• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bankların 4 milyard manat... problemi – ARAŞDIRMA

Bankların 4 milyard manat... problemi – ARAŞDIRMA

“Kiçik bizneslə məşğul oluram. Lakin manatın devalvasiyasından sonra bankla ciddi problem yaşamaqdayam. Səbəb də bir il əvvəl 5 il müddətinə aldığım kreditdir. Bank əsas olmadan məndən aldığım krediti bağlayaraq, dollar hesabı açmağımı tələb edir. Konstitusiya Məhkəməsinin qərarını əsas gətirərək, bu tələbin qanunsuz olduğunu dedikdə, üç günlük gecikməni əsas gətirərək, kredit müqaviləsini ləğv edəcəklərini və bütün məbləği bir anda ödəməli olacağımı bildirdilər”.

Bunu 1983-cü il təvəllüdlü Samir Quliyev adlı sahibkar Publika.az-a ünvanlandığı məktubunda qeyd edib. Borcalan iddia edir ki, onun kimi bankdan onlarla belə narazı olan müştəri var. Əslində, doğrudan da, manatın məzənnəsinin yumşaldılmasından sonra bankların manatla kreditlərində problemli kreditlərin həcmi artıb. Amma bu, banka kredit tarixçəsini yeniləmək və müqaviləni dollarla bağlamaq imkanı verirmi?

Bank kreditin vaxtından əvvəl qaytarılmasını nə zaman tələb edə bilər?

Müraciət etdiyimiz bank işi üzrə hüquqşünas-ekspert Əkrəm Həsənov bildirir ki, bankın hər iki tələbi qanunsuzdur: “Əvvəla, müqavilənin hər hansı şərtinin dəyişdirilməsi ikitərəfli razılıq əsasında olmalıdır. Borc alan razı deyilsə, valyuta dəyişə bilməz. İkinci məsələ, 3 gün gecikməyə görə kreditin geri qaytarılması tələbi böyük ehtimalla müqavilənin özünə də ziddir, çünki adətən kredit müqaviləsində belə sərt tələb olmur. Amma olsa belə, bu, Mülki Məcəllənin 743-cü maddəsinə ziddir. Belə ki, 743 maddəyə (Borcun dərhal qaytarılmasını tələb etmək hüququ) görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu, borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, bank kreditin vaxtından əvvəl qaytarılmasını yalnız borclunun əmlak vəziyyəti pisləşdikdə tələb edə bilər. Beləliklə, bankın ikinci tələbi də qanunsuzdur. Şikayətçi bankdan yazılı izahat tələb etməlidir”.

Banklarda 12 milyard manat ekvivalentində dollar artıqlığı var

İqtisadçı-ekspert Samir Əliyev isə deyir ki, mayın 1-i tarixinə manat kreditinin həcmi - 12 milyard manat olub. Problemli manat kreditlərin həcmi - 855,9 milyon manat təşkil edib. Problemli kreditlərdə manat kreditlərinin payı 61%-ə çatıb: “Problemin kökündə bankların manat qıtlığı ilə üzləşməsi dayanır. Bunun birinci səbəbi Mərkəzi Bankın manatı qorumaq məqsədilə ötən ildən başlayaraq bazara dollar çıxarıb satmasıdır. Bununla dövriyyədən 4 milyard manatdan artıq milli valyuta çıxarıldı. Bu gün dövriyyədə 4 milyard manatdan çox vəsait çatışmır. İkinci səbəb isə əmanətlərin dollarlaşmasıdır. Son aylar əhali kütləvi şəkildə öz valyutasını manatdan dollara çevirməyə başladı. Dollar əmanətlərinin payı artdı. Məsələn, əmanət qoyuluşunda 2015-ci ilin 4 ayı ərzində manatın əmanətlərdəki payı 62 faizdən 29 faizə düşüb. Yəni əmanətlərdə manatla olan 2 milyarddan çox vəsait azaldı”.

İqtisadçının sözlərinə görə, banklarda dollar bolluğu yaranıb: “Banklar məcbur olub manatla olan kredit qaydalarını sərtləşdirirlər. Təxmini hesablamalar göstərir ki, banklarda 12 milyard manat ekvivalentində dollar artıqlığı var. 20 milyard dollar vəsait cəlb edilib. Bu vəsaitin 7 milyardı xarici banklardan cəlb olunub, 13 milyard manat isə depozit şəklində banklara yerləşdirilib. Cəmi 8 milyard dollardan çox vəsaiti kredit şəklində iqtisadiyyata yönəldiblər. 12 milyard dollar vəsaiti banklar yerləşdirməlidirlər. Banklar məcbur şəkildə manatla kreditləri saxlayıb dollarla kredit verirlər”.

S.Əliyev bildirir ki, 12 milyard dollar bankların özlərinin deyil: “Həmin pul xarici maliyyə təşkilatlarından və əhalidən götürülüb. Vəsait faizlə sahiblərinə qaytarılmalıdır”.

Rəqəmlər

Onu da qeyd edək ki, bu ilin əvvəlindən ölkənin maliyyə-kredit təskilatları hüquqi və fiziki səxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. Verilmiş kreditlərin həcmi 2014-cü il may ayının 1-i ilə müqayisədə 26,8 faiz artıb. Hesabat dövründə kredit götürən şəxslərin sayında da artım müşahidə olunub. Cari hesabların sayı 11 153 454 ədəd təşkil edib ki, bunların 28%-i yəni, 3 115 450 ədədi kredit hesablarının payına düşüb. Kreditlərlə bağlı ən vacib məqam isə 1,3 milyard manatının, yaxud 6,1 faizinin ödəmə vaxtının keçməsidir. Vaxtı keçmiş kreditlərin artımına qısamüddətli (bir ildən az) kreditlərin töhfəsi 4 faiz bəndi, uzunmüddətli kreditlər töhfəsi isə 19 faiz bəndi olub. Bu arada kreditlərin 77 faizi uzunmüddətli verilib.

Hansı bankın problemli kredit dərdi var?

"AccessBank"-ın cari ilin 3 ayına olan hesabatına görə, vaxtı keçmiş kreditlərin məbləği 12041,77 min manat təşkil edib. Bunun da kredit portfelində xüsusi çəkisi 1,30 faizdir. Yanvar ayına olan statistikaya əsasən “AGbank”da vaxtı keçmiş kreditlərin məbləği 55 699,3 min manat olub.

“Amrahbank”ın da problemli kreditinin həcmi az deyil. Düzdür, bank 2014-cü ilin səkkiz ayına olan göstəricini rəsmi veb saytında yerləşdirib. Həmin hesabata əsasən “Amrahbank”ın əsas borc üzrə vaxtı keçmiş kreditlərinin məbləği 11,569.40 min manat olub. Bunu nəzərə alsaq, hazırda bankların vaxtı keçmiş kreditlərinin həcmi artıb, bu proses “Amrahbank”dan da yan keçməyib. “Bank of Baku”da isə bu rəqəm 69 463,40 min manatdır. Kreditlərin iqtisadi sektor üzrə bölgüsündə fiziki şəxslərə verilən kredit portfelində vaxtı keçmiş kreditlər üstünlük təşkil edir. Belə ki, 69 463,40 min manat vaxtı keçmiş kreditin 63 177.1 min manatı fiziki şəxslərin payına düşür. “NBS Bank”ın vaxtı keçmiş kreditlərinin həcmi ilin birinci rübündə 7,030 min manat olub. “Kredobank”da bu rəqəm 26 004,81 min manat, “YapıKredi Bank” Azərbaycanda 25 341,86 min manat, “Azərbaycan Kredit Bankı”da 17 820,60 min manat, “Zaminbank “ da 12 706,42 min manat, “Rabitəbank”da 11 114,00 min manat qeydə alınıb.

L.Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR