Ömür boyu güldürən “Axmaq” - FOTOLAR
Bizi izləyin

Magazin2

Ömür boyu güldürən “Axmaq” - FOTOLAR

Azərbaycan və SSRİ tamaşaçısının sevimli aktyoru və təlxəyi Yuri Nikulin 1997-ci il 21 avqust tarixində 76 yaşında vəfat edib.

Publika.az 12 il bundan əvvəl vəfat etmiş dahi aktyor və sirk ustasını xatırlayır.

Yuri Nikulin 1921-ci il dekabrın 18-də Smolensk vilayətində dünyaya gəlib. 1925-ci ildə aktyorun ailəsi Moskvaya köçüb.

Məktəbi bitirdikdən sonra Yuri Nikulin Qırmızı orduda xidmətə çağırılıb. O, 1939-cu ildə Finlandiyaya qarşı Qış müharibəsində iştirak edib. Hərbidə göstərdiyi xidmətlərə görə, “Vətən”, “Leninqradın müdafiəsi”, “Almaniya üzərində qələbə” medalları ilə təltif olunub.

Sirkə ilk gəldiyi günü aktyor belə xatırlayır: “Sirkdə təlxəklər yıxılarkən hamı gülməyə başlayırdı. Ona görə də sirk otağına daxil olarkən özümü yerə çırpdım. Lakin heç kim gülmədi. Mən ayağa qalxıb yenidən yerə yıxıldım. Bu dəfə yerə kifayət qədər möhkəm dəydim. Bu dəfə də heç kim gülmədi. Mən isə təslim olmayaraq bu hərəkəti bir də təkrarladım. Daha gülüş səsləri gəlmirdi. Qadının biri anama üzünü tutub soruşdu: “Oğlunuzda ürəkgetmə var?” Hadisədən bir gün sonra boynum, belim, əllərim ağrıyırdı. Təlxək olmağın heç də asan olmadığını ilk təcrübədən anladım”.

Nikulin ilk dəfə kinoya 36 yaşında çəkilməyə başlayıb. Onun çəkildiyi birinci film “Gitaralı qız” (1958) idi. “Köpək Barbos və qeyri-adi qaçış” filmindəki “Axmaq” obrazı ona şöhrət gətirdi.

“Filmə çəkilməyim məni məşhur etdi. İnsanlar sirkə təlxək Nikulinə görə yox, kino artistinə baxmaq üçün gəlirdilər”, – deyə xatırlayardı.

Nikulin həyatından söz açarkən deyirdi: “Həyatda çox şeydə bəxtim gətirib: gözəl arvadım, nəvələrim, dostlarım var. Düzdür, dostlarımın sayı ildən-ilə azalır. Bir-bir onları yola salmaq çox kədərlidir. Bu zaman düşünürsən ki, sənə də növbə çatacaq”.

“Köpək Barbos və qeyri-adi qaçış” filminin rejissoru Leonid Qayday 3 rola aktyor axtarırdı - “Qorxaq”, “Çoxbilmiş” və “Axmaq”. Qayday Nikulinə diqqətlə baxaraq dedi: “Axmaq” obrazını sizə vermək istəyirik. Məncə, o rola siz daha çox yarayarsınız”.

Tamaşaçılar da Nikulini elə “Axmaq” obrazı ilə sevməyə başladı. Bundan sonra o, “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri” filmləri ilə sovet tamaşaçısının yaddaşında qaldı.

O, 1997-ci il avqustun 21-də ürəyində aparılan əməliyyatdan sonra vəfat edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm