Müsəlman qızların internet tanışlığı - ARAŞDIRMA
Bizi izləyin

Bilgi.az

Müsəlman qızların internet tanışlığı - ARAŞDIRMA

Razılaşdırılmış nikahlar bir çox cəmiyyətlərə xas praktika olsa da, sonunda məmnunedici nəticə versə də, təqdimat və araşdırma prosesi bu işə baş qoşmuş gənclər üçün məşəqqətə çevrilə bilər.

Buna görə də bəzi Qərb müsəlmanları qərara gəliblər ki, internet adaxlanması dilxorçuluğa çarə ola bilər, - BBC Ərəbcənin müxbiri Lydia Green yazır.

"Qız xoşuna gəlmir? Niyə? İki ayağı var, iki də əli var, peşəkardır. Necə olur ki, xoşuna gəlmir?"

Adim Yunisə ailəsi tərəfindən təşkil edilmiş adaxlıbazlıq yaxşı tanışdır.

"Birisini axşam yeməyinə dəvət edib masa arxasında otuzdururlar. Bunu böyük bir dəstgaha çevirirlər. Süfrəyə samosalar, toyuq və çapatilər gəlir… Çox gərgin vəziyyətlər yaşanır… " – deyir Yunis.

Avropada və Amerikada bir çox başqaları kimi Yunis də gənc müsəlmanlara samosasız-filansız həyat yoldaşı tapmağın yolları barədə düşünməyə başlayıb və beləcə internetdə müsəlmanlar üçün adaxlı axtaran sayt yaranıb.

Son onillikdə və bundan bir qədər də uzun müddətdə Avropada və əsas etibarilə Şimali Amerikada internet tanışlığı əsas xidmətlərdən birinə çevrilib. Bu gün bu xidmətdən, bunu özləri də sınaqdan keçirdiklərini deyən Halle Berry və Adele kimi məşhurlardan tutmuş xalalarımızın, nənələrimizin və səhərin basabasında nəqliyyatda gedən adamların yarısının xəbərləri var.

Buna görə də təəccüblü deyildir ki, Qərb müsəlmanları da bu xidməti öz ehtiyaclarına uyğunlaşdıra biliblər. Çox az adamın dini etiqadları bölüşdüyü və razılaşdırılmış nikahların ailədaxili iş sayıldığı ölkələrdə, evlənmək üçün namizədin internetdən axtarılması çoxlarını bu işin stresindən xilas edir.

Yunisin hələ tələbə ikən Veykfilddə, bir qəlyanaltı dükanının üstündə açdığı tanışlıq internet saytı - SingleMuslim.com indi milyondan artıq üzvünün olması ilə fəxr edir.

Lakin gənc sahibkar bildirir ki, bu xidmətin "müsəlmanlar üçün internet tanışlığı" adlandırılması o qədər də düzgün deyil. Belə saytların hədəfi adi maraq saytlarından daha böyük ambisiyası ilə fərqlənir. Tələm-tələs "ertəsi gün" xatirələri və mesaja cavab almaq arzusu ilə yaşayan saytlardan fərqli olaraq SingleMuslim.com müştəriləri üçün ömürlük həyat yoldaşı tapır. Bu asan başa gəlməyən məsuliyyətdir.

"İslamda nikah dinin yarısı deməkdir, - deyə Yunis Məhəmməd peyğəmbərdən sitat gətirir, - Odur ki, bunun necə vacib olduğu bəllidir. İslam öyrədir ki, nikah bütünlükdə cəmiyyətin məhək daşıdır".

Hazırda SingleMuslim.com saytı günə dörd tanışlıq yaratdığını iddia edir. Lakin bu, bütün yaşlardan olan və müxtəlif etiqad dərəcəsinə malik milyonlarla müsəlmana xidmət göstərən gəlhagəlli bazarda fəaliyyət göstərən saytlardan yalnız bir nümunədir.

Məsələn, Muslimmatrimony.com saytı üzvlərinə təkcə məzhəbə görə deyil, hətta etiqad etdikləri dini doktrinaları bölüşən və eyni dildə danışan adaxlı tapmaq imkanı verir.

Başqa bir sayt - HipsterShaadi.com özünü təkcə "səninlə şeir yazacaq və yağış altında rəqs edəcək" adaxlı tapa bilməsi ilə deyil, hətta bu adaxlının valideynlərin də xoşuna gələcəyinə təminat verməsi ilə reklam edirdi. Lakin indi adını dəyişərək ishqr.com olmuş sayt bildirir ki, feministlər üçün "cəsur və nəcib feminist qardaş" və ya Rumini və qranolanı sevən müsəlman tapmaq iqtidarındadır.

Məhəmməd arvadı Ketrinlə dörd il əvvəl tanışlıq saytlarından birində tanış olub. Bu gün xoşbəxt ailəsi, iki uşağı var. Lakin o özünün parlaq ailə səadətinə rahat qovuşmayıb.

"Adamları tapmaq üçün seçim o qədər də böyük deyil, - deyir Məhəmməd.

- Mömin müsəlmanlar bar və klublara getmirlər. Tipik Qərb mədəniyyətində bu normaldır. Lakin müsəlman mədəniyyətində belə şeylərə həqarətlə baxırlar. Odur ki, ailə əlaqələrindən başqa adaxlı tapa biləcəyin yerlər çox deyil.

Məhəmməd müsəlman tanışlıq saytına baş vurmazdan əvvəl müxtəlif dünyəvi saytları da nəzərdən keçirib.

"Təxminən 2010-cu il Pasxasının ərəfəsində mən ilk dəfə Katerinə mesaj göndərdim, - deyə o xatırlayır.

- Hadisələr sürətlə inkişaf edirdi. Üç-dörd aylıq ilkin əlaqələrdən sonra biz evləndik. Adam uyğun birisini tapanda bunu özü də hiss edir.

Əslən Banqladeşli olan Məhəmməd və İslamı universitetdə oxuyarkən qəbul etmiş Britaniyalı Catherine bir qədər qəribə cüt sayıla bilər, lakin bir çox hallarda sözü gedən internet saytları elə bu cür münasibətlərin qurulmasına xidmət edir.

"İslamın qlobal kimliyi cismani yox, ideolojidir. Onun icması qlobal bir icmadır, - deyir Duke Universitetindən ərəb dili üzrə professor Mbaye Lo.

"Buna görə də bu saytlar ana səhifələrində, məsələn, daha çox Afrikalı müsəlmanla hind-pakistanlı qızı göstərirlər. Onlar qlobal miqyasda daha çox insanı cəlb etmək və onlara qlobal görüntü, qlobal vətəndaşlıq vermək üçün özlərini İslamın qloballığını cismani şəkildə ifadə edən saytlar kimi təqdim edirlər" – deyir professor.

Professor Lonun fikrincə, bu internet saytları təkcə qlobal vətəndaşlığa həvəsləndirmir, həm də mühafizəkar ölkələrdən olan gənclərə özlərinə yoldaşı daha geniş azadlıqla seçmək imkanı yaradırlar.

"Hazırkı status quo bir çox ölkələrdə qadınların seçim etməsinə heç də həmişə rəğbətli yanaşmır. İnternet isə ünsiyyəti mədəniyyət baxımından daha asan edir" – deyir Lo.

Tunisin paytaxtı Tunis şəhərindən olan Riad öz xanımı ilə 2012-ci ildə internetdə tanış olub.

"Mən ona gördüyüm an vuruldum, - deyə xatırlayır, - bu əsl ildırım vurması idi".

Lakin Yaxın Şərqdən və Şimali Afrikadan olan çoxları kimi onun da internet tanışlığından gileyi var. Özünün müsbət təcrübəsinə baxmayaraq, belə tanışlığı mütləq şəkildə başqalarına tövsiyə etmək istəmir.

"Virtual aləm yalanlar dünyasıdır, - deyir Riad, - kiminlə danışdığını bilmirsən".

İnternetdə tanışlıq Qərbli müsəlmanların ürəyinə yatsa da, Tunis kimi güclü dini kimliyi olan yerlərdə bunun tamamilə əksi mövcuddur.

"Çox dindar ailələr övladlarının gələcək həyat yoldaşlarını ənənəvi yolla, yəni elə ailə vasitəsilə tapmalarına üstünlük verirlər. Onlar bu qənaətdədirlər ki, internetdə yoldaş tapmaq təbii deyil və buna görə də şübhəli bir işdir" – deyir Riad.

Lakin Qərbdə bu sahə gəlhagəl keçirir. Yunis 2000-ci ildə SingleMuslim.com saytını yaradanda ağlına da gəlməzdi ki, bu onun tam mənasında karyerasına çevriləcək.

Buna baxmayaraq, 14 ildə bu sayt ona fəxr olunacaq əsas bir şey də verib. Saytı qurduqdan bir neçə il sonra gənc sahibkar öz həyat yoldaşını da öz saytından tapıb. O indi övladları ilə fəxr edən atadır. Onun dördüncü övladı olan sağlam qız uşağı bu məqalə yazılarkən dünyaya gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm