• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Əməliyyatsız arıqlatma üsulu haqqında bilinməyənlər

  • Layihə
  • 30 Mart 2015 17:10
  • 2 653 Baxış
Əməliyyatsız arıqlatma üsulu haqqında bilinməyənlər

Arıqlamaq arzusunda olan milyonlarla kişi və qadın qarın, bel və bud nahiyələrində ikrah hissi oyandıran qatlardan azad olmaq üçün hər cür riskə getməyə hazırdır. Ən cəsarətli şəxslər artıq piylərdən xilas olmaq üçün cərrah bıçağı altına düşməyə belə razı olur.

Amma tibb daima inkişaf etməkdədir! Artıq çəki və kobud bədən quruluşu ilə mübarizə aparmaq üçün yeni, daha sadə və təhlükəsiz üsullar təklif olunur. Publika.az-ın “Kokteyl” layihəsi çərçivəsində bu həftə vibro və vakuum masajı ilə arıqlamaq üsullarından danışacağıq. Hi-Fi Estetik mərkəzinin fizioterapevti Sevil Yaralıyeva arıqlamaq istəyən xanımları maraqlandıran suallara ətraflı cavab verib.

- Son illərdə əməliyyatsız arıqlamaq istəyən xanımlara hansı masaj növləri təklif olunur?

- Masajlar müxtəlifdir. Masaj həm müalicə məqsədilə, həm də bədəni rahatlaşdırmaq üçün edilir.

Relaksasiya məqsədilə edilən masajlar ağır iş günündən sonra stress və yorğunluğu aradan qaldırır, ruhi cəhətdən insanı sakitləşdirir. Masaj qan dövranını yaxşılaşdırır, əzələləri boşaldır, daxili orqanların fəaliyyətini tənzimləyir, əsəbləri sakitləşdirir. Masaj nəinki ruhi, elə fiziki baxımdan da insanı rahatladır. Üstəlik, arıqlamaq üçün ən gözəl və təbii üsuldur. Sırf bədənə qulluq: sellülitləri, dəri sallanmalarını və dəri problemlərini aradan qaldırmaq, həmçinin arıqlamaq üçün vibro, vakuum masajlar təklif olunur. Vibro və vakuum masaj cihazı, həmçinin termoyorğan vasitəsilə xanımlar artıq çəkidən azad olaraq ideal bədənə sahib olurlar. Vibro və vakuum masajları, kurs müddətindən asılı olaraq, dəri altına toplanan yağları, müəyyən nahiyələrdəki piyləri əridir. Dərinin altında toplanan yağ depoları çıxandan sonra bədənin forması, estetik görünüşü tamamilə dəyişir.

- Vibro və vakuum masajının əl masajından fərqi nədir?

- Bədəndə piy qatları çox möhkəm olan nahiyələri əllə masaj edərək yaymaq, korreksiya etmək, aradan qaldırmaq çox çətindir. Vibro masaj cihazının titrəyiş funksiyası sayəsində piylər yumşalır və ətrafa daha asan yayılır. Əslində arıqlamaq və sellülit müalicəsi üçün istifadə edilən alətlərin hamısı masajı təqlid edir. Məlumdur ki, insanın əl əməyinin qiyməti getdikcə bahalaşır. Üstəlik, yorulma ehtimalı da yüksəkdir. Bu səbəbdən masaj cihazları təkmilləşdirilərək vibro və vakuum masajları yaradılıb.

Vibro – diyircəkli masaj aləti dəri qatına geniş spektrlə təsir göstərə bilən nadir bir üsuldur. Piylənmə müalicəsində, sellulitdə, doğuşdan sonra bərpa olunması zərurəti olan sahələrdə çox səmərəlidir. Vibro masaj bir qədər ağrılı olduğu üçün 10-15 dəqiqə davam edir. Prosedurun effektini görmək üçün həftədə 3 dəfə ardıcıl masaj tövsiyə olunur. Bu, bir növ müalicə olduğu üçün yarımçıq saxlamaq düzgün deyil. Kurs, adətən, 8-12 seansdan ibarət olur.

Vakuum masajında isə dərinin altında yumşalmış piylər sorularaq limfaya doğru aparılır. İşləyərkən elektrik kompressorlu və diyircəkli qarmaqlardan istifadə olunur. İki oynaq diyircək vasitəsi ilə dəri səthində vakuum yaranır və bunun sayəsində qısa müddətə qan damarları və limfatik borular genişlənir. Nəticədə toksinlər, həzm olunmuş maddələr, piylər tərləmə, bürünmə, ya da idman vasitəsi ilə bədəndən ifraz olunur. Vakuum masajı əzələlərin bərkiməsinə kömək edir. Bundan əlavə, metabolik proseslər yaxşılaşır, epidermal təbəqə bərpa olunur. Məhz ilk prosedurdan sonra müsbət nəticələr əldə olunur. Bu proses yağları bədəndən xaric edib dərini oksigenlə zənginləşdirir. Hüceyrədaxili mübadiləni aktivləşdirir və nəticədə regenerasiya prosesi sürətlənir. Eyni zamanda, dərinin tonusunu artırır və təravətləndirir. Vakuum masajının digər bir üstünlüyü ondan ibarətdir ki, dəri sallanmalarını aradan qaldırır, bədəni korreksiya edir. Dəri dartılır, portağal qabığına bənzərlik azalır, bütün bədəndə əhəmiyyətli dərəcədə dəyişiklik hiss olunur, dərinin elastikliyi və hamarlığı artır.

- Masajların dərinin cavan qalmasına, yaxud öz təravətini bərpa etməsinə hər hansı təsiri varmı?

- Masaj dərinin cavan qalmasına birbaşa təsir edir. Masaj olunan nahiyələrdə qan dövranı yaxşılaşdığı üçün hüceyrə yenilənməsini də sürətləndirir. Xüsusən də, hamiləlikdən sonra bədəndə yaranmış çatlar vibro və vakuum masajı sayəsində aradan qalxır. Qan dövranı sürətləndiyi üçün şəffaflığını və tonusunu itirmiş dəri bərpa olunur. Masaj orqanizmdə toplanan toksinlərin atılmasını təmin edir. Heç işləməyən əzələ qruplarının işləməsi təmin edilir. Nəticədə dərinin cavanlaşması müşahidə olunur.

Masaj həm də dözülməz baş ağrılarını aradan qaldırır. Piylər masaj vasitəsi ilə bədəndən ifraz olunub çıxandan sonra əyilmə və qalxmaq problemləri olan insanlar çox rahat şəkildə hərəkət edirlər.

- Vibro və vakuum masajlarında hansı yağlardan və kremlərdən istifadə olunur?

- Vibro masajda yağlardan deyil, əsasən kremlərdən istifadə olunur. Dərinin tipindən asılı olaraq, antisellulit kremlərlə masaj olunur. Tərkibində qızdırıcı effektə malik olan bitkilər və ya istiot olan kremlərdən istifadə olunur.

Vakuum masajı isə sırf yağlarla, ya da xüsusi kostyumlarla təklif olunur. Kostyum geyinəndə vakum masajı yağsız edilir. Kostyumların təsiri az olduğu üçün mən kostyumsuz və yağla işləməyə üstünlük verirəm.

Kremlər və yağlardan əlavə, qatı və çətin korreksiya olunan piyləri parçalamaq üçün mezo iynələr vurulur.

- Xanımlar arasında incə bel və həcmli ombalar dəbə minib. Sizə sırf bununla bağlı müraciət edən xanımlar olur?

- Əlbəttə. Həm oturaq, həm də hərəkətsiz həyat tərzi əzələlərin işləməməsinə, dolayısı ilə bədənin müxtəlif nahiyələrinin piylənməsinə və bədən formalarının itməsinə gətirib çıxarır. Üstəlik, yeni texnologiyalar, mütəmadi avtomobildə oturmaq, televiziya və kompüterdən asılılıq, bu sahədə problemlərin yaranmasına gətirib çıxarır. Yadınızda saxlayın ki, qadın bir yerdə nə qədər çox otursa, ombaları bir o qədər böyük olar. Bu zaman ombaların düzləşməsi, yumruluğun itməsi də müşahidə olunur. Vibro və vakum masajları isə bir ombanın formasını bərpa edir.

Vakuum masajı ilə tək seansda belə aradakı fərqi görə bilirsiniz. Vakuum mexanizmi sayəsində tətbiq olunan üsul sıxışdırma texnikasıdır. Beləcə, yağ depoları mayeləşərək əriyərək ya qana hopur, ya da limfatik sistemə keçərək, böyrəklərlə xaric edilir.

Bizə naşı masajist əlinə düşən bir xanım müraciət etmişdi. Həmin masajist ombadakı yağı iki hissəyə parçalamışdı. Omba sanki iki hissəyə bölünmüş kimi görünürdü.

- Onu düzəltmək mümkün oldu?

- Düzəltmək mümkün oldu. Amma əvvəlki formaı bərpa etmək üçün uzun müddətli kurs tələb olunur.

- Bədənin hansı nahiyəsini korreksiya etmək daha çətindir?

- Qarın nahiyəsinin əzələləri boş olduğu üçün öz tonusunu daha tez itirir və daha tez kökəlir. Xatırladım ki, bu qadınlara aiddir. Qadınlar kişilərdən fərqli olaraq ana olduğu üçün qarın əzələləri böyümə, yığılma funksiyasına malikdir və daha tez deformasiyaya uğrayır. Bu baxımdan qarın masajı bir qədər ağrılı olur. Uzun müddət toplanmış yağları masaj vasitəsilə aradan qaldırmaq və beli incəltmək daha çətindir.

- Vibro və vakuum masajı üçün yaş həddi varmı?

- Burada yaş senzurası yoxdur. Masaj hər yaşa uyğundur. Amma peşəkar birinə müraciət etmək də çox önəmlidir. Masajist peşəkardırsa, müraciət edən şəxsin səhhətindəki problemlər nəzərə alınıbsa, istiqamət doğru seçilibsə, hər yaşda masaj müsbət təsirə malikdir.

- Bəs hansı yaşda daha yaxşı effekt verir?

- Təbii ki, cavan adamlarda daha yaxşı təsir göstərir. Çünki gənc yaşlarda metabolizma daha yaxşı işləyir.

- Vakum və vibro masajdan sonra hansı köməkçi prosedurlar təklif olunur?

- Masajdan sonra xanımlara termoyorğan kimi köməkçi üsullar təklif olunur. Burada temperatur 50 dərəcəyə qədər qaldırılır. Termoyorğan piyi tər yolu ilə bədəndən ifraz edir. 30-45 dəqiqədən sonra xanım tərlədiyi üçün bədəni su içində olur. Bu isə çəki itirmək deməkdir.

Digər köməkçi üsul bürünmələrdir. Bürünmələr yosun və şokolad vasitəsi ilə edilir. Şokolad və yosun dərini həm gözəlləşdirir, həm də qidalandırır. Yosunun tərkibi dərinin ehtiyac duyduğu mineral maddələrlə zəngindir. Şokoladın tərkibindəki maddələr isə serotonin fermentinin əmələ gəlməsini aktivləşdirir. Bürünmələrin əsas funksiyası həm dərini qidalandırmaq, həm də bədənə dinclik verməkdən ibarətdir.

- Xanımlar ən çox hansı aylarda müraciət edirlər?

- Əsasən, aprelin əvvəllərində. Novruz şirniyyatlarından imtina edə bilməyən xanımlar bayramdan sonra arıqlamağa çalışırlar. Artıq havalar isinir, nazik paltarlara keçdiyimiz üçün istər-istəməz bədəndəki qüsurlar özünü göstərir. Xanımlar bədəndəki nöqsanları gizlətmək üçün səylə arıqlamağa çalışırlar.

- Vibro və vakuum masajının səs dalğaları ilə olunan masajdan əsas üstünlüyü nədir?

- Səs dalğaları və şüa ilə olunan masajların təsiri təsdiq olunmayıb. Vibro və vakum isə klassik texniki masajlardır. Elmi araşdırmalarda və təcrübələrdə bu masajların təsiri çoxdan təsdiq olunub.

- Hansı qidalar sellülit əmələ gətirir? Bir mütəxəssis kimi xanımlara bu barədə nə kimi tövsiyələr verə bilərdiniz.

- Spirtli içkilər, kola, siqaret, xəmir xörəkləri, ən əsası hərəkətsiz həyat tərzi sellulit əmələ gətirir.

Sellülit əslində xəstəlikdir. O, arıq adamda da ola bilər. Sellülit toxuması pozulmuş yağ hüceyrəsidir. Qan və limfa dövranında çətinliklər nəticəsində su toplayan yağ hüceyrələri sərtləşir. Beləcə, normal yağ toxuması pozulur, portağal qabığı görünüşünü alır. Masaj qan və limfa dövranını bərpa edərək sellülitin azalmasına yardımçı olur. Xüsusilə limfa drenaj masajları müəyyən nöqtələrə tətbiq olunan təzyiq sayəsində limfa dövranını daha fəal şəkildə sürətləndirirlər. Nəticədə yağ toxumasında maye sərbəst qalır, hərəkətə gəlir. Qan dövranı sistemi artıq maye və digər toksinləri çeşidləyərək sidik və ya tər vasitəsilə bədəndən xaric olunmasını təmin edir. Beləliklə, orqanizm toxuması sıxlaşır. Yadınızda saxlayın ki, yaxşı sellülit masajından sonra sidiyə çıxma istəyinin olması normal haldır.

Masaja gələn xanımlara çoxlu maye qəbul etməyi tapşırıram. Çünki bədən nə qədər çox maye qəbul etsə, bədəndəki piylər və toksinlər su vasitəsi ilə bir o qədər çox ifraz olunacaq. Həm də qaraciyərin işini yüngülləşdirəcək.

Sellülitin yaranmaması üçün saat 6-dan sonra xanımlara yeməyi məsləhət görümürəm. Gün ərzində tez-tez lakin az-az yemək lazımdır. Meyvə və tərəvəz, qatıq sellülitin qarşısını almağa kömək edir.

- Masajın təsiri nə qədər müddət davam edir?

- Masajın təsiri dəridə uzun müddət hiss olunur. Lakin xüsusi arıqlamaq proqramları bədəni xanımın istədiyi formaya salır. Xanımları ayda bir dəfə dəvət edib dəstəkləciyici proseduralar edirik. Masaj ümumiyyətlə, geriyə qayıdan proses deyil. Masajın kurs müddəti bitdikdən sonra yağların yenidən toplanması kimi hallar ola bilməz. Həmçinin xanımlar da eyni səhvlərə yol verməməlidir. Çəki artsa da, bədənin estetik görünüşü dəyişmir.

Aytən

Fotolar: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR