2015-ci ilin büdcəsi adambaşına 2800 dollar olacaq - Şərh
Bizi izləyin

Ekopublika.az

2015-ci ilin büdcəsi adambaşına 2800 dollar olacaq - Şərh

Noyabrın 18, 19, 20 və 21-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə paketi müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetaları, o cümlədən “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxildir.

Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsində yaşayış minimumu 131 manat, ehtiyac meyarı isə 105 manat məbləğində müəyyənləşib. 2014-cü ildə ölkə üzrə bu rəqəm 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib. Onu da bildirək ki, yaşayiş minimumu İqtisadiyyat və Sənaye Nazirliyinin hesablamaları, bazarın monitorinqi və Statistika Komitəsinin rəqəmləri əsasında hesablanır. Millət vəkillərinin açıqlamalarına görə, növbəti il üçün nəzərdə tutulan rəqəmin artırılması məsələsi sabah başlayacaq müzakirələrdə prioritet olacaq.

Büdcəyə gəlincə, 2015-ci ildə icmal büdcənin gəlirləri 20,2 milyard manat, xərcləri isə 25,9 milyard manat nəzərdə tutulub. İcmal büdcənin gəlirlərində 2014-cü ilin proqnozları ilə müqayisədə nə az, nə çox, 1,7 milyard manat və ya 7 faizdən çox azalma baş verəcək. Xərcləri isə 2014-cü ilin proqnozuna nisbətən 6 faiz artıb. Gələn il icmal büdcədə kəsir 5,1 milyard manat olmaqla, 2014-cü ilin proqnozunu iki dəfə üstələyir. Cari ilin proqnozunda bu rəqəm 2,4 milyard manat göstərilir. Kəsirin ÜDM-də xüsusi çəkisi 8,7% təşkil edir.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 366,7 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 16,2 mln. manat və ya 4,6%, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə isə 24,0 mln. manat və ya 7% çoxdur. Xərclər isə 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 35,7 mln. manat və ya 10,8% çoxdur.

İcmal büdcədə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 3 mlrd. 56,3 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 127,8 mln. manat və ya 4,4% çox, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 468 mln. manat və ya 18,1% çoxdur.

ARDNF-in 2015-ci il büdcəsinin xərcləri 12 mlrd. 304,8 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 1 mlrd. 13 mln. manat və ya 9% çoxdur.

İcmal büdcənin tərkib hissəsi olan dövlət büdcəsinə gəlincə, burada gəlirlər 19,43 milyard manat (5,7 faiz artım), xərcləri isə 21,1 milyard (5,2 faiz artım) manat proqnozlaşdırılır. Büdcə kəsirinin 1.6 milyard manat təşkil edəcəyi gözlənilir.

2015-ci ilin dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7% çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2% artıqdır. Bu arada gələn ilin dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün 1 mlrd. 662 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 17,0 mln. manat və ya 1% faiz azdır. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək. 2015-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,8% təşkil edəcək.

Büdcənin əsas donoru yenə də Dövlət Neft Fondu olacaq. Fonddan transferlər 10,3 milyard manat (cari ildən 1,05 milyard manat və ya 11,3 faiz çox), Vergilər Nazirliyindən daxilolmalar 7,1 milyard manat (cari ilin proqnozuna nisbətən cəmi 10 milyon manat və ya 0,1 faiz artım), Dövlət Gömrük Komitəsindən -1,5 milyard manat (bu ilə nisbətən 80 milyon manat və ya 5,3 faiz çox artım), büdcə təşkilatlarının sifarişləri əsasında ödənişli xidmətlərdən 300 milyon manat təşkil edəcək.

Vergilər Nazirliyinin xətti ilə daxilolmaların 67,7 faizi qeyri-neft sektoru, 32,3 faizi neft sektorunun payına düşür. Ümumi daxilolmalarda artımın cəmi 0,1 faiz proqnozlaşdırılması ölkədə istehsalatın azalacağından xəbər verir.

Xərclərə gəlincə, 2015-ci ildə adambaşına büdcə xərclərimiz təxminən 2200 manat (2800 dollar) olacaq.

Büdcədə xüsusilə diqqəti əsaslı xərclər çəkir. Bu istiqamətə 9,36 milyard manat vəsait nəzərdə tutulub. Bu da cari illə müqayisədə 11,5 faiz çoxdur, büdcə xərclərinin 44,4 faizinə bərabərdir.

Əsaslı xərclərin tərkib hissəsi olan dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan (investisiya) azalmalar gözlənilsə də, növbəti ildə bunun əksi baş verib. Büdcə xərclərində investisiya xərcləri 10,7 faiz artırılmaqla 6,9 milyard manata qaldırılıb.

Bücdə ilə bağlı rəyini bildirən iqtisadçı-ekspert Rövşən Ağayev xərclərdən söz açdı. O bildirdi ki, 2015-ci ildə adambaşına büdcə xərclərimiz təxminən 2200 manat (2800 dollar) olacaq. Bu, inkişaf etmiş ölkələrin eyni göstəricisindən orta hesabla 5-6 dəfə az olsa da, keçid ölkələrinin əksəriyyəti ilə müqayisədə pis göstərici deyil: “Amma sadə vətəndaşı daha çox nə maraqlandırır: büdcənin həcmi, yoxsa ondan nə dərəcədə faydalana bilmə imkanı? Kollektiv istehlak (yol çəkilişi, təhlükəsizliyin qorunması, idarəetmə aparatının saxlanması və s.) üçün büdcədən nə qədər vəsait ayrılması bir qayda olaraq, sadə vətəndaş o qədər maraqlandırmır. Sadə vətəndaşın gözü büdcədə həmişə özünün birbaşa bəhrələnə biləcəyi xərc maddələrini axtarır. Söhbət büdcənin bir neçə sosial baxımdan həssas xərc maddəsindən – təhsil, sağlamlıq, sosial müdafiə xərclərindən gedir. Bir qayda olaraq, sosial xərclərin büdcədə payı adambaşına düşən məbləğ əsasında insanların və ayrı-ayrı sosial qrupların büdcədən bilavasitə bəhrələnmək imkanını qiymətləndirmək üçün ən populyar indikator kimi istifadə edilir. Məsələn, öz büdcəsinin hər 100 dollarından 10 dollarını səhiyyəyə, 15 dollarını təhsilə, 20 dollarını sosial müdafiəyə, yəni, ümumilikdə 45 dollarını sosial büdcəyə xərcləyən ölkədə insanların büdcədən bəhrələnmək əmsalının bu 3 mühüm sosial istiqamətə öz büdcəsinin hər 100 dollarından cəmi 20-25 dollarını xərcləyən ölkədəkindən 2 dəfə yüksək olduğu göz qabağındadır. Yaxud öz büdcəsinin 50%-ni sosial xərclərə yönəldən hökumətin 25-30%-ni yönəldən hökumətdən fərqi də göz qabağındadır. Qonşularımızla – yoxsul Gürcüstanla zəngin Qazaxıstanın 2015-ci ilə planlaşdırdığı büdcəni ölkəmizin büdcəsi ilə müqayisəsinin maraqlı nəticələri var:

1) Gürcüstanda adambaşına büdcə xərcləri 1250 dollar, Qazaxıstanda 2400 dollar, Azərbaycanda 2800 dollar səviyyəsində proqnozlaşdırılır;

2) Səhiyyə, təhsil və sosial müdafiə xərclərinin büdcədə payı Gürcüstanda 38%, Qazaxıstanda 40%, Azərbaycanda 30% (Sosial Müdafiə Fondu ilə birgə) təşkil edir. Səhiyyə, təhsil və sosial müdafiə xərclərinin adambaşına məbləği –Gürcüstanda 500 dollar, Qazaxıstanda 950 dollar, Azərbaycanda 850 dollardır. Deməli, Azərbaycanda adambaşına büdcə xərcləri hər 2 ölkədən – Qazaxıstanla müqayisədə 15%, Gürcüstana nisbətən 2.3 dəfə çoxdur. Lakin göründüyü kimi, sosial xərclərin adambaşına həcminə görə Gürcüstanın göstəricisi bizdən cəmi 40% az, Qazaxıstanın göstərici isə 11% çoxdur. Faiz etibarı ilə hər 2 ölkənin büdcəsi Azərbaycan büdcəsindən daha çox sosial yönümlüdür. Bu ölkələrlə müqayisədə bir maraqlı məqam da var: bizə nisbətən onlarda adambaşına səhiyyə xərcləri daha çoxdur. Məsələn, 2015-də Azərbaycanda adambaşına səhiyyə xərcləri 104 dollar, Gürcüstanda 135 dollar, Qazaxıstanda isə 225 dollar səviyyəsində proqnozlaşdırılır.

İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, 2015-ci ilin dövlət büdcəsini əvvəlki illərlə müqayisədə sosial yönümlü hesab etmək olar: "2015-ci ilin dövlət büdcəsi layihəsində mütləq ifadədə sosial istiqamətə 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2014-cü ilə nisbətən 489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 920 milyon manat və ya 18,8 faiz çoxdur. Belə ki, social yönlü xərclərə ayrılan vəsaitin 3 milyard 452,4 milyon manatının əməkhaqlarına, 1 milyard 845 milyon manatının təqaüdlər və sosial müavinətlərə yönəldilməsi nəzərdə tutulur. Təqaüdlər və sosial müavinətlərə ayrılan xərclər 2014-cü ilin proqnozu ilə müqayisədə cəmi 24,7 milyon manat çoxdur. Əməkhaqlarına ayrılan xərclər isə 2014-cü ilin proqnozu ilə müqayisədə 417,7 milyon manat çoxdur.

Ümumilikdə, ölkədə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, o cümlədən pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2015-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2 milyard 40,5 milyon manat vəsait proqnozlaşdırılıb. 2015-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1 milyard 100 milyon manatı əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Digər sektorlara ayrılan vəsaitlərin iqtisadiyyata təsiri isə birbaşa həmin xərclərin reallaşma səviyyəsindən asılı olacaq. Sənaye və tikinti xərcləri üzrə 7 milyard manata yaxın vəsait nəzərdə tutulub".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm