• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yaxın 5 ilə damğa vuracaq ən populyar qiymətli daş - FOTOLAR

  • Layihə
  • 23 Sentyabr 2015 17:15
  • 1 489 Baxış
Yaxın 5 ilə damğa vuracaq ən populyar qiymətli daş - FOTOLAR

Qiymətli daşların çoxunun tarixi ta qədimlərə gedib çıxır. Ancaq yeni kəşf edilən və insanların diqqətini yalnız son illərdə çəkə bilən daşlar da kifayət qədərdir.

Publika.az-ın "Mücrü"sündə bu dəfə sizi bu daşlardan biri ilə tanış edəcəyik.

Söhbət çoxlarının adını belə eşitmədiyi, xalq arasında elə də populyar olmayan, ancaq gözəlliyi ilə zərgərləri özünə məftun edən apatit daşından gedir.

Yunanları aldadan daş

"Apatit" sözü yunancadan götürülüb və aldadıcı mənasını verir. Bu ad təsadüfi seçilməyib. Apatit daşı ilk baxışda beril, turmalin, kvars ilə səhv salınır. Elə buna görə də yunanlar bu daşa "apatit" deyiblər.

Apatit, əsasən, şəffaf olsa da, yaşıl, boz, ağ, qəhvəyi, sarı, mavi və qırmızı rənglərə çalan növlərini də tapmaq olar. Yaşıla və maviyə çalan apatitlər daha məşhurdur. Belə apatitdən hazırlanan zinət əşyaları olduqca qiymətli hesab edilir.

Braziliya, Hindistan, Keniya, Madaqaskar, Meksika, Norveç, Cənubi Afrika, ABŞ, Rusiya, Almaniya, Avstriya, Portuqaliya, Misir, Macarıstan, İsrail apatit yataqları ilə zəngindir.

Ən dəyərli növləri yaşıl və mavi rəngdə olanlardır

Apatit dünyanın əksər ölkələrində tapılsa da, ən dəyərli nümunələri Braziliyada çıxarılır. Buradan əldə edilən daş, əsasən, açıq-yaşıl rəngdə olur və "quşqonmaz" adlanır. Son vaxtlar Madaqasqardakı yataqlardan çıxarılan mavi rəngli apatit də yüksək qiymətləndirilir. Hər iki bölgədən əldə edilən daşlardan, əsasən, zərgərlik işlərində istifadə edilir.

Dünyanın ən kövrək daşı

Apatit çox kövrək daşdır, onu kəsib formaya salmaq çətindir. Ona görə də həddən artıq diqqətli olmaq lazımdır. Zərgərlər bu daşdan, əsasən, sırğa, boyunbağı və broş hazırlamağa üstünlük verirlər. Bunda daşın kövrək olmasının böyük rolu var. Çünki üzük və qolbaqlarda istifadə edildikdə zərbəyə məruz qalma təhlükəsi yaranır, bu da daşın ömrünü azaldır.

Keyt Middletonun sevimlisi

Dünyaca məşhur aktrisalar və müğənnilər apatit daşından hazırlanan zinət əşyalarına müraciət etsələr də, o hələ layiq olduğu populyarlığı qazana bilməyib. Bəlkə də bunun səbəbi apatitin nadir tapılan daşlardan biri olmamasıdır. Digər qiymətli daşlarla müqayisədə, bahalı deyil. Ona görə də Kembric hersoginyası Keyt Midletonun apatit daşlı sırğalardan istifadə etməsi belə bu daşı populyarlaşdıra bilməyib. Buna baxmayaraq, dəblə ayaqlaşanlar yaxın 5 il ərzində apatitin ən populyar daşlardan biri olacağını fikirləşirlər. Bu da təbii ki, daşın qiymətinin bahalaşmasına səbəb olacaq. Odur ki, ehtiyat tədbiri olaraq indidən apatit almaq lazımdır.

Yeni ideyaya ehtiyac duyursunuz?

Apatit, sadəcə, zərif çalarlarına görə deyil, həm də özünəməxsus şəfalı xüsusiyyətləri ilə seçilir. Bəli, bütün qiymətli daşlar kimi apatit də şəfa mənbəyidir. Təəssüf ki, kökü qədimlərə gedib çıxmayan daşlar haqqında maraqlı əfsanələr, rəvayətlər tapmaq qeyri-mümkündür. Buna baxmayaraq, müasir texnologiya sayəsində daşların tərkibindəki minerallar öyrənilir və daşın şəfalı xüsusiyyətləri aşkarlanır. Elə apatitin də insan orqanizmi üçün faydalı cəhətləri tərkibindəki minerallar sayəsində müəyyənləşdirilib. Apatit insana həm mənəvi, həm də fiziki baxımdan təsir edir. Belə ki, öyrənmə qabiliyyətini artırır, qavrama bacarığını gücləndirir, insanın özünə olan inamını artırır, narahatlıq, gərginlik hissini azaldır. İstək və həvəs yaratdığından daha çox işləyib, hədəfə tez çatmağa kömək edir. Stresin mənfi təsirlərini aradan qaldırır. Daha məntiqli qərarlar verməyə kömək edir. Hər hansı bir məsələdə qərarsız qaldıqda apatiti xəfif şəkildə ovxalayın və 1-2 dəqiqə ovcunuzun içində sıxın. Bu, doğru qərar verməyinizə kömək edəcək. Apatit ilham daşı kimi də tanınır. Yeni ideyaya ehtiyac hiss edən hər kəs üçün faydalıdır.

Pis xatirirələri silir

Bu daş insanın aurasını təmizləyir. Mənfi enerjini müsbətə çevirir. Çakraları açır və üçüncü gözün açılmağına kömək edir. Meditasiya ilə məşğul olanlar, həmçinin mediumlar bu daşdan istifadə edirlər. Apatit, xüsusilə, müəllimlərə və tələbələrə tövsiyə edilir. Çünki zehni qüvvətləndirən vasitələrdən biridir. Sosial əlaqələrin qurulmasına kömək edir. Ünsiyyətlə bağlı problemləri aradan qaldırır. İctimai yerlərdə vaxt keçirərkən sıxılan, cəmiyyətdən uzaqlaşan insanlara yaxşı təsir edir. Keçmişdə baş verən pis hadisələri unutmaq istəyənlər yanlarında apatit gəzdirsinlər. Mütəxəssislər bu daşı pis xatirələri unutduran "pozan" hesab edir.

Göz xəstəliklərindən tutmuş zoba kimi – 1001 dərdin dərmanı

Apatit göz xəstəliklərindən tutmuş zob kimi bir çox problemin həlli hesab edilir. Əzələləri gücləndirən təsirli vasitələrdən sayılır. Xüsusilə, idmanla məşğul olanlar yanlarında apatit daşı gəzdirə bilərlər.

Apatit yüksək təzyiqdən əziyyət çəkənlərə kömək edə bilər.

Aclıq hissini aradan qaldırır, maddələr mübadiləsini sürətləndirir. Buna görə də ideal çəkidə qalmaq istəyənlər və ya arıqlamaq arzusunda olanlar apatitdən faydalana bilərlər.

Bədənin dözümlülüyünü artırır.

Rənglərə görə şəfalı xüsusiyyətlərini kəşf et!

Rənginə görə apatitin müalicəvi cəhətləri də dəyişir. Məsələn, göy apatit altıncı hissi qüvvətləndirib, əsəbləri sakitləşdirdiyi halda, sarı apatit sümük əriməsinin qarşısını alır. Mavi apatit isə kəkələmə probleminin aradan qalxmasına kömək edir. Apatit hüceyrələrə güclü təsir göstərərək onları bərpa edir, yeni hüceyrələrin yaranmasını sürətləndirir. Apatit ən çox boğaz çakrasına təsir edir. Elə buna görə də zob xəstələri üçün şəfa hesab edilir. Səsin tutulması, boğaz ağrısı zamanı da istifadə etmək olar. Göz xəstəlikləri üçün də faydalıdır. Müalicənin təsirini artırır.

Hansı bürclər apatitə müraciət etməlidirlər?

Apatitin yuxarıda sadaladığımız faydalı cəhətləri Əkizlər, Qız və Oxatan bürcündən olanlara daha tez təsir edir. Həmçinin Buğa və Balıq bürcündən olanlar da bu daşa müraciət edə bilərlər.

Qeyd edək ki, apatitin enerjisini təmizləməyə ehtiyac yoxdur.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR