Stalinin sonuncu çıxışı: “İndi xalqların müstəqilliyini və hüquqlarını dollara satırlar” - – VİDEO
Bizi izləyin

Tarix

Stalinin sonuncu çıxışı: “İndi xalqların müstəqilliyini və hüquqlarını dollara satırlar” - – VİDEO

İnternetdə SSRİ-nin əzəmətli rəhbəri İosif Stalinin ölümündən əvvəlki sonuncu çıxışının kinoxronikası yayılıb.

Strateq.az bildirir ki, kadrlarda Stalinin 1952-ci ildə keçirilmiş Kommunist Partiyasının XIX qurultayında etdiyi çıxış yer alıb.

Stalin öz çıxışını qurultyada iştirak edən xarici ölkələrin kommunist partiyalarının başçılarına xitabən edir. Öz çıxışında SSRİ-nin dünya sosializm hərəkatında mühüm və avanqard rolunu vurğulayan Stalin bildirir ki, SSRİ Kommunist Partiyası digər qardaş ölkələrin partiyalarının dəstəyini özü üçün vacib sayır.

Daha sonra Stalin dünyada baş verən proseslərə toxunur və ikinci dünya müharibəsində faşist Almaniyasını təkbaşına darmadağın etdiklərini bildirir.

Stalinin çıxışında burjua-kapitalist sisteminin ideoloji dəyərləri barədə dedikləri də çox maraqlıdır.

SSRİ rəhbəri deyir ki, burjuaziya özünün əvvəlki dəyərlərindən tam imtina edib: “Əvvələr burjuaziya özü üçün liberal dəyərləri əsas götürür, burjua-demokratik azadlıqları dəstəkləyirdi. Bununla da xalq arasında özünə populyarlıq əldə edirdi. Hazırda liberalizmdən əsər-əlamət qalmayıb. Daha, necə deyərlər, onlar üçün “şəxsiyyət azadlığı” yoxdur. Şəxsiyyət azadlığı hüququ yalnız o kəslərə tanınır ki, onların kapitalı var. Digər vətəndaşlar isə istismar olunmaq üçün insan ehtiyatı xammalı hesab olunur. “İnsanların bərabərliyi” ideyası tapdalanıb, o, istismarçı azlğın hüquqları ilə əvəzlənib. Burjua demokratik azadlığı bayrağı arxa plana atılıb”.

Stalin vurğulayır ki, burjuaziya xalqla bağlarını tam qırıb: “Əvvələr burjuaziya millətin rəhbəri, başı hesab olunurdu. O, xalqın hüquqları və azadlığı uğrunda mübarizə aparırdı. İndi o prinsipdən əsər-əlamət qalmayıb. İndi burjuaziya xalqın müstəqilliyini və huquqlarını dollara satır. Xalqların milli müstəqillik və suverenlik bayrağı bir kənara tullanıb”.

Stalinin çıxışı dəfələrlə alqışlanır. Kinoxronikaya baxarkən Stalinin nitqinin ahəstəliyi və yavaş intonasiyası diqqəti çəkir. O, çıxış etdiyi müddətdə 4-5 dəfə su içir. Nitqini bitirdikdən sonra yavaş addımlarla Rəyasət Heyətinə doğru qalxır.

Xatırladaq ki, XIX qurultay 5-14 oktyabr 1952-ci ildə Moskvada SSRİ Ali Sovetinin iclas zalında keçirilib. Bu qurultay 13 illik fasilədən sonra keçirilirdi. Həmin vaxt Kommunist partiyasının 6 milyon üzvü, 900 min üzvlüyə namizədi olub. Qurultayda 1359 nəfər nümayəndə iştirak edib.

İosif Stalin bu çıxışdan cəmi beş ay sonra – 1953-cü ilin martın 6-da vəfat etdi. 1956-cı ilin fevralında keçirilmiş Kommunist Partiyasının XX qurultayında isə Stalinin şəxsiyyətə pərəstiş modeli ciddi tənqid edildi və stalinizm SSRİ tarixinin ən qara səhifəsi kimi qeyd olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm