• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Qadın bədəni bir incəsənətdir” - FOTOLAR

  • Layihə
  • 29 İyul 2015 10:55
  • 2 992 Baxış
“Qadın bədəni bir incəsənətdir” - FOTOLAR

Gənc və istedadlı rəssam Nihal Əhmədova Publika.az-ın “Kokteyl” layihəsinin qonağı olub. Gənc rəssam üstünlük verdiyi portret janrı və yaradıcılığı ilə bağlı digər məqamları bizimlə bölüşüb.

- İlk növbədə özünüz haqqında məlumat verərdiniz?

- 20 yaşım var. Slavyan Universitetinin liseyini bitirmişəm. Hazırda Bakı Dövlət Universitetində təhsil alıram.

- Hansı fakültədə?

- Kitabxanaçılıq və informasiya fakültəsində oxuyuram.

- Bəs rəsmin bu növünə olan maraq necə yaranıb?

- İncəsənəti uşaqlıqdan sevirəm. Rəsm çəkməklə yanaşı, həm də müxtəlif muncuqlar, parçalar, toxumalardan əl işləri hazırlamışam. Rəsmə marağım xüsusi bir qaynaqdan yaranmayıb. Rəsm çəkməyə ehtiyac duymuşam həmişə.

- Neçə ildir ki, rəsm çəkməklə məşğulsunuz?

- Lap uşaqlıqdan. 2-3 yaşımdan.

- Əsasən məşhur insanların portretini çəkirsiniz. Niyə məhz portret?

- İnsan cizgilərini yaratmaqdan xüsusi zövq alıram. Konkret bir insanın portretini yaratdıqca, ona oxşadığını, simasının canlandığını görmək əvəzolunmaz bir hissdir.

- Müğənnilərin şəkilləri də çoxluq təşkil edir. Bu nə ilə bağlıdır? Ümumiyyətlə, musiqi ilə rəssamlığı nə birləşdirir?

- Əslində, çoxlarını çəkmişəm, ola bilsin müğənnilərin rəsmini daha çox paylaşmışam. Musiqi ilə rəsmi çox şey bağlayır. İlk öncə hər ikisi incəsənətin bir növüdür, yaradıcı dünyadır.

- Elə bir mahnı olub ki, onu dinlədikdən sonra ağlınıza yeni bir əsər yaratmaq ideyası gəlib?

- Çox olub. Şəkillərin yarısından çoxunu musiqi dinləyərək çəkirəm.

- Portretin yaxşı alınmasına həmin adamla tanış olmağınız təsir edir?

- Təsir edir. Portreti çəkdikcə həmin adamın baxışı, gülüşü, hərəkətləri gözümün önündə canlanır. Çox möhtəşəm bir hiss edir.

- Bütün şəkillərdə ancaq sadə və boz qələmdən istifadə etmisiniz. Rənglər sizin üçün bu qədərmi maraqsınızdır?

- Yalnız sadə qələmlə çəkmirəm. Yağlı boya ilə işlədiyim rəsmlər də var. Sadə qələmlə çəkmək imkanı hər yerdə olduğundan, daha çox ona üstünlük verirəm.

- "Nyud" janrında çəkilən rəsmlərə münasibətiniz?

- Bu janrda çəkilən şəkillər çox diqqət çəkir, münasibətim normaldır. Özüm də belə rəsmlər çəkmişəm. Məncə, qadın bədəni özü təbiətin yaratdığı bir incəsənətdir.

- Hazırda fotoqraflar rəssamlardan daha çox populyardır. Belə demək mümkünsə, rəssamlardan daha yaxşı qazanırlar. Amma fotoaparatla şəkil çəkmək daha az zəhmət tələb edir. Bu, sizi narahat etmir ki?

- Fotoqrafla rəssamın gördüyü işi müqayisə etmək bir o qədər də düzgün deyil. Fotoqraflar anı tutmağa çalışırlar, rəssamlar isə anı yaratmağa....

- Əsərlərinizi satırsınız? Yaxud almaq istəyən olub? Və ümumiyyətlə, sifariş qəbul edirsiniz?

- Portret sifarişləri qəbul edirəm. Özüm üçün çəkdiyim şəkilləri isə satmıram.

- Ən bahalı rəsm əsərinizi neçəyə satmısınız?

- Düzü, yadıma gəlmir.

- Elə bir rəssam tapılmaz ki, müəllimi olmasın. Bəs sizə istiqamət verən, peşə sirlərini açan müəllimləriniz olub?

- Rəssamlıq təhsilim yoxdur. Dediyim kimi, 2-3 yaşımdan çəkməyə başlamışam. Yavaş-yavaş özüm-özümü təkmilləşdirmişəm. Məncə, yaradıcılıq təkcə öyrədilməklə mənimsənilmir. İnsanın içində varsa, mütləq üzə çıxacaq və tez-tez məşğul olduqca, istər-istəməz, püxtələşəcək.

- Bu sahədə olan bacarıqlarınızı təkminləşdirmək, müəllimdən dərs almaq fikriniz var?

- Əlbəttə, bunu düşünürəm. Həm də nə qədər çox rəsm çəksən, istər-istəməz bu sahədə bacarıqlarını inkişaf etdirirsən.

- Şəkillərinizin çoxu qadın portretləridir. Bunun özəl bir səbəbi var, yoxsa bir çox rəssamları kimi siz də gözəl rəsm yaratmaq üçün qadın simasının vacib olduğunu düşünürsünüz.

- Qadın cizgiləri daha incədir. Kiminsə portretini çəkmək istəyəndə onun gözəlliyindən çox incəliyinə və ən əsası, simasının fərqliliyinə diqqət yetirirəm.

- Rəssamlıq sizin üçün nə deməkdir?

- Rəssamlıq mənim üçün həyat tərzidir. Gündəlik yemək, içmək, yatmaq kimi, rəsmlə də mütəmadi məşğul oluram. Ruhi tələbatdan irəli gəlir.

- Azərbaycan və ya xarici rəssamlardan kimləri bəyənib daima onun yaradıcılığını izləyirsiniz?

- Demək olar ki, rastıma çıxan bütün rəssamların əl işlərinə baxıram. İndi dünyada və Azərbaycanda fotodan seçilməyən rəsmlər çəkən peşəkarlar var. Bəzən elə rəsmlər olur ki, insan əlinin yaratdığına inanmağa çətinlik çəkirsən. Bu, böyük bacarıqdır. Amma mən daha çox yaradıcı, düşündürən rəssamların işlərini sevirəm. Məncə bu, ikiqat istedaddır. Ən sevdiyim rəssam Salvador Dalidir.

- Azərbaycanda çoxları rəssamların işlərini yüksək dəyərləndirmirlər. Bu sizi rəssamlıqdan soyutmur ki?

- Dediyim kimi, rəssamlıq mənim üçün ruhi tələbatdır. Bununla hər zaman məşğul olacağam. Məncə, rəssamlığa meyil salanların çoxu bu sahənin nə dərəcədə dəyərləndirildiyindən xəbərdardırlar. Amma bununla hamı məşğul ola bilmir. Düzdür, rəssamlar digər peşə sahiblərindən seçilirlər, inanıram ki, onları da duyub qiymətləndirənlər var.

- Gələcəkdə sərgi keçirməyi planlaşdırırsınız?

- Rəsmlərimi internet vasitəsilə paylaşıram. Sərgi keçirmək haqda bir neçə dəfə düşünmüşəm. Hələ ki, belə planım yoxdur.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR