Daha bir yazıçı Xətaini ittiham etdi: “Şah İsmayıl Vatikanın nəzarətində olub”
Bizi izləyin

Tarix

Daha bir yazıçı Xətaini ittiham etdi: “Şah İsmayıl Vatikanın nəzarətində olub”

“Atası türk olanın qanı elə türk qanıdır” ifadəsini qəbul etmək düzgün deyil”.

Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadənin Publika.az-a müsahibəsi zamanı söylədiyi “Şah İsmayıl Xətainin damarlarından xristian qanı axırdı” fikirləri bir çox tarixçi və ziyalılar tərəfindən etirazla qarşılanıb.

Sosial şəbəkələrdə bu məsələyə sərt etiraz edən şəxslərdən bəzilər Nizaməddin Şəmsizadənin ünvanına “türkçülüyün düşməni”, “imperiyanın aləti” və sairə kimi ittihamlar səsləndirib.

Xatırladaq ki, Nizaməddin Şəmsizadə müsahibəsində Şah İsmayıl Xətainin xristian olması ilə bağlı bunları deyib:

“Doğrudur, Şah İsmayıl Xətainin Azərbaycan üçün xidmətləri danılmazdır. O, Azərbaycanın üçüncü böyük imperiyasını yaradıb, ana dilimizi dövlət dili edib. Amma eyni zamanda şiəliyi təbliğ edib, dövlət səviyyəsinə qaldırıb. Bunun da səbəbləri var idi. O, xristian dövlətlərin təsiri altında bunu edirdi. Çünki Şah İsmayıl Xətainin damarlarından xristian qanı axırdı. Şah İsmayılın nənəsi olan Uzun Həsənin arvadı Aləmşah bəyim Trabzon imperatoru Komnenoslardan IV İohannın qızı Dəspinə xatun idi. Dəspinə xatun yunan xristianı olub”.

Məsələ ilə bağlı danışan Borçalı Cəmiyyətinin sədri, türkoloq Zəlimxan Məmmədli bildirib ki, son vaxtlar Azərbaycan cəmiyyətində qəribə proses gedir:

“Sanki Azərbaycan millətinin keçmişi, mənəvi dünyası və dövlətçilik tarixinin təftiş edilməsi kampaniyasına start verilib. Mən bunun daha çox siyasi məsələ olduğunu düşünürəm. Bəzi mərkəzlərin Azərbaycanda milli dövlət quruculuğunu bütün vasitələrlə əngəlləmək, xalqın ələbaxımlı və onun-bunun kölgəsində olması imicini yaratmaq cəhdləri var. Nizaməddin Şəmsizadə tanınmış ziyalılardan biridir. O nə üçün birdən-birə 500 il əvvəlki tarixi eşələyir? Özü də kiminlə bağlı? Azərbaycan-türk dilini dövlət dili elan edən və saraya daşıyan böyük hökmdar Şah İsmayıl Xətai barəsində! Bunun adı nədir? Bu, Şah İsmayıl Xətaini aşağılamaqdır. Çox təəssüf ki, ziyalılarımız da bu cür kampaniyalara qoşularaq, qan qarışığı kimi mücərrəd olan ideyalarla insanların beynini zəhərləyir. Bu, siyasi və ideoloji məsələdir. İndiki zamanda da siyasi oriyentasiyanın imperiya altına atılması üçün aparılan oyundur. Hesab edirəm ki, son zamanlar güclənən kampaniyanın tərkibində siyasi çalar mütləqdir və Azərbaycanın gələcəyinin yenidən imperiya içərisində təsəvvür edilməsi düşüncələri aktivdir. Ancaq bu millətin nümayəndəsi olaraq əmin edirəm ki, bu məkrli planlar baş tutmayacaq. Biz müstəqil Azərbaycanın demokratik dövlət quruculuğu yolunda addımlamağa davam edəcəyik”.

Yazıçı Fərman Kərimzadənin qızı, yazıçı-jurnalist Yeganə Kərimzadə isə söyləyib ki, Aləmşah bəyim Nizaməddin Şəmsizadənin söylədiyi kimi, Uzun Həsənin arvadı deyil, qızı olub:

“Aləmşahbəyimin anası Dəspinə xatun Uzun Həsənin arvadı idi. Aləmşah bəyim Şeyx Səfinin nəvəsi Heydərin arvadı, Şah İsmayılın anası idi. Dəspinə xatun isə Hun imperatorunun qızı idi, xristian qanı daşıyırdı. Şah İsmayıla da yəqin bu qandan az da olsa, nə isə düşməli idi. O səbəbdən də İsmayıl daim Vatikanın nəzarətində olub. Bu barədə mənim də “Şah” romanım var və bu mövzuya orda toxunmuşam. “Atası türk olanın qanı elə türk qanıdır” ifadəsini qəbul etmək düzgün deyil”.

Y.Kərimzadə Nizaməddin Şəmsizadəni Səfəvilər dövrünü daha dərin öyrənməyə çağırıb:

“Nizaməddin müəllimə hörmətim var, amma tarixi şəxsiyyətlərə, əsasən də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən Şah İsmayıl obrazına diqqət və qayğı ilə yanaşmağa, Səfəvilər dövrünü daha dərindən öyrənməyə, çağırıram. O dövrə birmənalı yanaşmaq olmaz. Ümumilikdə dövrü, zamanı təhlil edəndə Şah İsmayıl hakimiyyətinin necə böyük marağa sahib olduğunu görərik. Aydın məsələdir ki, günü-gündən güclənən dövləti yıxmağa çalışacaqdılar. Buna görə də məhz Avropanın əli ilə qardaş qırğını törədib Səfəvi hakimiyyətini zəiflətdilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm