• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Natəvan Həbibi: “Sevdiyimə görə hönkür-hönkür ağlamışam” - FOTOLAR

  • Layihə
  • 22 Oktyabr 2015 17:45
  • 2 493 Baxış
Natəvan Həbibi: “Sevdiyimə görə hönkür-hönkür ağlamışam” - FOTOLAR

Natəvan Həbibi elə müğənnilərdəndir ki, jurnalistlərin suallarına qorxmadan, çəkinmədən cavab verir. Ona görə də jurnalistlər onunla söhbət etməkdən zövq alırlar.

Publika.az-ın "Kokteyl" layihəsinin buhəftəki sayının qonağı da elə Natəvan Həbibi oldu. İfaçı müsahibədə müğənni olmağın çətinliklərini səmimi şəkildə etiraf edib.

- Təmsil olunduğunuz sahədə hər gün efirə çıxmaqdan, özünü qəzetdə, jurnalda görməkdən həzz alanlar çoxdur. Siz isə uzun müddətdir görünmürsünüz. Niyə efirdən uzaq düşmüsünüz?

- Düzü, lazım bilmirəm. Hər gün gündəmdə olub boş-boş danışmağın tərəfdarı deyiləm. Eyni mahnını bir neçə dəfə oxuyanda özümdən utanan insanam. Çıxıb nə danışacam ki? Heç bir yeniliyim yox idi, ona görə də görünmürdüm.

- İndi hansı yeniliklərlə gəlmisiniz?

- Müğənninin ən böyük yeniliyi təzə yazdırdığı mahnılarıdır. Murad Arifin yazdığı sonuncu mahnını oxuyacam. Qeyd edim ki, Murad Arif bundan sonra yazdığı bütün mahnıları ancaq özü oxuyacaq. Yeni mahnılarım da var. Bundan başqa, Aygün Kazımova ilə məhkəmə prosesi artıq bitib. Hamının çoxdan gözlədiyi məhkəmə hökmü artıq ictimaiyyətə də elan edilib. Qalib tərəf olaraq fikrimi bildirməliydim. Mənə qarşı aparılan qarayaxmanın cavabını verməliydim.

"16 yaşında ərə getsəydim..."

- Şan-şöhrətə çatana qədər böyük fədakarlıqlar edir, şöhrəti qorumaq üçün hər şeyi qurban verməli olursan. Nəticədə məlum olur ki, illər insanı tamamilə dəyişidirib. Hətta şöhrət öz qurbanını çirkləndirir. Bəs, Natəvan Həbibi şöhrətin onu çirkənləndirməməsi üçün nə edir?

- 2000-ci ildən bu sahədəyəm, karyerama isə 2007-ci ildən başlamışam. İllərdir ki, əziyyət çəkirəm. Bu illər ərzində həm sağlamlığıma ziyan dəyib, həm də mənəviyyatıma. Müğənni olduğum üçün haqqımda xoşagəlməz şayiələr yayılıb, ünvana deyilməyən söz qalmayıb. Gənc qız üçün bütün bunları yaşamaq əlbəttə ki, asan deyil. Sakit həyat tərzi seçib, 16 yaşında ərə getsəydim, ünvanıma bir kəlmə də deyə bilməzdilər. Sənətimi sevdiyim üçün bütün bunlara sinə gərdim. Məsələn, bu müsahibə sosial şəbəkədə paylaşılacaq və onun altına heç də hamı müsbət fikirlər bildirməyəcək. Elə şeylər yazırlar ki, onları oxuyanda dəhşətə gəlirəm. Tanımadığın biri haqqında nə qədər şər, nə qədər böhtan yazmaq olar... Əslində, bunlara dözmək məcburiyyətində qalmışamsa, deməli, şöhrətin qurbanı olmuşam. Bax, tanınmağın, ulduz olmağın ən böyük cəzası budur! Əksəriyyət elə fikirləşir ki, müğənnilərə hər şeyi demək olar. Lakin biz də hamı kimi insanıq və həyatımız heç də kənardan göründüyü kimi rahat deyil.

- Bütün bu sadaladıqlarınıza görə sənətdən uzaqlaşmaq istəmisiniz?

- Olub. El qınağı müğənnilər üçün çox ağır yükdür. Elə bir məşhur yoxdur ki, haqqında deyilmiş neqativ sözlər, qarayaxmalar ona təsir etməsin...

- Amma sizin üçün bəzən "kişi kimi qadındır", deyirlər. Bu fikirlə razılaşırsız?

- Elədir. İllərin çətinlikləri məni "kişiləşdirib". Hər şeyin öhdəsindən özün gəlirsən, başının çarəsinə baxmağı öyrənirsən, hər problemi özün həll etməli olursan. Dolayısı ilə ailədə kişinin öhdəsinə düşən işlər öz boynuna düşür. Belə olan halda, istər-istəməz kişi xarakteri formalaşır. Ümumiyyətlə, hər deyilən sözün üstündən qadınlar kimi boş verib keçmirəm. Məsələn, kimsə nə isə deyəndə qadınlar kimi sızlayıb-ağlamıram. Nə baş verdiyini araşdırıram, həmin sözün niyə və nə səbəblə deyildiyini öyrənirəm. Daha kəskin reaksiya verirəm, kişi kimi. Nə edim, məndə başqa cür alınmır.

- Özünümüdafiə instinktiniz çox güclüdür. Bu, nədən irəli gəlir? Uşaqlıqda aldığımız hansısa travma olub?

- Yox, bu genlərlə bağlıdır. Dayım Türkmənistanda çox hörmətli insandır. Anamın xarakteri də onunla eynidir. Xasiyyətcə ikisi də güclü, mərd və inadkardırlar. Bu baxımdan onlara oxşamışam. Atam daha yumşaq xasiyyətli olub, bacım da ona bənzəyir.

- Azərbaycanda qadın olmaq çətindir?

- Yox, niyə ki? Azərbaycan sivil ölkədir. Qadınlar da artıq kişilər kimi yüksək vəzifələr tuta bilirlər. Deputat qadınların sayı hər seçkidə artır. Səs haqqımız da, söz haqqımız da var. Məncə, asandır.

- Milli mentalitet, müəyyən adət və ənənələr sizi boğmur?

- Sivil ölkədə də milli mentaliteti qorumaq və müasir tələblərə uyğun yaşamaq olar. Deyərdim ki, toylarda kölgədə qalıram. Çünki azərbaycanlı xanımlar müğənnilərdən də cəsarətli geyinir. Geyinmədiyim və geyinə bilmədiklərimi sadə ailələrdən çıxan qadınlar geyinir. Əlbəttə ki, milli adət-ənənələrin ciddi şəkildə qorunduğu ailələr də var. Buna da normal baxıram. Hər kəsin istədiyi kimi yaşamaq haqqı var.

- Mahnılarınızın əsas mövzusu ayrılıqdır. Bu nədən qaynaqlanır?

-Sadəcə, tamaşaçının özünü tapması üçün ifa olunmuş mahnılardır. Haqqımda ancaq 2 mahnı oxumuşam. "Sən" və "Yaz yağışı" mahnıları məndən bəhs edir.

"Xəyanəti bağışlamaq mənlik deyil"

- Sevdiyiniz kişinin xəyanəti ilə qarşılaşmısınız?

- Qətiyyən, yox. Buna heç vaxt dözə bilmərəm. Xəyanəti bağışlamaq mənlik deyil.

- Bu günə qədər "ən böyük həyat dərsi" dediyiniz bir təcrübəniz varmı?

- Əslinə qalsa, mənə dərs olan təcrübələrim çox olub. Ətrafımda baş verən, yaxud da yaxınlarımın yaşadığı elə hadisələr olur ki, ondan da dərs götürürəm. Başıma gələnlər isə heç kimi yaxına buraxmağı öyrətdi. Kimisə yaxın buraxmaq üçün onu yaxşı tanımalıyam, araşdırmalıyam, sınaqdan çıxarmalıyam. Ancaq bundan sonra həmin adama etibar edə bilərəm. Tanıyandan sonra məndən yumşaq adam olmur, sərtliyimdən əsər-əlamət qalmır.

- Yaşınız artdıqca həyata baxışınız dəyişib?

- Çox dəyişib. İndiki Natəvanla 20 yaşlı Natəvan arasında böyük fərq var. Əlbəttə ki, gənc olanda hamı kimi mən də səhvlərə yol vermişəm və onların heç birini inkar etmirəm. İndiki ağlım olsaydı, o səhvlərin heç birinə yol verməzdim. Dostoyevskinin belə bir sözü var: "Cahil olmaq ayrı, pis insan olmaq ayrıdır. Əgər səhvlərindən nəticə çəxarmırsansa, onları təkrarlayırsansa, pis insan olmağa davam edirsən". Zənnimcə, düzgün nəticə çıxartmağı öyrənmişəm.

"Bir nəfər o divarları yaradıb"

- Sanki ətrafınıza görünməz divar hörmüsünüz. Həmin divarları kim yıxa bilər?

- Artıq heç bir kişi o divarları yıxıb həyatıma daxil ola bilməz. Çünki bir nəfər o divarları yaradıb. Həmin divarlar artıq betonlaşıb. Yəni, münasibətlərimizin təməli möhkəmdir.

- Nə vaxtsa kiməsə etdiyiniz ən böyük pisliyi bizə danışa bilərsiniz?

- Kiməsə etdiyim pisliyi xatırlamaqda çətinlik çəkirəm. Ümumiyyətlə, kiminsə haqqını tapdalamaqdan çox qorxuram. Əksinə, mən özüm haqsızlıqla qarşılamışam. Bu həyatda əsas məqsədim də onlarla mübarizə aparmaq olub. Durduq yerdə kiməsə sataşmamışam. Əgər kiməsə pislik etmişəmsə də, bu, onun pisliyinin cavabı olub.

- Bəs, etdiyiniz ən böyük yaxşılığı etiraf edə bilərsiniz?

- Onu,ümumiyyətlə, deməzlər! Ayıb olar. Fəxr etdiyim məsələlər var, danmaram, amma onu açıqlaya bilmərəm. Onda o yaxşılıqların heç bir qiyməti qalmaz. Tək qalanda bu barədə düşünmək isə mənə rahatlıq verir, özümü yaxşı hiss edirəm.

"O elə insandır ki, onu unutmaq mümkün deyil"

- Yaddaşınızı itirsəniz, sevgilinizi unuda bilərsiniz?

- Hardan bilim ki, onda başım nə cür işləyəcək? Düşünürəm ki, yox, unutmaram. O elə insandır ki, onu unutmaq mümkün deyil. Nə cürsə özünü xatırladar (gülürük).

"Sevdiyim insana görə ağlamışam"

- Sevdiyinizə görə göz yaşları axıtmısınız?

- Əlbəttə ki, sevdiyim insana görə ağlamışam. Guya, sən ağlamamısan? Elə bir qız yoxdur ki, sevdiyi insana görə ağlamasın. Zahirən güclü görünsəm də, bu məsələdə həssasam. Evdə oturub adi təsirli videoya baxanda da göz yaşlarımı saxlaya bilmirəm. Özümü saxlamıram, ağlamaq istəyirəmsə, hönkür-hönkür ağlayıram. Çünki bu, sonra mənə ağırlıq verir. Lakin göz yaşlarımı heç kim görməməlidir.

- Niyə həmin insanın kimliyini açıqlamaq istəmirsiniz?

- Şəxsi həyatım barədə heç vaxt açıqlama verməyəcəm. Çünki insanlar doğru-dürüst başa düşmürlər, öz istədiyi kimi yozurlar. Mənə heç kimin həyatı maraqlı deyil, ona görə də qoy mənim də şəxsi həyatım heç kimə maraqlı olmasın!

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR