• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qadınları emosional və şəhvətli göstərən nədir? – Fotolar

  • Layihə
  • 8 İyul 2014 20:43
  • 1 924 Baxış
Qadınları emosional və şəhvətli göstərən nədir? – Fotolar

Dəbdə təkrarolunmaz incəsənət

Tərz hər yerdə - memarlıqda, musiqidə, rəssamlıqda, dekorativ-tətbiqi incəsənətdə, interyerdə, paltarlarda və modada özünü göstərir. Hər yerdə hökm sürən üslub bilavasitə mütləq o dövrün dəbinə də təsir göstərir. Özü də bu üslub meydana gələrkən heç vaxt yox olmur, o nəsillərin yaddaşında qalır və gec-tez yenə ona tərəf qayıdırlar. Onun müəyyən elementləri artıq əvvəlki kimi dolğun, parlaq formada olmasa da, öz sözünü deyəcək. Bu gün "Moda inqilabları" layihəsində barokko üslubunun moda tarixində əvəzsiz rolu haqqında danışacağam.

Barokko üslubu XVII əsrin milli-mədəni inkişafında müstəsna rol oynayır. İtaliya, İspaniya, Flandirya, Hollandiya, Fransa kimi ölkələrin hər birinin özünəməxsus bədii ənənələrə və milli bədii məktəblərə malik olması XVII əsr mədəniyyət tarixini yeni mərhələ kimi nəzərdən keçirməyə imkan verir. Bu ölkələrin milli xüsusiyyətləri onların ümumi cəhətlərə malik olmasını istisna etmir. XVII əsr – XVIII əsrin ortalarında Avropa incəsənətində üstünlük təşkil edən bədii üslub kimi barokko klassizm və rokoko üslubundan fərqli olaraq, dövrün dərin daxili ziddiyyətlərini daha aydın əks etdirirdi. Mütərəqqi fikirlərin fəal inkişafı, mənəvi insani keyfiyyətlərin yüksəlməsi ilə səciyyələnən bu dövrdə dahi şəxsiyyətlər yaşayıb-yaradırlar. Barokko üslubunun memarlıqda, məişətdə, illər ötdükcə geyimlər üzərində təsiri aydın şəkildə hiss olunur.

Barokko üslubu - italyan mənşəli sözdür, mənası isə qəribə və qeyri-adi, möhtəşəm və təmtəraqlı deməkdir. Barokko üslubunun modaya gəlişi 1638-cu ildən 1720-ci ilə təsadüf edir. Barokko üslubu memarlığa, o dövrün təsviri incəsənət sahələrinə, o cümlədən geyimlərə də böyük təsiri özünü aydın şəkildə büruzə verir. Barokkonun mühüm fərqləndirici cəhətlərindən biri də bu və ya digər janrın şərhində məhdud çərçivədən kənara çıxan improvizasiya sərbəstliyi idi. Barokko incəsənəti bir sıra görkəmli dizaynerlərin yaradıcılığında yüksək bədii zirvəyə çatır və sonrakı dövrlərdə dəb dünyasının inkişafı üçün zəngin zəmin yaradır.

XVII əsrdə fransız modası Avropada hakim olur. Fransız dəbi Avropada qanunverici olduğuna görə, digər ölkələrdə onu nümunə götürürdülər. Absolutizm (maarifçilik) dövründə kral sarayının zövqünü əks etdirən barokko modası ispan aristokrat ənənəsinə istinad edirdi. Bununla yanaşı, barokko modası ispan aristokrat ənənəsini dəyişməklə fransız zövqünə də uyğunlaşırdı. Tələbkar və mütəşəkkil ispan modası yüngül, parıltılı və nazik ipək parçalarla əvəzlənir. Kostyumlarda işıq və rəng oyunu qabarıq formada hiss olunur, qəşəng lələklər, bəzəklər əlavə olunur, forma dəyişkənliyi, baş verir. Azad modellər məhdudlaşdırmır, əksinə fərdi maraqlara uyğunlaşdırılıb, təbii çalarla vasitəsilə vurğulanır. Qeyri-adiliyə və dəbdəbəyə meyil lent, bağlar, zəngin naxış, çoxlu zinət əşyalarının üslubunu müəyyən edən əsas xüsusiyyətlərdir.

Kişilərin pudralanmış parik taxması və ətirlənməsi də məhz barokko dövrünə təsadüf edir. Barokko dövrünün qadınları xarici görkəm etibarı ilə kişilərdən geri qalmırdılar. Dərilərini ağappaq görünməsinə kosmetikanın gen-bol istifadəsi sayəsində nail olurdular. Təbiilik və özün kimi olmaq demək olar ki, rədd edilirdi.

Krujevalı donlar, dəbdəbəli və parlaq bəzək əşyaları sentimental saray xanımlarının diqqətini cəlb edən xarakterik cəhətlər idi. Kralın möhtəşəm bağında onun günəşini təmsil edən təmtəraqlı barokko üslubunun təcəssümü olan xanımından başqa romantik nə olar bilərdi ki?

Barokko üslubunun səciyyəvi xüsusiyyəti: beli sıxan korsetlər, möhtəşəm açıq sinə dekoltesi və qabarıq qolçaqlar idi. Barokko üslubunun moda dünyasına verdiyi töhfələrdən biri də 17-ci əsrdə amazonkaların səciyyəvi elementləri idi. Buraya: jaket, uzun yubkalar, kip oturan pencəklər, şlyapa və önlüklər daxil idi. Amazon geyimləri təqribən kişi dəbinə oxşasa da, qol manjetləri və yubkanın arxasında uzanan qatarlar qadın siluetini aydın şəkildə vurğulayırdı.

Donun çirklənməməsi üçün açılan üst yubkanı da barokko dövründə fikirləşiblər. Lakin sonralar alt yubkanın zəngin yaraşığını nümayiş etdirmək üçün üst yubkanın ön hissəsini doğrayaraq onu saxlamaq qərarına gəlirlər.

Barokko özündə böyük əzəməti və ehtişamı birləşdirir. O dövrün geyimləri atlas, ipək və məxmər parçalardan tikilirdi. İxtisar və müasir formada təqdim olunmasına baxmayaraq, barokko öz aktuallığını itirməyib. Əksinə daha da genişlənir və əvvəlki vəziyyətinə qayıdır. Barokko stilindən ilham alan böyük moda evləri o dövrün əzəmətini bir daha təkrar edirlər. Əgər siz zinət əşyalarının və parlaq rənglərin pərəstişkarısınızsa, onda bu üslub sizin sevimliniz olacaq.

Barokkonun dəbə təntənəli qayıdışı dahi Canni Versaçenin adı ilə bağlıdır. "Versace" moda evi haqlı olaraq, barokko üslubunun müasir bələdçisi hesab olunur. O, dünyada bütün qadınlara incəliklə kobud üslubun tarazlaşdırılmış sintezini və öz yaradıcılığını sevdirə bildi. Heç bir şübhə yoxdur ki, kolleksiyada olan bütün əşyalar ən xırda detallarına qədər düşünülüb: xırdalıqlara diqqət və onlarla çalışmaq moda evinin güclü tərəflərindən biri idi.

Barokko moda dizaynerlərini bu gün də ruhlandırır. Onları əzəmətli və təmtəraqlı dekorlardan sui-istifadə etməyə sövq edir. "Balmain", "Etro", "Oscar de la Renta", "McQ" və "Valentino" kimi moda evləri kolleksiyalarında sanki o dövrün rəsm əsərindən peyda olan zəngin çiçək motivləri ilə vurğulanmış bəzək əşyalarına geniş yer ayırırlar. Barokkoda hədsizlik üslubu daha çox zinət əşyalarının dizaynında əks olunur. Bundan başqa, barokko təsiri "Dolce & Gabbana" kolleksiyalarında da aydın duyulur. "Alberta Ferretti", "Chanel" və "Lanvin" kimi brendlər də son kolleksiyalarında barokko üslubuna müraciət ediblər.

Bu il dəfilələrdə modellər podium üzərində barokko üslubunu təcəssüm etdirən geyimlər nümayiş etdirdilər. Məxmər və ipəkdən hazırlanan, qızılı naxışlı saplarla işlənmiş, geyim üzərinə əlavə edilən ağır zinət əşyaları barokko üslubunun ağlasığmaz nümunələridir.

Bu tərzi sevən hər qızın qarderobunda nazik qızılı, gümüş saplarla, bahalı parçadan tikilən dəbdəbəli paltarı olmalıdır.

Aksessuarlar ümumi görünüşə ağırlıq verməməli və rəng palitrası ilə həmahəng təşkil etməlidir. Yalnız cəsarətli qadın bahalı, dəbdəbəli, zərif detallarla işlənmiş, parlaq paltar geyməyə özünə rəva bilər. Onu geyindiyinə heç də təəssüflənməyəcək, çünki o, belə paltarda hər yerdə diqqət mərkəzində olacaq.

Zərif cinsin daha cəsarətli nümayəndələri ümumi görkəmini barokko üslubunda akessuarlarla - qızılı, nazik qayışla, hamarlanmış daş-qaşlarla bəzədilmiş qəşəng əl çantası ilə və ya ağır sırğalarla tamamlaya bilərlər. Əlbəttə ki, bunun üçün risk tələb olunur. Əvəzində isə düzgün seçilmiş aksessuar heç bir qadını diqqətdən kənar qoymayacaq. Axı dəbdəbə və iri aksessuarlar yenidən dəbdədir. Zərif parçalar və yumşaq tonlar sizin obrazınızı qüsursuz edəcək.

Barokko üslubu daha çox təntənəli tədbirlər və vacib çıxışlar üçün nəzərdə tutulub. Amma istəsəniz, onu bəzi elementlərlə qarışdıraraq asanlıqla gündəlik geyimə çevirə bilərsiniz. Məsələn, klassik, düz və dar şalvarı bərbəzəkli pencəklə geyinib işə getmək olar. Əlbəttə ki, işə iri aksessuarlarla getmək olmaz. Bu halda bəzəkləri minimuma endirmək lazım gəlir.

Barokko hazırda ən öndə olan tendensiyalardan biridir. Ona görə də həmişə diqqət mərkəzində olmağı xoşlayan qadınlar onsuz keçinməli deyil. Bu üslubun pərəstişkarları arasında dünya ulduzları az deyil. Cenifer Lopezin, Monika Belluççinin, Selena Qomezin, Beyonsun, Skarlet Yohansonun stilində üslubun elementlərini sezmək olar.

Barokko üslubunu sevən qadınlar dəbdəbəli, emosional, möhtəşəm və şəhvətli görünürlər. Bu üslubla hər yerdə fərqlənəcəksiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR