• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yaraşıqlı aktyordan etiraf: “Utandığım zaman şirin oluram” - FOTOLAR

  • Layihə
  • 30 Aprel 2015 20:16
  • 2 517 Baxış
Yaraşıqlı aktyordan etiraf: “Utandığım zaman şirin oluram” - FOTOLAR

Özcan Dənizin ssenarisi əsasında çəkilən "Sevimli Təhlükəli" filmində baş rolu oynayan Şükrü Özyıldız çəkilişlərdə dublyordan istifadə etmir və bunu hörmətsizlik kimi qəbul edir.

Yaraşıqlı aktyorun daha bir özəlliyi isə utancaqlığıdır. Belə ki, Türkiyə mətbuatına verdiyi müsahibəsində o, utananda yanaqlarının qızardığını deyib. Sevgi haqqında isə çox iddialı danışıb.

Publika.az-ın "Şirin söhbət" layihəsi çərçivəsində bu həftə Şükrü Özyıldızın Türkiyə mətbuatına verdiyi müsahibəsini təqdim edirik:

Məlumat üçün qeyd edək ki, Şükrü Özyıldız 1988-ci il doğumludur. Fevral ayının 18-də İzmirdə dünyaya gəlib. Anası Rumdan, atası isə Qaradənizlidir. Özündən iki yaş kiçik bir bacısı var.

- "Sevimli Təhlükəli"də əsas qəhrəmanı oynamısınız. Bu filmdə canlandırdığınız rol haqqında nə deyə bilərsiniz?

- Mənim canlandırdığım xarakterin hekayəsi nağıldan daha dərindir. İstanbulda bir uşağı quldur dəstə istismar edir. Günlərin birində dəstə çökür, o uşaq böyüyür və gördüyü işlərin nə qədər pis nəticələr doğurduğunun fərqinə varır. Əməllərindən çox böyük peşmançılıq duyur. Günahlarını yumaq üçün tanrıya dua edir. Ancaq dualarla kifayətlənməyib özü ilə mübarizə aparır. Həyatda etdiyi ən böyük yanlışı düzəltməsi üçün Tanrıdan fürsət istəyir. Daha sonra nələr baş verdiyini bilmək istəyənlərə filmə baxmağı tövsiyə edirəm. Filmdə olduqca təsirli və gülməli səhnələr var.

- Sizin nağıl qəhrəmanınız kimdir?

- Uşaqlığım nağıllar oxuyaraq keçməyib. Hələ uşaq yaşlarımdan mebel ustası işləyən atamın yanında şagirdlik etmişəm. Başqa sözlə, real "oyuncaqlarla" oynamışam.

- Filmdə sevimli, yoxsa təhlükəlisiniz?

- Əslində, ikisi də. İlk vaxtlar filmin adının uyğun olmadığını düşünürdüm. Amma rolu tam dərk etdikdən sonra anladım ki, əslində, ad çox uğurlu seçilib.

-Dava-dalaş səhnələrinin çəkilişlərində bir çox qəza keçirdiniz. Yara izləri hələ qalır?

- Qaldı (ayağındakı izləri göstərir). Qaçış və dava-dalaş səhnələrində təhlükəsizlik tədbirlərinə baxmayaraq, deyilənlərə əməl etmədiyim üçün kiçik qəzalar oldu. Məsələn, avtomobilin üstündən tullandım. Düşündüm ki, belə etsəm, daha yaxşı səhnə alınar. Sən demə, bu səhnəni kameralar çəkmirmiş. Həmin səhnənin çəkilişi bitibmiş. Nahaq yerə ayağımı əzdim. Başqa bir səhnədə isə qabırğam çatladı.

- Çəkilişlərdə nə üçün dublyordan istifadə etmədiniz?

- İstəmədim. Özünü təhlükəyə atmırsan, sənin əvəzinə dublyor təhlükə altında qalır. Bu da mənə çox nalayiq bir hərəkət kimi gəlir. Sənin həyatın əzizdir, onun yox? Ona görə də çəkilişlərə dublyor gələndə utandım və özümü pis hiss etdim. Özcanla yüngül mübahisəmiz də oldu. Özüm oynamaq istədim. Təbii ki, o da mənə bir şey olmasından qorxurdu. Çox gərgin çəkilişlər oldu. Əslində, rolumu kiməsə əmanət etməməyim həm fədakarlıq, həm də humanist yanaşmadır.

- Bu əzminizi bütün layihələrdə göstərə biləcəksiniz?

- Peşəmə hörmət və ehtiramımı nə vaxtsa itirəcəyimi güman etmirəm.

- Uşaq ikən hansı peşənin sahibi olmaq istəyirdiniz?

- Lisey illərində ya kompüter mühəndisi, ya da aktyor olmaq istəyirdim. Həyat şərtləri mənə universitetə daxil olub, magistraturanı bitirməyə imkan verdi. Sonra bir işə girib sadə bir həyat yaşamağa başladım. Amma sonra özümü olduğum yerdə görmədim. Xəyallarımın arxasınca getməyi qərara aldım. Həmin vaxt hər şeydən, hətta özümdən də bezdiyim vaxtlarıydı. Odur ki, xaricə getdim. Ora məni dəyişdi. Qaçdım və özümü tapdım. Sonda cəsur, özünəinamlı bir insan kimi ölkəmə döndüm.

- Bir dəqiqə, növbə ilə gedək. Türkiyədə universiteti bitirmisiniz? Hansı fakültəyə daxil oldunuz?

- İTU (İstanbul Texniki Universiteti) Gəmi Mühəndisliyi fakültəsinə daxil oldum. İzmirdə yaşayırdıq, orada darıxdığım üçün sənədlərimi İstanbul Universitetinə vermişdim.

- Bəs, İzmirdə sizi bu qədər sıxan nə idi?

- Hər şey mənə monoton və sıxıcı görünürdü. Özüm çox aktiv insanam. (Gülür) Daim nələrsə öyrənməliyəm, görməliyəm və səyahət etməliyəm. Yerimdə saymağı sevmirəm.

- Sonra nə oldu?

- Universiteti yarımçıq buraxdım. Dənizçilik mənim gözlədiyim kimi deyildi. Hərbi nizam vardı, mən də bu sərt qaydalara dözə bilmədim. Bunları əvvəlcədən hesablamamışdım. O həyatı istəmədim. Çünki ömrümün sonuna qədər belə yaşaya bilməzdim. Sonra yenidən imtahan verdim və Egey Dənizi Universitetinin İqtisadiyyat fakültəsinə daxil oldum. Həmin ərəfədə İzmirdə atamın işlərinə də yardım edirdim. Gündüzlər atamın yanında işləyir, axşamlar da oxuyurdum. Sonra bir az dincəlmək üçün Portuqaliyaya getdim.

- Portuqaliyada nə edirdiniz?

- Gəzir və döyüşürdüm. Uşaqlıqda hiperaktiv olduğuma görə, enerjimi lazımi istiqamətdə xərcləmək üçün məni döyüş kurslarına yazdırdılar. Karate və taykvandoya getmişəm. Yaxşı döyüşçüsü olmuşam. Qəfəs döyüşü qeyri-qanuni deyil, federasiyası da var. Qəfəs döyüşünün Avropadakı mərkəzi də Portuqaliyadır. Orada yaxşı bir döyüş klubu tapdım. Təlimlərə çıxdım və bir neçə müsabiqəyə qatıldım. Çox vaxt da qazanırdım.

- "Yaraşıqlı oğlansan, özünə yazığın gəlsin, döyüşmə!" - deyən olub?

- Yox, o dövr çox çılğın dostlarım vardı, yaxşı ki, yanımdaydılar. Xəbərdarlıq etsələr də, "Boş verin" deyərdim.

- Nə qədər qaldınız Portuqaliyada?

- Bir ilə yaxın. Sonra İzmirə qayıtdım. Müjdet Gezenin aktyorluq məktəbində təhsil almağa başladım. Sonra hər gün yayımlanan seriala təklif aldım. Eyni zamanda bir çox teatr tamaşalarında, reklamlarda da çəkilirdim. Bu serialdan sonra "Uçurum" sserialından da təklif gəldi. Serialda oynamaq üçün İstanbula getdim.

- Atanız aktyor olmağınıza narazı deyildi?

- Heç kim narazı deyildi. Atam özümü, aid olduğum yeri tapmaq üçün həyatla mübarizə apardığımı bilirdi. Buna görə də qərarıma hörmətlə yanaşdı.

- Çətinliklər yaşadınızmı?

- Yuxarılarda tanışlarım olmadığından seçimlərə qatıldım. Prodüserlər bəzən qərəzli yanaşıb "Yaraşıqlı oğlandır, amma içi boşdur" - deyirdilər. Həmin boşluğu doldurmağa çalışdım. Bilirdim ki, vaxtı gələndə qabiliyyətimi özləri görəcəklər.

- Qazandığınız məşhurluqdan razısınızmı?

- Hələ də metroya minirəm, bundan heç də qıcıqlanmıram. Qaranlıqda kameraların işığını görüb yenə dovşan kimi ürkürəm. Məşhurluğun şokunu üzərimdən atmağa çalışıram. Həm alışıram, həm də məşhurluq bir qədər qəribə gəlir.

- Özünüzü doğru ifadə etdiyinizi düşünürsünüz?

- Çoxları məni özündənrazı hesab edir. Amma yaxından tanış olduqdan sonra bu fikirlərini dəyişirlər. İnsanı tanımaq üçün hər şeyin yeri və zamanı var.

- Utancaqsınız?

- Utancağam (gülür) bu halımı sevirəm. Yanaqlarım qızarır, şirin oluram.

- Sanki yaşınıza görə daha böyük görünürsünüz?

- Doğrudur. Amma bunu faciə kimi görmürəm. Həyata fərqli baxış bucağından baxıb daha doğru qərarlar verirəm. Geriyə dönüb baxanda, səhvlərimi görürəm. Səhvlərimi sevərək böyüyürəm. Əslində, itirmək qazanmağa aparan yoldur. Özümə sərmayə qoyub, doğru zamanı gözlədim. Səbir daşı olsa, çoxdan çatlayardı. Çatlamağa yaxın bir zamanda xilas oldum.

- Yaraşıqlı görünüşünüz başınıza heç bəla olub?

- Xeyr, yaraşıqlı olmaq tanrının bəxş etdiyi bir üstünlükdür. Amma yuxarıda dediyim kimi nədənsə, çoxları yaraşıqlı oğlanların və gözəl qızların axmaq, içi boş olduğunu düşünürlər.

- Hiperaktiv olmağınız sevgi həyatınıza və münasibətlərinizə təsir göstərirmi?

- Münasibətlərim haqqında danışmıram.

- Yaxşı, bəs, ürəyiniz doludurmu?

- Bu məsələlərlə bağlı indiyədək heç kimə bir kəlmə də demədim. Sizə yalnızs onu deyə bilərəm ki, sevgini tapmaq çətindir. Onun axtarışında olmaq böyük həyəcan verir. Amma sevgini axtarmaqla olmur, o, özü doğru zamanda gəlib səni tapır...

Sevgi yalnız mənə və aşiq olduğum insana aiddir. Rəngarəng bir şeydir, tapanlar qiymətini bilsinlər...

- Nəzərə gəlməkdən qorxursunuz?

- Mənim sevgimə heç kimin gözü dəyə bilməz, mənim enerjim buna yol verməz. Amma o sehri mətbuata yayıb sabun köpüyü kimi böyüdülərək yox edilməsinin əleyhinəyəm. Bunun üçün də səssiz qalmağı üstün tuturam.

- Yuxunuzu yönləndirə və ya idarə edə bildiyiniz deyilir. Bu, doğrudurmu?

- Bəli, necə olur bilmirəm, amma yuxularımı dəyişdirirəm. (Gülür) Bəzən yuxuda olduğumu başa düşürəm və ondan sonra hər şey çox gözəl və əyləncəli olur.

- Həyatınıza daxil olan insanlarda hansı xüsusiyyəti qiymətlədnirirsiniz?

- Mən bir az qəribəyəm. Yersiz enerji gəlir, qəribə davranıram, özümdən çıxıram. Oturduğum yerdə tullanıram, gah mahnı oxuyuram, gah da elə sürətli danışıram ki, heç kim heç nə anlamır. Bəzən də səsli düşünürəm. Əslində, yaxşı insanam, ancaq mənim həyatımda olacaq insan məni mühakimə etməməlidir. İnsanları mühakimə etməyin cəfəng bir şey olduğunu düşünürəm. Bundan başqa, mənim hiperaktivliyimə tab gətirməli, mənim kimi enerjili və zarafatcıl olmalıdır.

- Həyatınızda ən böyük uğursuzluğun bir qadın qəhrəmanının olmaması olduğunu demisiniz. Bir qadın qəhrəman həyatınızda nələri dəyişə bilər?

- Bir müsahibədə anamın vəfatı ilə bağlı verilən suala belə cavab vermişdim. Çox şeyi dəyişərdi... Çox yaxşı bir yoldaş, çox yaxşı bir sevgiliyəm, ancaq beynimdə yaratdığım utopik qadın xarakterini incitməmək üçün davamlı güzəştə getməli oluram. Əgər həyatımda bir utopiya yerinə, real bir sevgim olsaydı, mən necə davranmalı olduğumu bilərdim.

– Bundan sonra bir qadın həyatınızda qəhrəman ola bilər?

- Evlənməyi düşünmürəm. Ailənin sevgi ilə heç bir əlaqəsi olmadığı qənaətindəyəm. Həyatıma insanlar daxil olur, ya da çıxır, bir qadın qəhrəmanımın olması kimi bir arzum yoxdur. Bu saatdan sonra bir arzum var. O da ancaq özüm üçün yaşamaq...

- Adınızın Şükrü olduğuna inanmaq çətindir. Görünüşünüzlə heç uyğun gəlmir.

- Mənə babamın adını veriblər. Ona görə bu ad mənə çox əzizdir.

- Nağara çalırsınız, tanqo oynayırsınız. Bəs, musiqi ilə aranız necədir?

- Musiqi ilə aram yaxşıdır. Amma mahnı oxumaqdan utanıram. Musiqi olsa, oynayıram. Bundan da ləzzət alıram. Amma daha çox çalmaq həvəskarıyam. 5-ci sinifdən bu yana nağara çalıram.

- Qadınların şöhrətinizə görə sizinlə münasibət qurmağa çalışdığını hiss etmisiniz?

- Həyatıma çox insan daxil olmasına icazə vermirəm.

-İnsanlara güvənmirsiniz?

- Xeyr, əksinə çox güvənirəm, sadəcə, tənhalığımı sevirəm.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR