İtkin düşən musiqi əfsanələrimiz - Yuxu, Aşıqlar, Karvan...
Bizi izləyin

Magazin1

İtkin düşən musiqi əfsanələrimiz - Yuxu, Aşıqlar, Karvan...

Onlar həqiqətən bir ilk idilər-əfsanələşmiş ilk...

SSRİ-nin dağıldığı, əvəzində müstəqil respublikaların yarandığı 1990-cı illərin əvvəlləri Azərbaycan düşüncəsində və mədəniyyətə baxışında yeniliklərlə yadda qaldı. Artıq “Xalqlar həbsxanası”nın cəngindən çıxan respublikalar modern Avropa və Amerika musiqisinə can atır, bu istiqamətdə inkişaf etmək istəyirdilər. Bəziləri hətta sovet dövründə də bu cəhdlərdən çəkinmirdi. Onların sırasında isə təbii ki, ilk pillədə duran musiqi qrupları idi. Bu gün o musiqi qrupları haqqında yalnız xatirələr qalıb. Amma onlar həqiqətən bir ilk idilər-əfsanələşmiş ilk...

Publika.az bu yazıda Azərbaycanın itkin düşmüş, yəni hazırda olmayan, parçalanmış musiqi qruplarından bəhs edəcək:

“Yuxu” - 1990-cı illərin əvvəllərində-müharibənin təzə-təzə səngidiyi bir ərəfədə “Xəzərin sahilində” adlı rok musiqisi az qala hamını heyrətləndirmişdi. İfa özü-özlüyündə musiqiyə yeni bir baxış idi. Təbii ki, Azərbaycan çərçivəsində... ANS-in yardımı ilə musiqi parçasına çəkilən klip də onun ruhu ilə həmahəng idi. Lakin 1988-ci ildə bass- gitaristi İbrahim Emin tərəfindən yaradılan qrup cəmi iki albom buraxa bildi. Sonradan Azərbaycan rok musiqisinin ilk qaranquşlarından olan bu qrup haqqında çox şayiələr gəzdi. Bəziləri onların xaricdə aldadıldığını, böyük məbləğdə maddi ziyana düşdüklərini desələr də, həqiqət bit tərəfdə qaldı. “Yuxu” öz lazımı tamaşaçısını tapa bilmədi.

“Təbriz” ansamblı – SSRİ-nin ilk rəsmi milyonçusu sayılan həmyerlimiz Cənnət Əliyev tərəfindən yaradılan musiqi qrupu qısa zamanda məşhurlaşdı. “Təbriz” kooperativinin sədri olan Cənnət Əliyev eyniadlı musiqi qrupundan heç nəyi əsirgəmədi. Ən yaxşı musiqi cihazları, son model səsləndiricilər və s. “Təbriz” ansamblında idi. Vüqar Yusubov, Musa Musayev kimi müğənniləri həmin qrup yetişdirdi. Qismən rok, qismən də pop istiqamətində, həmçinin estrada janrında olan musiqiləri dillər əzbərinə çevrilməkdə idi. Lakin sonradan hər şey dəyişdi. Müflis olan Cənnət Əliyevin qrupu da sıradan çıxdı. Milyonçu 2014-cü ildə kasıb şəraitdə dünyasını dəyişdi.

“Karvan”- 1984-cü ildə yaranan qrup Azərbaycan estradasına sərbəstlik və müasirlik gətirdi. Statistikaya görə Azərbaycanda digər musiqi qruplarının Karvan qrupu qədər çox pərəstişkar ordusu olmayıb. Qrupun "Qara gözlər", "Sarı güllər" kimi mahnıları bu gün də sevilərək dinlənilir. Qrupun dağılma ili 1993-cü il hesab olunur. Qrupun dağılma səbəbləri müxtəlif idi: o zamanlar Azərbaycandakı siyasi vəziyyət, Qarabağ müharibəsi və bunun musiqi sahəsinə də təsir etməsi. Eləcə də, Vəkilovlar ailəsinin, daha sonra isə Firuz İsmayılovun Azərbaycandan köçməsi və s. Qrupun dağılması “Karvan”ın digər üzvlərinə də təsirini göstərir. Belə ki, İlqar Xəyal qrup dağıldıqdan sonra 4 il ərzində səhnəyə çıxmır. Digər üzvlər də uzun müddət işsiz qalır. Həmin illərdə “Karvan” qrupu Türkiyədə olarkən Firuz İsmayılov və Mikayıl Vəkilova iş təklif olunur və onlar da Türkiyədə və ABŞ-da musiqi fəaliyyətinə davam edirlər. Bu hadisədən altı ay sonra qrup dağılır.

“Aşıqlar”- Bu qrupa bir az da imkan verilsəydi, Azərbaycan musiqi tarixində əsl inqilab yaradacaqdı. 1972-ci ildə SSR miqyasında tanınan ifaçı Polad Bülbüloğlunun məsləhəti ilə Elxan Şıxəliyev qrupun əsasını qoyur. “Aşıqlar”ın yaranmasında əsas məqsəd o zaman Azərbaycan musiqisini dünyada təbliğ etmək idi. Çünki bu ağır missiyanı uzun illər çiyinlərində daşıyan “Qaya” vokal kvarteti parçalanmaq ərəfəsində idi. İkinci güc kimi yaradılan “Aşıqlar” kritik nöqtələrdə-Əfqanıstanda konsert proqramı ilə də çıxış edirdi. Təəssüflər ki, 1989-cu ildə qrup dağıldı. Amma Elxan Şıxəliyev 1997-ci ildə köhnə heyətin bəzilərini bir araya yığaraq, qrupu bərpa etdi. Lakin nə zaman əvvəlki zaman idi, nə də “Aşıqlar” əvvəlki “Aşıqlar” idi.. Hər şey dəyişmişdi. Qrup özünü ikinci baharını yaşaya bilmədi.

“Xürrəmilər”- Xürrəmilər" qrupu Rafiq Rəsulov tərəfindən 1969-cu ildə Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) tərkibində yaradılıb.

Qrup üzvləri Rizvan Mehdiyev (zərb aləti), Elxan (ritm gitara), Tariyel (bass gitara), Rafiq Rəsulov (solo gitara) və Cabbar (bek-vokal) olub. Keçirilən bir çox festivallarda iştirak edən qrupun əsas repertuarını əcnəbi mahnılar təşkil edib. Onlar çox məharətlə həmin dövrdə məşhur olan mahnıları təkrarlaya biliblər. Bundan başqa, qrup milli mahnıları da rok janrında ifa edib. Qrup ilk dəfə "Bakı, sabahın xeyir” mahnısı ilə efirə çıxıb.

Çox təəssüflər olsun ki, qrupun sonrakı taleyi haqqında heç bir məlumat yoxdu. (moderator.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm