• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

ABŞ prezidentlərinin birgə şəkil çəkdirdikləri azərbaycanlı – FOTOLAR

  • Maraqlı
  • 4 Fevral 2015 16:45
  • 1 518 Baxış
ABŞ prezidentlərinin birgə şəkil çəkdirdikləri azərbaycanlı – FOTOLAR

Bu azərbaycanlının adı bütün dünyaya məlumdur. Çünki o, riyazi nəzəriyyələri ilə iqtisadiyyat, siyasət, psixologiya və sosial elmlərə təsir edib. Dahi riyaziyyatçı dünyada Lütfi Zadə adı ilə tanınır.

Lütfəli Rəhim oğlu Əsgərzadə 1921-ci ilin fevralın 4-də Bakıda anadan olub. Atası Cənubi Azərbaycandan olan jurnalist, anası isə rus əsilli həkim olub. Dünyaya gələn körpənin zəifliyi onun sağ qalma ehtimalını şübhə altına alırdı. Lakin Bakının o vaxtkı havası uşağın inkişafına yaxşı təsir etdi və balaca Lütfəlinin səhhəti ilə bağlı təhlükə sovuşdu.

Lakin Əsgərzadə ailəsi daha Bakıda qala bilməzdi. Çünki Lütfəlinin atası Azərbaycanda yeni qurulmaqda olan sovet hökumətinin altında yaşamaq istəmirdi.

Beləliklə, bütün ailə üzvləri İrana köçməli oldu. Elə orada da balaca Lütfi dəqiq elmlərlə maraqlanmağa başladı. Özü barədə belə deyir:

"Ruslardan biliyə qiymət verməyi öyrənmişəm. Uşaq ikən Dostoyevski, Çexov, Tolstoyun kitablarını oxuyurdum. Bu kitablar məndə xeyirxahlıq aşılayıb. Kitab qəhrəmanları hər zaman pisliklə mübarizə aparıblar. Siz Dostoyevskinin kitabından başqa digər kitabların hər bir səhifəsində xeyirxahlığı görə bilərsiniz. Atam jurnalist idi, ondan mənə miras qalan kitab rəfimdə, bəlkə də, 3 minə yaxın kitabım vardı.

Erkən yaşda yetişməyimə başqa bir amil də təsir edib. Mən evin tək övladı idim. Partamın üstündəki yazını indiyədək xatırlayıram: "Tək" (rusca "odin"– red.). Çox vaxt tək olduğum üçün heç kim və heç nə məni sıxmırdı. Özümü hər şeydən ayrılmış kimi hiss edirdim. Ona görə də mən fərdi yolla getdim. Bu, həmişə belə davam etdi...

İranda insanlardan istiqanlılıq öyrəndim. Oranın sakinləri çox mehribandır. Mənim yetişməyimdə İranın təsiri böyük olub. Həmçinin orada elmə də böyük qiymət verilir".

Lütfi Zadənin öz sözləriylə desək, ona İsaak Nyutonun "Təbii fəlsəfənin riyazi başlanğıcları" əsəri böyük təsir edib. Lütfi Zadə bu əsəri oxuyarkən çox gənc imiş: "Oxuduğumu anlamırdım, lakin çox istəyirdim ki, başa düşüm".

Ata oğlunun elmlə maraqlandığından xəbərdar idi. Amma o eyni zamanda oğlunun İranda inkişaf edə bilməyəcəyini də başa düşürdü. İngilisdilli məktəbdə təhsil alan Lütfi Zadə və ailəsi 1943-cü ildə İrandan ABŞ-a köçür.

Dünyaya Lütfi Zadə kimi təqdim olunan gənc azərbaycanlı ABŞ-da müxtəlif elmi dərəcələr alır. O, müasir fəlsəfənin dərinliyinə gedərək, yeni elmi nəzəriyyə üzərində çalışırdı.

Bir neçə il məşəqqətli işdən sonra həmyerlimiz uğur qazandı. O, bir anın içində Aristotel nəzəriyyəsini alt-üst etməyə qərar verdi. Düzdür, bu nəzəriyyəni tamamilə inkar etməsə də, antik filosofun ideyalarına zərbə vura biləcək alternativ təklif etdi.

O, məntiqin mahiyyətinin yalnız "doğru" və "yanlış"dan ibarət olmadığını riyazi yolla sübut etdi. Aristotel məntiqi belədir: "Təsdiq ya doğrudur, ya da yalan". Qısaca desək, mütləq həqiqət və mütləq yalan mövcuddur. Əsgərzadə isə ömrü boyu mübarizə aparmaqla riyazi yolla bu deyimi dəyişdirdi.

Lütfi Zadənin izahatına görə, heçdə hər şey "mütləq" olmur. Yəni, elə şeylər var ki, "mütləq həqiqət" və "mütləq yalan" arasında tərəddüd edir. Məntiqi yolla bunu izah etmək olur. Lakin riyazi izah heç də asan iş deyil. Məsələ ondadır ki, bir çox məsələlərdə elə riyazi sübuta ehtiyac var. Lütfi Zadə inteqral sayəsində özünün məntiq dahisi olduğunu təsdiq etdi. Onun yeni nəzəriyyəsinə "qeyri-səlis məntiq" adını verdilər.

Lütfi Zadə 1991-ci ildən rəsmən təqaüdə çıxıb. Lakin o, hələ də universitet nəzdində yerləşən ofisə baş çəkir. Bununla belə, son illərədək Lütfi Zadə konfrans və tədbirlərdən yayınmır, həftədə bir neçə dəfə xaricə yola düşürdü. Onun qrafiki o qədər sıx idi ki, hava limanı və oteldə vaxt itirməmək üçün hər zaman gecə uçuşlarına üstünlük verirdi.

Lütfi Zadə sakit, təvazökar və sadə insandır. O, ideyaları ilə razılaşmayan insanlara qarşı da alicənab münasibət bəsləyir.

O, Sovet ateizmi, protestantlıq və müsəlman fundamentalizminin qarışıq təsiri altında böyüyüb.

"Öz millətimdən inadkarlıq və tərsliyi öyrənmişəm. Heç bir çətinlikdən qorxmuram. Bu, daha çox türk adət-ənənəsinə uyğun gəlir. Mən çox inadkar ola bilərəm. Elə "qeyri-səlis məntiqin" inkişafında bu xasiyyət kömək edib".

Onun valideynləri Bakıda təsadüfdən tanış olub, nağıllardakı kimi, ilk baxışdan biri-birilərinə vurulublar. Amma onların evlənməsi uzun vaxt alıb. Çətinlik aralarındakı sosial fərqlə bağlı idi. Rəhim Ərdəbildən olan imkanlı ailənin övladı idi. O, gündəlik "İran" qəzetində müxbir işləməklə yanaşı, şəxsi biznesi - kibritlərin pərakəndə satışı ilə də məşğul olardı.

Lütfi erkən yaşlarından oxumaq və yazmağa başlayıb. O, ilk təhsilini (10 yaşınadək – red.) Bakıda, rus dilində alıb. dili rus dili idi.

Lütfi Zadənin həyat yoldaşı Fey isə rus dilindən əlavə, dörd xarici dildə də sərbəst danışır. Fey – Latviyanın Dvinsk şəhərindəndir. Valideynləri İkinci Dünya müharibəsi zamanı Vladivostoka gedən qatarda tanış olublar. Müharibə illərində Feyin anası sanitar həkim kimi çalışıb və yaralılara yardım edib.

Fey Zandın ailəsi (ərə getdikdən sonra Fey Zadə - red.) də sərhəd Almaniyadan köç edən yəhudilər kimi Tehran şəhərinə sığınıb. Elə 12 yaşlı Fey də gələcək həyat yoldaşı ilə oradaca tanış olub. Qızları Stella Zadə jurnalist, oğulları Norman Zadə (Nəriman Zadə kimi də tanınır – red.) informatika elmi üzrə riyaziyyatçı və peşəkar poker oyunçusudur...

Asudə vaxtında dahi alim köhnə fotolara baxmağı xoşlayır. Xüsusən də ağ-qara portretlərə. Yeri gəlmişkən, Lütfi Zadənin ABŞ prezidentlərindən Nikson və Trumanla fotosu da var.

Hazırda Lütfi Zadə Kaliforniya universitetində dərs deyir və Berkli şəhərində yaşayır. O, hələ də məntiq və riyaziyyatla məşğul olur. Müasir riyaziyyatçılar arasında ən çox sitat gətirilənlərdən biri də həmyerlimiz Lütfi Zadədir.

Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR