• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Hicabsız gəzən ərəb şahzadələri - FOTOLAR

  • Layihə
  • 21 İyul 2015 10:45
  • 3 936 Baxış
Hicabsız gəzən ərəb şahzadələri - FOTOLAR

Amerikada və Avropada stil ikonası olmaq çətin deyil. İslam qanunlarının hakim olduğu Asiya ölkələrində isə stil sahibi olmaq qəliz məsələdir. Çünki Şərq incə məsələdir. Çünki şərq gözəlləri mütləq təvazökar, sakit təbiətli və qapalı olmalıdır. Çünki İslam dininin qaydalarına görə, şərq qadınlarına başıaçıq gəzmək və qısa yubka geyinmək qadağandır. Şərqin azad qadınları isə müasir dəblə ayaqlaşmaq istəyirlər. Buna görə hətta hicabdan da imtina edirlər. Onlardan bəziləri bunun öhdəsindən yaxşı gəlirlər. Zəngin və səxavətli həyat yoldaşları da onların bu istəyini normal qarşılayır. Bir sözlə, şərqin füsunkar şahzadə xanımları da, stil ikonası olmağa olduqca iddialıdırlar.

Publika.az-ın “9 don” rubrikasında bu həftə modapərəst oxucularımızı hicabsız gəzən şərq şahzadələrinin stilləri ilə yaxından tanış edəcəyik.

Qətər əmirinin ikinci həyat yoldaşı Şeyx Moza bütün mənalarda ideal qadındır. Birincisi, o, 7 uşaq anasıdır. İkincisi, görkəmli ictimai-siyasi xadimdir. Və ən nəhayət, əsl stil ikonasıdır. 55 yaşlı şərq şahzadəsi türban və çalma dəbini hətta avropalılar arasında trendə çevirə bilib. O, əsasən, “Valentino” moda evindən geyinir. Ondan başqa, rusiyalı gənc dizayner Ulyana Serqeyenkonun da işlərinin pərəstişkarıdır.

Şeyx Moza şərq qadınları barəsində yayılan bütün stereotipi dağıdıb. Məhz o, ərəb ölkələrində islamın əsas etiket qaydalarını pozaraq ilk dəfə olaraq ictimaiyyət arasında üzüaçıq görünməyə cəsarət edib. O, zərif üslubu ilə Şərq ölkələrinə yenilik gətirir. Şeyx Moza onu heyranedici göstərən rənglərin harmoniyasını əla hiss edir. Onun dəbdəbəli geyimlərindəki dərin dolğun çalarlar parlaq zahiri ilə ideal şəkildə uyğunlaşır. Onun üslubu zinət elementləri ilə zəngin olan klassikaya daha yaxındır. Qətərin birinci xanımı qapalı və milli geyimlərdə həmişə nəcib, parlaq və zövqlü görünür. “Vanity Fair” jurnalına əsasən, ən yaxşı geyinən məşhurlar sırasına daxildir. Bu barədə mübahisə etmək yersiz olardı. Hətta onun ən iddialı modapərəst olduğunu deyə bilərik.

Öz ölkəsində milli geyimlərdə gəzən Moza, ölkə xaricində bir-birindən gözəl modellər geyinir. Dünyanın ən öndə gedən markaları ilə arası yaxşı olsa da, o da bütün zövqlü xanımlar kimi “Chanel” vurğunudur. Onun geyimləri heç kəsin diqqətindən yayınmır, elə buna görə də, dünyanın bir çox jurnallarında müzakirə mövzusu olur.

Şeyx Moza çalma stilini dəbə gətirib, onu qoruyan xanımlardan biridir. Çalmalar birinci xanımın üslubuna hakimlik edən ən gözəl aksessuardır. Amma alışdığımız çalmalardan bir xeyli fərqlənir. Onun tərzinin özəlliyi də məhz bundadır, çalmaları da geyimləri ilə uyğun olmalıdır. Çalmanı gözəgəlimli, böyük sırğalarla tamamlayır. Bəzən isə çalmaya maraqlı broşlar ilişdirərək öz imzasını qoyur. O, xüsusilə zinət əşyalarını bir-biri ilə ustalıqla birləşdirən dəb ilahəsidir.

Dina-Əbdüləziz əl-Səud Səudiyyə şahzadəsi Əbdüləziz bin Nasir Əbdüləziz bin Al Səudin həyat yoldaşıdır. Cütlüyün bir qızı və əkiz oğlanları var.

Şərqli həyat yoldaşı missiyasını yerinə yetirən şahzadənin dəblə də arası yaxşıdır. Bu kübar ərəb şahzadəsi və modapərəst xanım Səudiyyə Ərəbistanda "DNA" butikinin sahibidir. Lakin bu butik qapalı olur, oraya ancaq şahzadınin dəvəti ilə daxil ola bilərsiniz. Butik üçün kolleksiyaları Dina şəxsən özü seçir. Burada müsəlman aləmində qəbul olunmuş ənənələr də, əlbəttə ki, nəzərdən qaçırmır. Məsələn, Diane Von Furstenberqin dizə qədər olan aşırmalı donları onun xahişi ilə xüsusi olaraq ərəb qadınları üçün döşəməyə qədər uzanır.

Təsadüfi deyil ki, şahzadə həm də moda həftələrinin sevilən qonağıdır. Ərəb şahzadəsinin Nyu-Yorkda moda həftələrində iştirakında geyindiyi qiyafələri dəb tənqidçilərinin də diqqətini çəkir. Qərb və şərq geyim ənənələrini özündə birləşdirən üslubu Nyu-York dəb bloqqerlərini sözün həqiqi mənasında heyran etmişdi. Öz ölkəsində isə onun geyim tərzini kifayət qədər cəsarətli adlandırırlar. Haqqında deyilən tənəli sözlər isə onun modaya olan ehtirasına qətiyyən təsir etmir. Amma dedi-qodulardan bezən şahzadə son illərdə Amerikada yaşamağa üstünlük verir.

Şahzadə Azzedine Alaa və Carolina Herrera kimi adlı-sanlı dizaynerlərlə dostdur. Hətta bütün qadınların sevimli ayaqqabı dizayneri Kristian Louboutin bir cüt ayaqqabılarını onun şərəfinə adlandırıb.

Şahzadənin, demək olar ki, hər obrazı bəzək əşyaları ilə tamamlanıb. Dina uyğunsuz bilərzikləri və "arm candy" tərzində üzükləri birləşdirməyi sevir. Onun sevimli aksessuarları arasında “Olympia Charlotte” - orijinal klatç-kitabları tez-tez görmək olar.

Şahzadənin obrazında daha bir təəccüblü məqam cəsarətli saç kəsimidir. Çünki müsəlman ölkələrində hesab edirlər ki, qadının əsas bəzəyi və fəxri onun uzun saçlarıdır. Oğlansayağı saç kəsimləri kişilər tərəfindən də normal qəbul olunmur. Lakin qısa saç kəsimi, qısa paltarlar, qeyri-adi obrazlar isə onda çox ahəngdar və cəlbedici görünür. Bu azad xanım şərq qadınları kimi itaətkar olmaq fikrindən tamamilə uzaqdır. Görünür, uzun illər Nyu-Yorkda yaşamaq ona özünəminlik verib.

Müsəlman aləmində, xüsusilə ərəb qadınlarında dolu bədən firavanlıq, xeyir-bərəkət və sağlamlıq əlamətidir. Sizdən kimsə bu ekzotik ərəb ölkələrində olubsa, dolu bədənli qadınların çoxluq təşkil etdiyini yəqin ki, müşahidə edib. Əslində, çox uzağa getməyə ehtiyac yoxdur. Bu cür inanclar bizim ölkəmizdə qalmaqdadır. Şahzadə Dina isə hər zaman formada qalmaq üçün idmanla məşğul olur.

Mnira əl-Xəlifə Bəhreyn kralı Həməd ibn İsa əl-Xəlifənin sevimli bacısı qızıdır. Bu qız “Chanel” və “Giambattista Valli” kimi moda evlərinin heç bir nümayişlərini qaçırmır. Və həmişə də moda həftələrinə qardaşı Abdullanın müşayiəti ilə gəlir. Qızın qardaşı da dəblə ayaqlaşmağı çox sevir və geyimini adətən “Olympia Charlotte” ayaqqabıları ilə tamamlayır.

Maha əl Sudəiri mərhum Naif əs-Səudun üçüncü həyat yoldaşıdır. O, çadradansa, “Chanel” və “Louis Vuitton”-nun ziyafət libaslarına üstünlük verir. Onların altından isə “O Caprices de Lili” fransız alt paltarı brendinin mallarını geyinir. Bəzən isə Səudiyyə şahzadəsi aldığı bahalı paltarların pulunu ödəməyi unudur. Qəbr mətbuatının yazdığı məlumata görə, onun fransız butiklərinə yüz minlərlə avro borcu var. Bu yaxınlarda isə o, düz beş ay öz məiyyəti ilə birlikdə yaşadığı “Şanqri La” otelinə 7 milyon avro atmağa cəhd göstərib.

Yeri gəlmişkən, Parisin ədaləti bərpa etmək ümidi demək olar ki, yoxdur: Səudiyyə Ərəbistanının səfiri jandarmı şahzadənin toxunulmaz şəxs olduğunu, beynəlxalq qalmaqalın isə heç kimə lazım olmadığı xatırlatmaqdan yorulmur.

P.S Bütün yuxarıda yazılanlara yekun vuraraq demək istəyirəm ki, şahzadələrin bu nailiyyətlərində əslində, qeyri-adi heç nə yoxdur. Çünki onlar gur saatlarda metro ilə işə getmirlər, məişət problemlərini həll etmək üçün işdən evə qaçmırlar, uşaqları bağça bağlanana qədər oradan almağa tələsmirlər, yaxud da vitrində gördükləri dəbdəbəli çantanı almaq üçün pul yığmırlar...

Bizim çoxumuz üçün onların həyat tərzi və istənilən mərasim üçün nəzərədə tutulmuş lüks geyimlərdən ibarət qarderob əlçatmazdır. Amma bu o demək deyil ki, biz yaxşı təhsil ala, universiteti əla qiymətlərlə bitirə bilmərik! Əgər nüfuzlu moda evlərindən geyinmək istəyirsinizsə, ilk növbədə öz üzərinizdə işləməli və bacarıqlarınızı təkmilləşdirməlisiniz. Arzuladığınız pilləyə qalxandan sonra istənilən butiklərin qapıları sizin üzünüzə açıq olacaq...

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR