənginlərinin siyahısında 548-ci yerdə göstərib, sərvətini isə 1.2 milyard dollar civarında dəyərləndirib.

O, Səudiyyə Ərəbistanının yeddinci, Livanın isə ən zəngin vətəndaşıdır.

“Türk Telekom”un hissələrini alır

R.Həriri 15 il boyunca Livanı xarabaya çevirən vətəndaş müharibəsindən sonra ölkəni inkişaf etdirən insan kimi tanınır. 1992 -2004-cü illərdə 5 hökumət quran Hariri Orta Şərqdə bitmək bilməyən qarşıdurmalara rəğmən xarici sərmayələri, o cümlədən sürgündəki livanlıların ölkələrinə sərmayə qoymalarını təmin edir. Yeri gəlmişkən, R.Haririin özü də xaricə, xüsusilə Türkiyəyə qoyduğu investisiyalarla məşhurdur. Ailə “Türk Telekom”un səhmlərinin 55 faizini 6.5 milyard dollara satın alıb. Bundan əlavə “MNG Bank”ı alaraq “t-Bank”ı yaradıb.

Sui-qəsd

2005-ci ilin fevralında Beyrutda avtomobilinə qoyulan bombanın partlaması nəticəsində iş adamına sui-qəsd nəticəsində həyatını itirir. Təşkilatçıları illərlə axtarırlar. Hətta hadisəni terror qrupların üzərinə yıxmağa da cəhd edirlər. Lakin bu alınmır. Çünki onun heç bir terror təşkilatı ilə problem yox idi. Əslində, adi bir fermerin oğlunun bu qədər yüksəlməsindən çoxları narazı idi. Belə ki, kralın bacısı ilə evlənsə də, Səudiyyə Ərəbistanındakı bəzi rəqib iş adamlarının gözü onu götürmürdü. Bundan əlavə, Livanın keçmiş baş qərargah rəisi və prezidenti Emil Lahud da Rafiqi sevmirdi. Digər düşmən isə ABŞ idi. Livanın yenidən qurulması zamanı qapıların daha çox Fransanın üzünə açılması Amerikanın xoşuna gəlməmişdi.

Başqa tərəfdən, milyarder və siyasətçi olan R.Həririnin mühafizəsi ciddi təşkil olunmuşdu. Bu səbəbdən də, ona qarşı hücumun son dərəcədə sistemli şəkildə planlaşdırıldığı aydındır. Həririnin öldürülməsindən sonra Beyrutun xristianlar yaşadığı bölgələrində hər həftə bombalar partlayır, insanlar ölür. Xüsusilə Suriya əleyhdarı olan siyasətçilər və jurnalistlər hücumlara hədəf olur. Cinayət işinə gəlincə, ABŞ və İsrail "Həririni Suriya öldürdü" deyib hər kəsi susdurmağı bacarırlar. Beynəlxalq təzyiqlər nəticəsində Suriya ordusu Livan torpaqlarından çıxarılır.

1 trilyon dollarlıq cinayət

R.Həririnin öldürülməsi ilə bağlı irəli sürülən versiyalardan biri bölgədə dövr edən trilyon dollarlarla “çirkli puldur”. Həriri yalnız Livanın baş naziri deyildi. O, eyni zamanda trilyonlarla dollar təşkil edən Körfəz və Ərəb sərmayəsinin başında dayananlardan idi. Məsələn, Həririnin ölməzdən əvvəl bir avropalı siyasətçiyə 150 milyon dollar rüşvət verdiyi iddia edilir. Göründüyü kimi, Böyük Orta Şərq yalnız işğalların, terror hücumlarının mövcud olduğu coğrafi ərazi deyil, həm də çirkli pulların yuyulduğu məkandır.

Həriri ailəsinin üzvləri

R.Həriri iki dəfə evlənib. Birinci həyat yoldaşı Nidal al-Bustani, ikinci həyat yoldaşı isə Nazek Aydex olub. Bu evliliklərdən R.Həririnin – Saad, Bahaa, Hind, Fahd, Ayman, Hüssam adlı övladları var. Onların ümumi sərvətinin həcmi, qeyd etdiyimiz kimi, 17 milyard dollardır. Belə ki, Saad Həriri 1.2 milyard, Bahaa Həriri 2 milyard, Hind Həriri 1 milyard, Ayman Həriri 1.3 milyard dollar sərvətə sahibdir.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR