• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Almaniyada Azərbaycan mədəniyyəti gecəsi keçirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Almaniyada Azərbaycan mədəniyyəti gecəsi keçirilib

Almaniyanın Frankfurt-Mayn şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti gecəsi keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov bu mədəniyyət gecəsinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlər çərçivəsində təşkil edildiyini bildirib. Səfir Azərbaycanın Şərqlə Qərbin qovuşuğunda yerləşməsinin onun mədəniyyət və musiqisində təcəssümü, ölkəmizin dünya musiqisinə verdiyi töhfələr və Azərbaycan xalqının musiqi beşiyi olan Qarabağın qonşu Ermənistanın işğalı altında olması barədə məlumat verib. Pərviz Şahbazov Azərbaycanın ümumi inkişafı, Azərbaycan-Almaniya əlaqələri və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər barədə danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ilin əvvəlində Almaniyaya həyata keçirdiyi iki işgüzar səfərindən söhbət açan diplomat bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Azərbaycanla Frankfurt-Mayn şəhəri arasında əlaqələr haqda məlumat verən P.Şahbazov yerli sakinləri qarşıdan gələn birinci Avropa Oyunlarını izləmək üçün Bakıya dəvət edib.

Tədbirin aparıcısı Azərbaycan və Almaniya arasındakı tarixi əlaqələr, Azərbaycanda mövcud olan alman irsi, Heydər Əliyev Fondunun ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanılması, sosial, elm və təhsil sahələrində həyata keçirdiyi layihələr barədə məlumat verib.

Daha sonra caz musiqi ustaları Elçin Şirinov, Deyv Hamblet və Andrea di Biasenin ifasında möhtəşəm konsert proqramı təqdim edilib.

Tədbir çərçivəsində, həmçinin “Azərbaycanda alman izləri” adlı fotosərgi nümayiş etdirilib.

Azərbaycan mədəniyyəti gecəsində 500-dən artıq qonaq iştirak edib. Tədbir iştirakçıları arasında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Hessen federal torpağının hökumət və parlament üzvləri, Frankfurt-Mayn şəhər bələdiyyəsinin, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkənin ictimai-siyasi, mədəni, elmi dairələri və mətbuat təmsilçiləri olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR