• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İranda edam olunmuş qızın son məktubunun tam mətni

  • Maraqlı
  • 28 Oktyabr 2014 18:05
  • 1 255 Baxış
İranda edam olunmuş qızın son məktubunun tam mətni

Kult.az bir neçə gün bundan əvvəl edam edilmiş Reyhanə Cəbbarinin son məktubunun tam mətnini təqdim edir.

Mən – Reyhanə Cəbbari 26 yaşında bir qızam. Gözlərimin önündə hər an dar ağacı görünsə də, artıq ondan qorxmuram. Bunları başımdan keçənləri anlatmaq üçün yazıram. Bütün olayları heç bir şey artırıb-əskiltmədən olduğu kimi yazacağam. Məhkəmədə anlamaq istəmədikləri anlatdıqlarımı, dörd nəfərin işgəncələri altında bağıraraq söylədiklərimi anlatmaq istəyirəm. Bəlkə, mənim ölümümdən sonra gerçəkləri oxuyub anlayacaq kimsə tapılar. Dünya insanlarının başımdan keçənləri oxuyub sonra haqqımda düşünmələrini istəyirəm. Mən artıq ölümdən qorxmuram. Fəryadlarımın boğazımda necə boğulduğunu qələmə almaq istəyirəm. Qatillik damğasının alnıma necə vurulduğunu yazmaq istəyirəm. Haqqımda verilən ölüm hökmünün ədalətli olmadığını yazmaq istəyirəm.

Mən – 26 yaşlı Reyhanə Cəbbari bu məktubu yazarkən məzara bənzəyən bir zindanda ölümümü gözləməkdəyəm. 2007-ci ilin bahar günlərində hər növ qəm və dərddən uzaq bir həyat yaşayırdım. İçində eşq dalğalanan və hələ də eşq dalğalanmaqda olan bir evdə yaşayırdım. Mən – Reyhanə, evin böyük qızı, 19 yaşımda kompüter üzrə universitetin üçüncü kursunda oxuyurdum. Bir il idi ki, şirkətdə işləyirdim. Ailəmizin bir tanışı vasitəsi ilə bu şirkətdə işə düzəlmişdim. Ayda 150 min tümən maaş alırdım. Universitetdə olduğum günlərdən başqa hər gün sabahdan axşama qədər şirkətdə çalışırdım. Atam və anam heç vaxt maddi sıxıntı çəkməyimə imkan vermir, daima sabah oyanarkən cibimə pul qoyduqlarını görürdüm. Yəni ailədə heç bir maddi sıxıntım olmamışdı.

Bir yaz günündə dondurmaçı dükanında oturmuş, beynəlxalq sərgidə mallarını sərgiləməsi üçün bir yer ayırdığım bir müştəri ilə telefonla danışırdım. Telefon danışığım bitdikdən sonra məndən bir az kənarda iki dostu ilə oturmuş orta yaşlı bir kişi masama yaxınlaşdı. Üzündə fərqlilik göstərəcək heç bir özəllik yox idi. Hər gün küçədə, avtobusda, taksidə, dəyişik yerlərdə gördüyüm və qızlara söz atan adamlara bənzəyirdi. "İstəmədən telefon danışıqlarınızı dinlədim. Dekorasiya işləri ilə məşğul olduğunuzu anladım" dedi.

– Doğrudur, – dedim.

– Mənim bir yerim var, onu özəl tibbi sahəyə çevirmək istəyirəm. Gözəllik cərrahlığı məktəbinə, – dedi.

Ürəyimdə sevinməyə başladım. Mən – Reyhanə Cəbbari o zaman 19 yaşımda idim. İçim enerji və öz işimdə uğurlar qazanmaq eşqi ilə dolu idi. Mən yaradıcılıq və sənət ruhu ilə dalğalanan bir ailədə böyümüşdüm. Kompüter üzrə tələbə olsam da, maket və dekorasiya işləri və digər bu kimi planlar hazırlama sənəti ilə tanış idim. İşlədiyim şirkətin kartını adama verdim. Kartda mənim adım, telefon nömrəm də yazılı idi.

Mən – Reyhanə Cəbbari o gün doktor Sərbəndi və onun dostu mühəndis Şeyxi ilə tanış oldum. Dondurmaçıdan çıxıb taksinin gəlməsini gözlədim. Önümdə bir maşın dayandı. Doktor və dostu idi. Təşəkkür edib minmək istəmədiyimi bildirdim. Ancaq onlar "yolda iş haqqında da danışarıq" deyəndə maşınlarına minməyi qəbul etdim. Mən Reyhanə Cəbbari bilməzdim ki, həyatım bu iki kişi ilə tanış olmaqla dəyişərək dar ağacına qədər gedəcəkdir. Bir neçə dəqiqə sonra təkrar görüşmək üzrə Nobünyadda ayrıldıq. Evə çatdığımda hər zaman yeni işlə qarşılaşarkən sevincli olduğum kimi bu dəfə də çox xoşbəxt idim və ogünkü hadisəni ailəmə danışmağa başladım. Anama "yeni iş yeri hazır olduğunda cərrahlıq və gözəllik təbliği üçün geniş yerimiz olacaq" dedim. Hər zaman bir çap mərkəzimin olmasını xəyalımda daşımışdım. Bir iş yerimin olmasını və gənc qızları orada çalışdırmamı arzu edirdim. Bu haqda çalışdığım şirkətin müdirindən mənə yardımçı olmasını rica etmişdim. Çalışmaqdan yorulmur və qorxmurdum. Öyrənmək və yüksəlmək eşqi içimi doldurmuşdu. Şansa inanmırdım. "Hər şeyi insan öz iradəsi ilə yaradaraq yolunu gələcəyə doğru açır" deyə düşünürdüm. Lakin indi 26 yaşımda acı həyat təcrübəsi ilə qarşılaşmışam. Bəzən insan həyatı çox sadə bir hadisə ilə alt-üst olaraq öz arzularının uçurulan divarları altında qala bilir. Bir neçə həftə keçdi bu adamlardan bir xəbər çıxmadı. İmtahanlarıma hazırlaşmalı idim. Bir gün telefonum zəng çaldı. Ancaq telefonumun səhifəsi nömrəni göstərmək yerinə, sadəcə, xeyli səkkiz rəqəmini göstərirdi. Doktor idi. İş yerini görmək üçün bir yerdə qərarlaşıb görüşməmizi istədi. Ona "imtahanlarıma hazırlaşıram və keçici olaraq şirkətə də getmirəm" dedim. Doktor "o zaman sonraya qalsın" deyib telefonunu qapatdı. Bir neçə həftədən sonra doktor yenidən aradı. Evdə idim. Yenidən telefonum səkkiz rəqəminin yağmuruna tutulmuşdu. Doktor "post idarəsinin önündə səni gözləyəcəyəm" dedi. Getməyə hazırlaşarkən anam telefonumu alıb arayan nömrəyə baxaraq "getmə, bu nömrənin kimə aid olduğu bəlli deyil. Bu, sirli nömrəyə bənzəyir" söylədi. Mənim israrım üzərinə anam özünün də gəlməsi şərti ilə izin verdi. Bir çox 19 yaşlı qızlar kimi anamın yanımda olmasını istəmirdim. Anama "artıq mən böyümüşəm" dedim. Universitetə girdiyimdə də anama bu sözü demişdim. Universitetə gedib ad yazdıracağım günün gecəsi öz-özümə "sabah hər kəs özü qeydiyyat üçün gələrkən, tələbələr içində, sadəcə, mənim atam-anam yanımda olacaq" demişdim. Universitetin həyətinə girdiyimizdə gördüm bütün qızların ata-anaları yanlarındadır. Ancaq mən yenə də öz ayaqlarım üzərində durmağı öyrənmək istəyirdim. Mənim israrımı anam qəbul etmədi və doktorun görüşünə birlikdə getdik. Mən post idarəsinin önündə və anam qarşı tərəfdə adamı yarım saat gözlədik. Anamın işarəsi ilə evə döndük. Yol boyu anam "artıq bu yalançı adamın telefonuna cavab vermə, gəlsə də, onun işlərinə qarışma, burax şirkətin başqa adamları onun işlərini görsün" deyə gileyləndi. Anamın sözləri mənə təsir etmirdi. Bu işi özüm edərək gənc yaşımda böyük uğur qazanmaq istəyirdim. Hətta anlaşmamızı belə, şirkətin görməsini istəmirdim. Öz xəyalımda bir anlaşma vərəqəsi də planlamışdım. "Bütün işləri özüm kontrol etməliyəm" deyə düşünürdüm. İşin bəzi özəlliklərini öyrənmişdim. Atamın şirkət rəisi ilə necə müqavilə imzaladığını gözlərimlə görmüşdüm. Bir neçə gün keçdikdən sonra yenə də telefonum səkkiz yağmuruna tutuldu. Doktor idi, Əqdəsiyyənin təpəsində görüşmək üçün anlaşdıq. Getdim. Mühəndis Şeyxi də yanında idi. Onlar öndə, mən də maşının arxasında oturdum. Arxada bir mikrodalğa var idi. Ad günü münasibəti ilə xanımına aldığını söylədi. Telefonu ardıcıl olaraq zəng çalırdı. Mühəndis zarafatla "qohumlarından birinin toyudur, bir az tez getməlidir" dedi. Doktor tibbi təchizat idxal etdiyi haqda danışdı. Haqqında danışdığı dava-dərman şirkətində daha öncə qısa müddət işləmişdim. Böyük bir şirkət olduğunu bilirdim. Bu iş baş tutarsa, çox pul qazanacağımı xəyal etdim. Hər gün yeni bir broşüra, yeni çap maşını və yeni kataloq sifariş edirdim. Bütün sifarişlərimi qəbul edirdi. Bir başqası ilə də işləri ilə əlaqədar irtibatda olduqlarını söylədiklərində işlərinin hamısını mənə vermələrini xahiş etdim. Bütün bunlara baxmayaraq, telefonlarını istəyə bilmir, utanırdım. Bəlkə də, bu, mənim ən böyük səhvim idi.

O gün 19 yaşımda olan mən – Reyhanə Cəbbari məni nələrin gözlədiyini bilmirdim. Hər görüşlə bir addım daha ölümə yaxınlaşdığımın fərqində deyildim. Maşından düşüb evə qayıtdım. 2007-ci il iyul ayının 7-də axşam saat 6-ya qərarlaşdıq. O gün yayın son iki gün tətili olduğunu və bu iki gündən sonra əzab və dərd dolu bir həyata atılacağımı heç ağlıma gətirməzdim. Bunun fərqində olmadan son iki gün tətilimi də sevinclə keçirdim. Həm dostumun, həm də bibim qızının toylarına qatıldım.

Mən – Reyhanə Cəbbari bir halda həftənin birinci günü sayılan şənbəni başladım ki, ilk saatlardan günortanın gəlməsini səbirsizliklə gözləyirdim. Günorta vaxtı Rayan Tibb Şirkətindən dönərkən telefonla məni aradı. Bizim şirkətin ətrafında bir işinin olduğu üçün mənim işimə yaxın bir yerə gəlməkdə olduğunu dedi. Bu zaman mən ona "doktor, məndə sizin telefon nömrəniz yoxdur. Bir durum dəyişikliyi olsa və mən qərarımı dəyişsəm, sizi arayıb xəbər verə bilməyəcəm" dedim. Mənə bir telefon nömrəsi verdi. Bu nömrəni verməsi ilə ona güvənim artdı. Anama zəng edərək "işdən bir az gec gələcəyimi" söylədim. Anam "çox gecikmə, axşam saat 7-də gəzməyə çıxacağıq, maşını sənin sürməyini istəyirəm" dedi. Anama gecikməyəcəyimə dair söz verdim. 07. 07. 007 tarixində ondan mənə bir mesaj gəldi. O zaman belə bir fikir eşitmişdim ki, rəqəmlərin hamısı eyni olduğu gündə gələn mesajlar xeyir əlamətdir. 7 rəqəminin müqəddəs olduğunu eşitmişdim. Tanrı varlığı 7 gündə yaratmış, həftə 7 gündür, cənnətin və göylərin 7 qatı var. Öz-özümə "demək, doktor da belə şeylərə inandığına görə sırf bu gündə mənə mesaj atmışdır. Yəqin, çinlilərin talhə baxanları və bürclər haqqında da bilgiləri vardır" dedim. Onun mesajını, sadəcə, bir əlaməti ilə cavabladım. Sonra "doktor sizi gözləyimmi?" deyə yazdım. Çalışdığım şirkətdə yalan söyləmiş və "atamın dostu bu gün gəlib məni işdən alacaq" demişdim. Doktordan başqa bir mesaj gəldi. Bu bir neçə mesaj mənim doktora olan danışıqlarımın hamısı idi. Daha öncə onun telefon nömrəsi məndə yox idi və ona heç bir mesaj yollamamışdım. Saat axşam altı olsa da, mən hələ də şirkətdə idim. Şirkətin çalışanları pəncərələrdən baxırdılar və mən doktorun yalnız gəldiyini gördüm. "Mühəndis hardadır?" deyə soruşdum. Bu iki nəfəri hər zaman ağlımda birlikdə təsəvvür edirdim. Maşının önündə oturub və onun qurduğu tələyə, onun qurduğu hörümçək toruna, acı və dərdlərə tərəf hərəkət etdik. Modern bir musiqi açmışdı.

19 yaşlı mən – Reyhanə Cəbbari texnologiyanın aşiqi idim. Bəşəriyyətin texnologiyanın və modernliyin çox inkişaf etdiyi dönəmdə olduğu bir vaxtda dünyaya gəldiyim üçün çox xoşbəxt idim. Klassik musiqi haqqında bilgim olmadığından, modern musiqini, özəlliklə çox sevirdim. Dinləməkdə olduğumuz musiqi haqqında söhbət etdik. Bir neçə küçə daha irəlidə maşını saxladı. Mühəndis də gəlib maşına mindi. Mən israr etsəm də, ön tərəfə keçməyərək arxada oturdu. Bir az öndə maşından düşəcəyini dedi və elə də etdi. Doktor da maşından enərək bir neçə dəqiqə söhbət etdilər. Mən onların söhbətlərini eşitmirdim. Şeyx getdi və doktor da maşına geri döndü. Beheşti adlı küçəyə çatmışdıq. Doktor burada da maşını saxladı durdurdu. "Yaşlı bir bibim var, ona bir şeylər almalıyam" dedi. Getdi və bir neçə dəqiqə sonra geri döndü. "Mirimad" adlı küçəyə çatmışdıq. İcra hakimiyyətinin önündə maşını saxlayaraq oradakı gözətçiyə maşına göz-qulaq olmasını tapşırdı. Bu zaman ürəyim əsməyə başladı və "bu kimdir ki, icra hakimiyyəti önündə maşını saxlayaraq onun gözətçisindən maşına göz-qulaq olmasını istəyir? Bunu vəzifəsi nədir ki, icra hakimiyyətinin gözətçisi ondan söz dinləmək zorunda qalır?" deyə öz-özümə düşündüm. "Hətta vəzifəli şəxs olsa da, bu sima məni qorxutmur" deyə öz-özümü sakitləşdirdim. İnsanın günəşpərəst kimi olduğunu və hər an rəngini dəyişə biləcəyini bilmirdim. Bir apartmana daxil olduq. Liftlə yuxarı qalxdıq. Bəlkə, orada bir ayaqqabı izi görsəydim, təhlükə zəngini hiss edərdim. Lakin liftlə yuxarı çıxmağımız bunu əngəllədi. Beşinci mərtəbəyə çıxdıq. Tam da liftin yanında doktor bir evin qapısını açdı. İçəri girdiyimizdə heyrətdən şaşırdım. Bura iş yeri idi. Masaların və kağızların üzərində uzun zaman silinməmiş toz görünürdü. Evin içi çox qarışıq idi. Evdə heç bir həyat əlaməti yox idi. Nə bir yemək qoxusu gəlir, nə də işıq yanırdı. Qapını açıq buraxdım. Çevrəsində bir neçə oturacaq olan bir masa var idi. Bu oturacaqların birinin üzərində oturdum. Bu oturacaq qapıya ən yaxını idi. Məndən rahat olmamı istədi. Ancaq mən rahat deyildim, içimi təşviş dolmuşdu. Başımı açmamı istədi. Çox qorxmuşdum. Masanın üstü əşyalarla dolu idi. Kağız, kilid, qulaqlıq, su bardağı, bıçaq, güldan və bu kimi şeylər gözə çarpırdı. O, mətbəxə getdi və mənim gözlərim evi süzməyə başladı. İki bardaq meyvə suyu ilə geri döndü. Havanın istiliyindən şikayət edərək öncə özü içdi, sonra mənim də içməmi istədi. Meyvə bardağının içində rəqs etməkdə olan buz parçalarına baxırdım.

Mən – Reyhanə Cəbbari, 19 yaşında bir qız. O zaman bu ziyafətin sonunun ölüm rəqsi ilə bitəcəyini bilmirdim. Fəryaddan sonra bir rəqs, yalançılıq, riyakarlıq, kötək, kötək və kötək, ağrı və acı.

Yenə də naşılıq etdim. Öz-özümə "üzülmə, güclü ol, ürəyinə pis şeylər gətirmə, bu adamın simasında qorxunc bir şey yoxdur" dedim. Boğazım qurumuşdu, meyvə suyunu içə bilmirdim. "Öncə iş haqqında danışaq, sonra içəcəyəm" dedim. Sürətlə yerimdən qalxıb başqa otağa baxmağa keçdim. Pəncərədən çölə baxdım. Pəncərənin yerdən nə qədər yüksəklikdə olduğuna baxdım. "Biri bu pəncərədən özünü atsa, nə olar?" deyə düşündüm. Nə qədər də anlamsız bir fikir keçmişdi ağlımdan. Otaqda gördüklərimi əlimdəki kağızın üzərinə qaralayaraq geri döndüm. Tam bu sırada yerdə sərili olan namaz qılma kiliminin üzərindən keçərək divanın üzərinə bəyaz bir mələfə sərdi. Bu durumu gördüyümdə zehnim sanki kilidləndi, heç bir şey düşünə bilmirdim. Boğazım qurumuş, səsim sanki batmışdı. Bağlı qapıya baxdım. Qaçmaq mümkün deyildi. Özümü görməzliyə vuraraq oturacağın üzərində oturub masa üstündəki kağızlarla məşğul olmağa başladım. Mənə çox yaxınlaşmışdı. Cibindən bir paket çıxararaq "bunun nə olduğunu bilirsənmi?" deyə sordu. Qorxunun bütün ruhumu sardığını artıq hiss edirdim. Oturduğum yerdən qalxdım. Oturacağın üzərində balaca və zəif görünürdüm. Daha da mənə yaxınlaşdı.

Mən – Reyhanə Cəbbari, bu an 26 yaşımda o anları xatırlarkən hər tərəfimdən tər axdığı kimi, o gün də hər tərəfimdən tər axırdı. O an bütün ümidlərimin yalan və bu adamın bir tələ olduğunu anladım. O an ölümün, qaranlıq və bədbəxtliyin o evdə qanad çalıb uçduğunu öz gözlərimlə gördüm. Və indi bir neçə illik kabusuma son vermək istəyirəm. Neçə dəfə yazmaq istədim, ancaq hər kərəsində də yarım buraxdım. Çünki bu yaralı yerimi təkrar xatırlamaq ürəyimi sıxırdı. Ancaq bu son gecə Rey şəhəri zindanının ikinci bəndində səssizlik və yalnızlıq içində dərd qusmaqdayam. Söyləməkdən başqa çarəm yoxdur. Uşaqlığımda eşitdiyim nağıllarda "səbirli daş"la tanış olmuşdum. Bunları yazmasam, zatən öləcəyəm. O zaman səbir daşı partlayacaq qədər söyləyəcəyəm. Bəlkə, bu yolla dərd bitər, tıxanmış boğazım açılar. Mən o an bıçağı əlimə alarkən zatən ölmüşdüm. Bu son yeddi ildə yaşamamış, həyatı təqlid etmişəm, sadəcə, gündüzü gecəyə, gecəni gündüzə çatdırmaqla məşğul olmuşam. Əlimə bıçağı aldığımda ruhum ölmüşdü. İncə və gözəl ruhum 19 yaşımda öldü. Bir çox gecələr kabuslarla baş-başa qaldım. Müdafiəsiz heyvanların ölümü gözlərimin önündə canlanırdı. Bütün canlıların əziyyətlə öldürülməsinə görə narahat olardım. İndi öz həyatım acı çəkərək ölümə məhkum edilib. Bu şəkildə acı çəkərək ölümə məhkum edilən gənc qızları düşünürəm... Bəlkə, yeni bir başlanğıc... Mən – 26 yaşlı Reyhanə Cəbbari ölümdən qorxmuram, lakin 19 yaşımda ikən ölümdən qorxurdum.

"Qapı kilidlidir, qaçacaq yolun yox..." dedi və bu səs əsla qulağımdan əskilmir. Həyatımı gözlərimin önündə qaraldan bu cümlə əsla məni bu zindan yalnızlığında tərk etmir. Bu qara həyatım. Qara saçlarım kimi qara həyatım. Bir neçə aydan sonra bəmbəyaz olan qara saçlarım...

Tərcümə: Güntay Gəncalp

Xəbər lenti

DAHA ÇOX XƏBƏR