Məmur uşaqlarının toyunda oxuyan müğənni: ”Şəxsi nömrəsini verdi ki...”- MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Məmur uşaqlarının toyunda oxuyan müğənni: ”Şəxsi nömrəsini verdi ki...”- MÜSAHİBƏ/FOTOLAR

Nədənsə, həmişə mətbuatdan uzaq gəzib-dolanır. Nadir hallarda adı qalmaqallarda hallanır. Şəxsi həyatını isə heç vaxt şou proqramlara çıxarmır. Söhbət əməkdar artist İzzət Bağırovdan gedir. Amma o, Publika.az-a müsahibə verməkdən imtina etmədi.

- İzzət, niyə həmişə mətbuatdan qaçırsan?

- İnsan ürəyi istəyən adama müsahibə verəndə maraqlı olur. Çünki o jurnalist səni tanıyır və bilir ki, sənə hansı tərzdə suallar vermək olar, hansını vermək olmaz. Bir də görürsən hansısa bir tədbirdəsən, qəfildən jurnalist sənə bir sual verir, ya dəxilsiz söz deyir, adamın qanı büsbütün qaralır.

- Amma özünə elə bir imic yaratmısan ki, hər zaman səni səviyyəni qoruyub saxlayan müğənni kimi tanımışıq. Bunu qoruyub saxlamaq da yəqin çətin olar?

- Çox çətindir. Bu gün müğənnilər arasında Həcc ziyarətinə gedib-gələnlər çoxdur, amma gərək bu adı qoruyasan. Adicə yol müfəttişləri məni adımla çağırmır, Həci deyə müraciət edir. Deməli, mən bu hörməti qazana bilmişəm. Məni tanıyanlar bilir ki, necə insanam.

- Amma adam da var ki, Həcidir, içki də içir, əyləncələrindən də qalmır…

- Mən həmişə sərhədi qoruyub saxlamışam. Böyük sənətkarların hansından istəyirsinizsə, gedin soruşun, deyəcəklər ki, bəlkə də, müğənnilər arasında İzzət qədər böyük-kiçik yeri bilən insan yoxdur.

- Amma sənin təkəbbürlü olduğunu düşünənlər də var.

- Mən özüm də bu barədə çox eşitmişəm. Hətta məclislərdə adamlar olub ki, mənə yaxınlaşıb halallıq istəyiblər. Deyiblər ki, sən Allah haqqını halal elə, mən elə düşünürdüm ki, sən lovğasan, yekəxanasan. Sən demə, çox sadə bir insansanmış. Deyirəm halal xoşun. Deməli, bu adam məni tanımayıbmış, buna görə də haqqımda belə düşünüb. Əvvəllər bu sözə çox reaksiya verirdim, əsəbiləşirdim. Amma son dörd-beş il olar ki, artıq normal yanaşmağa başlamışam. Çünki insandır, doğrudan da, məni tanımaya bilər.

- Maraqlıdır, səni şou-biznesdə ən çox nə qıcıqlandırır?

- Müğənnilərin qurama qalmaqalları. Bir də görürsən efirə çıxıb bir-birlərinin ünvanına təhqiredici ifadələr səsləndirirlər. Biz bilirik də, bu, şou xatirinə yaradılan yalançı qalmaqallardır, amma tamaşaçı bunu bilmir axı. Bu, məni çox əsəbiləşdirir, insanları aldatmaq lazım deyil. Bu qalmaqal uzaqbaşı bir həftə davam edir. Bir maqazin proqramında bunu göstərirlərsə, bu qalmaqal bir həftə davam edəcək. Gələn həftə növbəti bir qalmaqaldan danışacaqlar, həmin müğənni unudulacaq. Yəni bu bir həftə gündəmdə qalmaq naminə mütləq bir-birini söymək, təhqir etmək lazımdır?

- Səni heç gündəm naminə belə süni qalmaqallara çəkənlər olub?

- Olmayıb. Heç çağırmayıblar da, çünki biliblər ki, çağırsalar da, gedən deyiləm.

- Amma bir dəfə maqazin proqramlarının birində həmkarınız Ədalət Şükürovla nəsə qalmaqalınız vardı…

- Hə, dörd-beş il bundan əvvəl Ədalətlə aramızda kiçik anlaşılmazlıq olmuşdu. Bunu efirdə səsləndirmişdilər, amma biz bunu öz aramızda həll etdik. Şəmiylə, Şöşü-İlkinlə Ramin mənimlə Ədaləti restoranların birinə dəvət etdilər. Çay süfrəsi arxasında oturub özümüz öz aramızda məsələmizi danışdıq, həll elədik və öpüşüb-qucaqlaşıb barışdıq. Yoxsa ki, ay bunu böyüdək, maqazin proqramında müzakirə etsinlər, buna imkan vermədik.

- İzzət tez bağışlayan insansan, yoxsa kinlisən?

- Haqsızlıq çoxdur e, qurban olum sənə. Bəzən ünvanına elə haqsız şeylər danışırlar ki, qalırsan belə. Bağışlamağa gəlincə, biz kimik ki, əsas bağışlayan Allahdır. Bağışlayıram, çıxıb gedir. Belə də ki, bağışlamayacağam, o da axirət günü məndən Allaha şikayət edəcək.

- Son vaxtlar kişi sənətçilərin üzlərinə dolğu vurdurması, dodaqlarına silikon qoydurması, qaşlarını alması və s. kosmetik əməliyyatlar dəb halını alıb. Bəzi kişi müğənnilər bunu təqdir eləsələr də, bəziləri əksinə, bunu tənqid atəşinə tuturlar. Sənin buna münasibətini bilmək maraqlı olardı.

- Deyim pisdir, sabah belə əməliyyatlardan istifadə edən həmkarlarım efirə çıxıb məndən incidiklərini deyəcəklər. Deyim yaxşıdır, deyəcəklər ki, Həciyə bax e, “boto”…Nə idi onun adı, yadımdan da çıxdı?

- Botoks...

- Hə, deyəcəklər ki, Həci botoksdur-nədir, onu etdirməyin tərəfdarıdır. Buna görə də məcburam susam.

- Həmişə klassik kostyumlarda olursan…

- Hə, klassik geyimləri xoşlayıram. Onu da deyim ki, 22 ildir ki, mən kostyumları Azərbaycanda tikdirirəm.

- Ətirlərlə aranız necədir?

- İki-üç ətir var ki, mən onları xüsusi olaraq Ərəbistandan gətizdirirəm. Dostlarım sağ olsunlar, mənim üçün gətirirlər. Kəbə evinin ətri gəlir o ətirlərdən.

- Bilirəm ki, saatları çox sevirsiniz…

- Düzdür, evimdə altmışa yaxın saatım var. Hər kostyumuma və köynəyimə uyğun saatlar istifadə etməyi sevirəm.

- Hamısı brenddir?

- Çoxu məşhur brendlərdir.

- Bağışlayanlar da olur, yoxsa elə hamısını özün alırsan?

- Dostlar bilir ki, saat xoşlayıram, buna görə hədiyyə edənlər də olur. Məsələn, dünya çempionu Zaur Paşayev adlı dostum var, ad günlərimdə həmişə mənə saat hədiyyə edir.

- Qızıl əşyalarla aranız necədir?

- Yox, yox, qızıl taxmıram, çünki müsəlman kişiyə qızıl taxmaq haram sayılır. Gümüş üzüklər taxıram. Bir də aksessuarlardan eynəkləri çox xoşlayıram. Xoşuma gəlir hər geyimimə uyğun eynəyim olsun.

- Qarderob sənin üçün çoxmu önəmlidir?

- Mütləq. Evdə qarderoba bir otaq ayırmışam.

- Artıq qalan geyimləri saxlayırsan?

- Bəzən hədiyyə edirəm. Bəzən də kiminsə hansısa paltarımdan xoşu gəlir, istəyir, bağışlayıram. İstər ayaqqabı olsun, istər aksessuar, yaxud da geyim.

- Bir ara bığ saxladın, şou əhlinə dəb saldın…

- Əvvəl saqqal saxladım, hamı mənə baxıb saqqal saxladı, sonra da bığıma baxıb bığ saxladılar.

- Sona qədər saxlayacaqsan?

- Hələ ki, xoşuma gəlir, saxlayıram. Sonrasını bilmirəm.

- Dostluqda necə birisən?

- Kim mənimlə dostluq edirsə, xoş o insanın halına. Bax ürəklə bunu deyə bilərəm.

- Eyni fikri qarşı tərəfə şamil eləmək olar?

- Bir-iki nəfər var ki, onları sirdaş saya bilərəm. Həmin dostları ürəyimə yaxın buraxmışam.

- Yəqin ki, məmur uşaqlarının da məclislərində oxumusan. Heç hansısa işinə görə onlara xahiş etdiyin vaxtlar olub?

- Heç vaxt heç kimə ağız açmamışam. Hətta məmur uşaqlarının toylarında oxumuşam, həmin yüksək rütbəli məmurlar şəxsi nömrələrini veriblər mənə ki, Həci, nə vaxtsa problemin olsa, zəng elə, canla-başla qulluğunda hazırıq. Kartı alıb bir kənara qoymuşam, amma işimə görə heç birinə zəng etməmişəm. Xoşlamıram belə şeyləri. Nəsə istəyəndə onu Allahdan istəyirəm. Gecə namazlarında səhərə qədər yatmayıb Allahdan istəyimi diləyərəm, Allah onu mənə verər. Əsas odur ki, Allahın ətəyindən yapış.

- Hər kəs üçün maraqlıdır, necə atasınız, sərt, mülayim?

- Azacıq sərtliyim olur. Uşaqlar hələ körpədirlər. Əkizlərin üç yaşı var, böyüyün də beş. Mən indi durub onlarla sərt davrana bilmərəm. Amma yeri gələndə tənbeh də edirəm, acıqlanıram da.

- Ailəni heç vaxt efirə çıxartmırsan…

- Uşaqlarımı bir dəfə göstərmişəm.

- Hər halda, xanımını görməmişik. Maraqlıdır, evdəkilər sosial şəbəkədən istifadə edirlər?

- Bizim evdə internetə çıxış yoxdur. Uşaqların əlində telefonları var, onlara da oyunlar yükləmişəm, oynayırlar.

- Xanımına da icazə vermirsən?

- Yox e, bizim evdə belə şeylər yoxdur. Mən özüm istifadə etmirəm, onda qalmış xanımım ola. Demirəm e, buna pis baxıram, yox, sadəcə bizim ailədə belədir. Uşaqlar körpədir, analarının başı uşaqlarla qarışıqdır.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm