Polis olan azərbaycanlı müğənni Emil: “Buna görə özümü hörmətdən sala bilmərəm” – FOTOLAR/MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Polis olan azərbaycanlı müğənni Emil: “Buna görə özümü hörmətdən sala bilmərəm” – FOTOLAR/MÜSAHİBƏ

Son vaxtlar müğənniləri filmlərdə görmək adi hala çevrilib. Xüsusən də son vaxtlar çəkilən komediya filmlərində tanınmış müğənnilər iştirak edir. Müğənni Emil Bədəlov da filmə çəkilən müğənnilər sırasındadır. Amma digər həmkarlarından fərqli olaraq, Emin kommersiya filmində deyil, dövlət sifarişi ilə lentə alınan və peşəkar rejissor tərəfindən ekranlaşdırılan bədii filmdə rol alıb.

Publika.az-a müsahibə verən müğənni uşaqlıqdan filmə çəkilmək arzusunda olduğunu deyib.

- Emil, bu gün müğənnilərin filmə çəkilməsi dəb halını alıb. Çəkilən əksər kommersiya filmlərində mütləq ən azı bir müğənni rol alır…

- Mən kommersiya filmində deyil, dövlət sifarişi ilə çəkilən “Mən evə qayıdıram” adlı filmə çəkilmişəm. Bu film peşəkar rejissor Samir Kərimoğlunu tərəfindən ekranlaşdırılıb və onun digər filmləri kimi bu ekran işi də insanlar tərəfindən böyük maraqla qarşılandı.

- Səni filmə rejissor dəvət etmişdi?

- Əslində məni heç kim dəvət etməmişdi, sadəcə olaraq, mən film barədə məlumat əldə edəndən sonra kastinqlərdə iştirak etdim və bəxtimdən seçildim. Əslində mən epizodik bir rolda oynayacağımı xəyal edirdim, amma gözləmədiyim halda baş rola təsdiqləndim.

- Polis roluna?

- Çox ləyaqətli bir leytenant obrazı idi.

- Bəs nə yaxşı kastinqlərdə iştirak etmək fikrinə düşdün, belə çıxır ki, kinoya çəkilmək arzusundasan?

- Əslində uşaqlıqdan filmə çəkilmək mənim üçün ən böyük arzu olub. Nə vaxtsa, bu arzunu gerçəkləşdirmək üçün məqam axtarırdım. Qismət elə gətirdi ki, vətənpərvərlik və qəhrəmanlıq ruhunda olan bir filmə çəkilməli oldum.

- Bəs həmin filmdən sonra nə əcəb rejissorların diqqətini çəkmədin?

- Yox, əslində bir çox filmlərə məni dəvət ediblər. Sadəcə olaraq, götür-qoy etmişəm və bu iş də uzanıb.

- Niyə?

- Nə bilim, bilirsiniz ki, son vaxtlar yalnız komediya filmləri çəkilir. Mən də özümü komik filmlərdə görmürəm. Çünki komediya filmləri üçün lazım olan istedad məndə yoxdur. Lap durub bu gün də çəkilərəm e, problem yoxdur. Çünki rejissorların əksəriyyəti dostlarımızdır və məni də çəkmək istəyirlər. Amma bu janr üçün uyğun olmaya-olmaya filmə çəkilib, özümü hörmətdən salmaq istəmirəm. Belə çəkilməkdənsə heç çəkilməmək daha yaxşıdır.

- Bəs ciddi bir filmə dəvət etsələr necə, təklifi dəyərləndirərsən?

- Ürəyim istəyən keyfiyyətli ssenari, peşəkar rejissor olarsa, əlbəttə çəkilərəm.

- Seriala necə, çəkilməyə razılıq verərsən?

- Yeri gəlmişkən, yeni bir seriala dəvət almışam və çəkilişlərin bir hissəsi artıq başa çatıb. Region Televiziyasının təqdimatında həmin serial yaxın zamanlarda nümayiş olunacaq. Amma çəkilişlər hələ tam başa çatmayıb.

- Rolun ürəyincədir?

- Müsbət bir insanın obrazını canlandırıram. Öz dostu və dostluq naminə canından keçməyə hazır olan bir insan obrazıdır. Tamaşaçı serial boyu o insanın müsbət keyfiyyətlərini, yaxşı əməllərini görüb sevəcək. Mənə, ruhuma yaxın bir obrazdır, mən həyatda da dostluğu və dostlarımı yüksək dəyərləndirirəm. Serialda təmiz, saf sevgi də ana xətti təşkil edir.

- Tərəf müqabilin kimlərdir?

- Ülviyyə Xalimbekova. Bu serial əvvəlcə Region TV-də, daha sonra isə digər telekanallarda nümayiş olunacaq. Özüm çəkildiyim üçün demirəm, amma çox maraqlı bir ekran işidir.

- Qonorarın məbləği səni maraqlandırırmı?

- Əsas filmin uğurudur ki, 20-30 il keçəndən sonra da yaddaşlarda qalsın. Bizim digər gözəl filmlərimiz kimi. Qonorar o qədər də önəmli deyil, çünki mən sənət adamıyam və qazancım da müğənnilikdən çıxır.

- Bəs dövlət sifarişi ilə çəkilən “Mən evə qayıdıram” filmində oynadığınız baş rola görə nə qədər qonorar aldın?

- Mədəniyyət və Turizm Nazirliyinin müqaviləsi ilə çəkildiyim film olduğu üçün məbləği açıqlamaq istəmirəm.

- Yaxşı, onda həmin qonorarı nəyə xərclədin?

- Dörd-beş il bundan öncə çəkilən bir filmdir, açığı heç o pulu nəyə xərclədiyim də yadıma gəlmir.

- Azərbaycanda tərəf müqabili olmaq arzusunda olduğun elə bir tanınmış aktrisa, yaxud aktyor varmı ki?

- Fərq eləməz, əsas odur ki, istedadlı olsun. Belə də ki, Azərbaycanda ən tanınmış və sevilən aktyor xalq artisti Fuad Poladovdur ki, onunla da eyni filmdə çəkilmişəm. Rəhmətlik Yaşar Nuri ilə çəkilmişəm, ondardan böyük aktyorlar varmı?

- Gənclərin yeni çəkdiyi filmlərdən hansını bəyənirsən?

- Bəyəndiklərim çoxdur. Əsas odur ki, işləsinlər, boş oturmasınlar. Bu eyni zamanda kinoteatra axın deməkdir. İlkingilin film təqdimatında kinoteatrlarda tamaşaçı əlindən tərpənmək olmurdu. Yeni çəkilən filmləri bəyənirəm. Tənqid etməyə nə var ki, amma əsas odur ki, yaxşını da görməyi bacaraq. Birdən-birə olmur, gərək çoxlu filmlər çəkilsin ki, ələnə bilsin.

- Xoşladığın filmlərdən bir-ikisinin adını çəkəsən bəlkə?

- İlkin Həsəninin iştirakı ilə Kənanın çəkdiyi “Ay brilliant” filmini çox bəyəndim. Kinoteatrlarda da həmin film böyük maraqla izlənilir. Ümumiyyətlə, “Bozbaş”ın uşaqları çox sevilir və çox da istedadlıdırlar.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm